Ermənistanın canı Kremlin əlindədir

Rusiya bu ölkəyə qazın qiymətini artırsa Paşinyan əleyhinə daxili etirazlar başlayacaq



"Rusiya və Ermənistan arasında gərginlik davam edir. Rusiya rəsmilərinin Paşinyana qarşı sərt ritorikaları da buna əsaslanır”. Bunu "Şərq”ə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistanın hazırkı rəhbərliyi Kremlin təzyiqlərinə rəğmən Rusiya yönümlü siyasət aparmayacaq. Bu da kifayət qədər Rusiyanın bu ölkəyə qarşı təzyiqlərinin artmasına gətirəcək: "Yeni ildən başlayaraq "Qazprom”un Ermənistana sərhəddən satdığı qazın qiyməti 150 dollardan 250 dollara qədər artacaq. 

Bu, Paşinyan iqtidarına qarşı Rusiyanın təzyiqlərinin başlanması deməkdir. Rusiya Ermənistana ona görə daxili bazar qiymətinə qaz satırdı ki, bu ölkə Rusiyanın forpostu olaraq Kremlin siyasi orbitində idi. İndi isə Paşinyan bu orbitdən çıxmağa can atır. Əgər Paşinyan anti-Rusiya siyasəti aparacaqsa, təbii ki, Rusiya Ermənistana əvvəlki qiymətə qaz satmayacaq”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın qazın qiymətini qaldırması, Ermənistanda Paşinyan əleyhinə daxili etirazlara gətirib çıxaracaq:

 "Qazın qiymətinin qalxması yerli istehlakçıların daha da çox vəsait ödəməsini şərtləndirəcək. 

Yoxsul erməni əhalisinin bu qiymətlərlə mavi yanacağa ödəniş etməsi mümkün görünmür. Bu da Paşinyanın sosial siyasətinin fiaskosu kimi qiymətləndiriləcək. Rusiyanın Paşinyana ən güclü təzyiqi göründüyü kimi, ölkədə kütləvi narazılıqlara səbəb ola biləcək qaz şantajıdır. Paşinyan dekabrın 27-də Rusiyaya səfərində Putindən qazın qiymətinin aşağı salınmasını xahiş edəcək. Putin bir neçə ay müddətində Paşinyana vaxt verəcək. Əgər fərqli siyasət görməzsə, qazın qiymətinin qalxması labüd olacaq. Putin Paşinyanı forpost valisi kimi qəbul edir. Onu təbrik etməməsi də bunun sübutudur”.

İsmayıl