Ermənistanı xaos gözləyir

Paşinyan seçkilərdə ciddi müqavimətlə üzləşəcək



Dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bir müddətdir ki, ölkəni qarış-qarış gəzərək seçki təbliğatı aparmaqla məşğuldur. Paşinyan getdiyi hər yerdə növbəti dəfə içi boş vədlər verməklə yanaşı, həm də Sarkisyan hökumətini, yəni keçmiş hakim qüvvəni pisləyir, eyni zamanda kəskin dillə təhdid edir. Məlumdur ki, Paşinyan ötən gün Respublikaçılar Partiyasının nümayəndələrini "üzərlərinə beton tökməklə” hədələmişdi. Məsələ ondadır ki, Ermənistandakı gərgin seçki təbliğatı və faktiki olaraq ölkənin idarə olunmaması insanların etirazları, tətillər və hərbi sahədə özbaşınalıqlarla müşahidə olunmaqdadır. Ümumiyyətlə, son aylar Paşinyana dəstək verənlərin sayında ciddi azalma var. 

Artıq baş nazirin mitinqlərinə əvvəlki qədər insan toplaşmır. Ekspertlərə görə, bunun səbəbi Paşinyanın verdiyi vədlərin heç birinə əməl etməməsidir. O baxımdan hesab edilir ki, seçkiyə qədər mübarizə və qarşıdurma bir qədər də gərgin xarakter alacaq. Nəticədə baş nazirin küçə dəstəyi seçkilərə təsir edəcək səviyyədə azalacaq.

Düşmən ölkədəki durumu "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Paşinyan və onun əleyhdarları arasında əsəblər tarıma çəkilir: 

"Paşinyan meydanlarda, xalqın içərisində özünə dəstək kampaniyası aparır. Keçmiş prezidentlər Sarkisyan və Koçaryan bütün imkanlardan yararlanmağa çalışırlar ki, Paşinyan seçkilərdə kifayət qədər səs qazana bilməsin. Rusiya Ermənistanda baş verən siyasi proseslərdən çox narazıdır və narazılığını da gizlətmir. Ermənistandakı ruspərəst qüvvələr Paşinyanı sıxışdırmaqda davam edirlər. Məhz bu səbəbdən separatçı rejimin rəhbəri "Bako Saakyan kartı" işə salınıb. Saakyan Fransa, ABŞ və Rusiyaya səfərlər edərək, həmin ölkələrin erməni diasporalarından keçmiş hakimiyyəti qaytarmaq üçün dəstək istəyib. Separatçı rejimin təmsilçisi Bako Saakyanın Fransa, ABŞ və Rusiyaya səfərləri mahiyyət etibari ilə sırf Ermənistanla separatçı rejim arasındakı münasibətlərlə bağlı olsa da, hüquqi tərəfdən beynəlxalq normaların ciddi şəkildə pozulmasıdır. Bu səbədən Azərbaycan tərəfi haqlı olaraq bu ölkələrin xaici siyasət idarələrinə ciddi nota verib. Saakyan Azərbaycan sakini olsa da, saxta pasportla xarici səfərlər gerçəkləşdirir. Çox təəssüf ki, hüquqi dövlət sayılan 3 ölkənin xarici işlər nazirlikləri separatçı rejimin rəhbərinə saxta viza verirlər”.

Analitik bildirib ki, Saakyanın Fransa və ABŞ-a səfərləri zamanı əsasən erməni diaspora və kilsə nümayəndələri ilə görüşü baş tutub: 

"Bundan başqa bu ölkələrin ermənipərəst lobbiçiləri və qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşlər gerçəkləşdirib. Görüşlərin əsas mahiyyəti Paşinyan hakimiyyətinin xaricdə fəaliyyət göstərən erməni lobbisi və Qərb dairələri ilə münasibətlərini zəiflətməkdir. Paşinyanın hakimiyyətə gəlişinin ilk dalğasında çətinliklə də olsa, öz postunu qoruyub saxlamağı bacaran Saakyan növbəti seçkilərə qədər "hakimiyyət"də qalmaq uğrunda mübarizə aparır. 

Dekabr ayında gerçəkləşəcək parlament seçkilərində Paşinyanın üstünlük qazanacağı təqdirdə Saakyanın da "hakimiyyət"ini itirməsi təhlükəsi artır. Ona görə də Saakyan Paşinyana müxalif qüvvələrin sifarişini yerinə yetirir. Turnenin son dayanacağının Moskva olması da səfərin məntiqi sonluğudur. Rusiya səfərin nəticələrinin son nöqtəsini qoyacaq və seçkilərə müdaxilənin hansı masştabda olacağını müəyyən edəcək”.

İsmayıl