Atəşkəs yoxdur, müharibə gedir
Erməni silahlı bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat cəhdinin qarşısı alınıb. Müdafiə Nazirliyinin saytının verdiyi xəbərə görə, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb:
"Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır. Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib”.
Nazirliyin məlumatında bildirilir ki, düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.
Qeyd edək ki, Novruz bayramından öncə ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik tərəflərə bayram ərəfəsində atəşkəsi pozmamaqla bağlı müraciət etmişdi. Amma Ermənistan tərəfi hər zaman olduğu kimi, çağırışa məhəl qoymadan bayram günlərində atəşkəsi pozaraq cəbhədə gərginlik yaratdı. Azərbaycan Ordusunun düşmənin hücumunu dəf edərkən, şəhid verməsi də, Kasprşikin çağırışına işğalçı dövlətin məhəl qoymadığını göstərir.
Hamıya bəllidir ki, rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı bəyanatlarını qulaqardına vurur. Yerli ekspertlərin sözlərinə görə, problemin həll olunmaması, atəşkəsin pozulması Ermənistanın qeyri-konstruktiv mövqeyi, işğalçı dövlətin sanksiyalara məruz qalmaması və beynəlxalq hüquq normalarına meydan oxuması ilə bağlıdır. Politoloqların fikrincə, 20 ildir səsləndirilən bəyanatlar, edilən çağırışlara Yerevan heç vaxt əməl etməyib. Analitiklər bildirirlər ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar, həqiqətən də, müharibənin yenidən alovlanmasını istəmirlərsə, işğalçı dövlətə təzyiq etməlidirlər.
Xocalıdan olan deputat Elman Məmmədov "Şərq”ə deyib ki, ermənilər heç nədən, nə ATƏT-in Minsk Qrupunun bəyanatlarından, nə də başqalarının sözündən çəkinmədən, özlərinin məkirli niyyətlərini həyata keçirmək üçün, Azərbaycana hərbə-zorba gəlmək üçün, torpaqlarımızı işğal altında saxlamaqda davam etmək üçün hər gün yüz dəfədən artıq atəşkəsi pozur: "Bu o deməkdir ki, atəşkəs yoxdur, müharibə gedir. Bu müharibə də Azərbaycan ərazisində gedir. Ermənilər də öz təxribatlarını dayandırmayacaq, əksinə, gündən-günə daha da şiddətləndirir. Əslində bu gün iqtisadiyyatı darmadağın olmuş, dilənçi vəziyyətində olan Ermənistan bu təxribatları törətmək gücündə deyil. Bunun hamısı maliyyə vəsaiti tələb edir. Axı bu maliyyə vəsaiti onlarda yoxdur. Demək, bu silahı onlara verənlər var, bunları maliyyələşdirən var. Beynəlxalq birlik də ancaq onları qoruyur. Kasprşik indi zəhmət çəkib, Yerevana çağırışına məhəl qoyulmamasına görə etiraz etsin. Edəcəkmi?! İnanmıram”. "Atəşkəsi pozduqlarına görə Ermənistana indiyədək bir dəfə hər hansı sanksiya tətbiq olunmaması qarşı tərəfi şirnikləndirir. Hətta ATƏT-in monitorinq qrupu cəbhə bölgəsində monitorinq keçirəndə də ermənilər atəşkəsi pozmaqdan çəkinmirlər. Azərbaycan ordusu isə hər dəfə atəşkəs pozulanda düşmənə layiqli cavab verməyə qadirdir” - deyən deputat vurğulayıb ki, Azərbaycanın ümidi yalnız özünə qalıb: "Azərbaycan bu hüququ özündə saxlayır ki, öz ərazisini düşməndən təmizləsin. Azərbaycan öz ərazisindən erməniləri silib atmağa hazırdır və gündən-günə Azərbaycan öz hazırlığını daha da gücləndirir”.
Anar Bayramoğlu