"Ermənistanın sosial vəziyyəti həddən artıq ağırdır" - DEPUTAT



"Ermənistanın indiki iqtidarının xarici siyasətdə qazandığı heç bir uğur yoxdur”.

Bunu Sherg.az-a Ermənistan silahlı qüvvələrinin son günlərdə həyata keçirdiyi hücum əməliyyatlarına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. 

O bildirib ki, düşmənin sosial vəziyyəti həddən artıq ağırdır və qonşu dövlətlərlə müharibə şəraitində olması ölkəyə xarici investisiya gəlişini mümkünsüz edir:

"Eyni zamanda sadə Ermənistan vətəndaşı öz övladlarını Serj Sarkisyanın uğursuz siyasətinə qurban vermək məcburiyyətində qalır. İndiki iqtidar yeganə uğuru kimi işğal altında olan torpaqları nəzarəti altında saxlamasını və guya Ermənistan-Azərbaycan cəbhə xəttində üstünlük əldə etməsi təəssüratını yaratmağa çalışır. Onun bütün təbliğat maşını Dağlıq Qarabağ məsələsini, cəbhə xəttindəki Ermənistan silahlı qüvvələrinin uğuru adı ilə ictimaiyyətə çatdırmağa çalışır. Vaxtaşırı cəbhə xəttində edilən provokasiyaların da səbəbi budur.

Azərbaycanın uğurlu dövlətçilik modelinin yaranması, iqtisadiyyatımızın inkişafı o cümlədən müasir silahlarla silahlanmış, döyüşə hazır qüvvələrlə formalaşmasına səbəb olub. Bu gün Ermənistan və Azərbaycan silahlı qüvvələri arasındakı müqayisə yerlə göy arasındadır. Ermənistanın istənilən təxribatına Azərbaycan cavab verməyə hazırdır. 

Pilotsuz Uçuş Aparatının vurulması və erməni diversiya qrupunun üzvünün saxlanması da bu qəbildə olan məsələlərdəndir. Hesab edirəm ki, Ermənistan cəbhə xəttindəki provokasiyalardan özü-özünü saldığı bataqlıqda çabalamaqda davam edir. O torpaqlarımızı işğal etsə də istifadə edə bilmir. Hüquqi statusu indiyə qədər həll edilməyib. Beynəlxalq təşkilatların heç birində Ermənistanın işğalçı siyasətinə dəstək yoxdur. 

Bu baxımdan indiki iqtidar daha çox səhvlər buraxmağa başlayıb. Hesab edirəm ki, cəbhə xəttində etdiyi provokasiyaları ilk növbədə Ermənistanın özünə ziyan vurur. Döyüş sursatlarına və əsgəri kontingentin saxlanmasına böyük xərclər çəkilir. Ölkədə iqtisadiyyat inkişaf etmir, əhali ölkəni tərk edir. Ən əsası isə Azərbaycan qətiyyətlə öz torpaqlarının işğaldan azad olunmasını tələb edir”.

Aysel Aslan