Ermənistanın rahatlığı pozulub
Azərbaycan-Türkiyə-Rusiya formatının gündəmə gətirilməsi ciddi məsələdir
"Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər”. Bunu Rusiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi belə bir formatın yaradılması mexanizminə müsbət baxır və dəstəkləyir. Ərdoğan Putinlə yenidən təkbətək görüşəcəklərini, regional və beynəlxalq məsələləri bir daha nəzərdən keçirəcəklərini vurğulayıb. Türkiyə rəhbəri Rusiya ilə müdafiə sənayesi sahəsində işbirliyini artıracaqlarını diqqətə çatdırıb: "Regional məsələlərin müzakirəsi üçün Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının təşkili mexanizmlərinin yaradılmasına da müsbət baxırıq. Bununla yanaşı, "Akkuyu” yatağı kimi böyük layihənin icrasını sürətləndirmək üçün aldığımız qərar mühüm əhəmiyyət daşıyır. İnşallah, bu addımlar sayəsində Ankara-Moskva xəttini yenidən təhlükəsiz və dostluq xətti vəziyyətinə gətirəcəyik”.
"Yeni format Qarabağın həlli üçün effektli ola bilər”
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatının qurulmasının əhəmiyyətindən danışıb. İ.Kalın vurğulayıb ki, üçlü əməkdaşlıq formatı əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addımdır: "Bu, həyata keçərsə, Azərbaycan və Türkiyə bölgədə bütün əlaqələrin daha rahatlıqla həyata keçməsinə təsir edə biləcək. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra yaxın zamanda inkişafın olacağına ümid edirik, bölgədə görüləcək çox işlər var. Dağlıq Qarabağ münaqişəsinin həllindən, Türkiyə ilə əlaqələrin normallaşmasından ən çox Ermənistan yararlanacaq. Bu format həmin prosesə əhəmiyyətli töhfə verəcək”.
"Dağlıq Qarabağ münaqişəsinin həllində üzərimizə düşəni edəcəyik”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması onun Bakıya son səfəri zamanı gündəmə gəlib. XİN rəhbəri bu mövzunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı müzakirə olunduğunu və çox müsbət qarşılandığını bildirib. Çavuşoğlu əlavə edib ki, hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi var: "Biz bu məsələnin həlli üçün əvvəllər də səy göstərdik. Rusiya cəhdlər edir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun da səyləri davam edir. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu, bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də dəyərləndirmə imkanımız olacaq”.
Ekspertlərə görə, Azərbaycan qardaş Türkiyə ilə yanaşı, qonşu Rusiya ilə də yaxşı münasibətlərə sahibdir. Bu münasibətlər üç ölkə arasında əlaqələrin inkişafına və Rusiya-Azərbaycan-Türkiyə üçlüyünün yaradılmasına münbit zəmin yaradır.
"Rusiyanın Azərbaycan və Ermənistan ilə əlaqələri daha sıxdır”
Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov da bildirib ki, dünya ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik bacarığının daha bir parlaq nümunəsinə şahid oldu: "Azərbaycan, Rusiya və Türkiyə arasında əməkdaşlığın müxtəlif müstəvilərdə, o cümlədən Avrasiya İttifaqı, yaxud digər bu kimi təşkilatlar çərçivəsində gücləndirilməsi perspektivləri genişdir. Türkiyədə orta və kiçik biznes yaxşı inkişaf edib. Türk şirkətlərinin ümumi Avrasiya bazarına qoşulması müsbət nəticələr verə bilər”. Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan politoloq deyib ki, bu münaqişənin nizamlanmasında Rusiya aparıcı rol oynayır: "Bu, bir çox səbəblərlə bağlıdır. Əvvəla, Minsk Qrupunun digər üzvləri ABŞ və Fransadan fərqli olaraq, Rusiyanın Azərbaycan və Ermənistan ilə əlaqələri daha sıxdır. İkincisi, Rusiya Qafqaz regionunda sülhün bərqərar olunmasında, region ölkələri arasında iqtisadi əməkdaşlığın inkişaf etməsində çox maraqlıdır”.
"Azərbaycan Moskva və Ankara arasında əlaqə mərkəzinə çevrilir”
Rusiya Siyasi Araşdırmalar İnstitutunun MDB ölkələri üzrə departamentinin rəhbəri Aleksey Bıçkov da deyib ki, Azərbaycan regionda ciddi siyasi oyunçuya, Moskva və Ankara arasında əlaqə mərkəzinə çevrilir. Ərdoğanın "Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq” fikrini şərh edən politoloq bildirib ki, Bakının əlaqələndirmə mərkəzinə, Ankara-Moskva arasında bir körpüyə çevriləcəyinə şübhə yoxdur: "Bu yalnız Moskva-Bakı-Ankara üçbucağı deyil. Biz aydın şəkildə görürük ki, Azərbaycan artıq iki ölkə arasında əlaqələndirmə mərkəzinə çevrilir”. Bıçkov yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tarixi qərarın qəbul edilə bilməsini də istisna etməyib: "Bu, münaqişəni qəti şəkildə həll etməyəcək, lakin sərhədlərin açılmasına, mal mübadiləsinə, insanların hərəkətinə imkan verən tarixi bir qərar ola bilər”.
"Türkiyə-Rusiya-Azərbaycan formatı Ermənistanı və Qərbi narahat edir”
Rusiya ilə Türkiyə prezidentlərinin görüşünü şərh edən politoloq Zaur Məmmədov deyib ki, hər iki dövlətin liderləri biri-birlərinə çox lazım olduqlarının fərqindədirlər. Politoloq bildirib ki, Rusiya və Türkiyə bir-birini siyasi, iqtisadi böhrandan çıxara bilərlər: "İki qonşu ölkə arasında sərhədlərin bağlanması iqtisadi baxımdan Azərbaycana müəyyən xeyir gətirdi. Məsələn, kənd təsərrüfatı malları total şəkildə Rusiya bazarlarına ixrac olundu. Lakin siyasi mənada iki regional lider ölkə arasında olan soyuq münasibətlər rəsmi Bakıya qətiyyən sərf etmirdi. Rusiya və Türkiyə arasında münasibətlərin düzəlməsi Azərbaycanın siyasi dividendlər əldə etməsinə və mövqelərinin güclənməsinə gətirib çıxaracaq. Bu anlamda Azərbaycan-Türkiyə-Rusiya formatının gündəmə gətirilməsi də çox ciddi məsələdir. Şübhəsiz ki, düşmən Ermənistan və Qərb dövlətləri bundan narahat olacaqlar”.
İsmayıl