"Ət 15-20 manat olacaq" - "Şərq"in əməkdaşı mal-heyvan bazarını gəzdi - REPORTAJ

Yay mövsümü olmasına baxmayaraq son aylar ətin qiymətində qeydə alınan bahalaşma və onun əsl səbəblərini öyrənmək məqsədilə Qazax rayonun mal-heyvan bazarına yollandıq. Biz ora çatanda dan yeri yenicə sökülürdü. Bazara təzəcə ayaq basmışdıq ki, bir alıcı ilə satıcı arasında artıq müzakirə müstəvisindən çıxaraq mübahisəyə çevrilən söz duelinə qulaq müsafiri olub aşağıdakı dialoqun şahidinə çevrildik:
-A bala, baha deyil, get bazarı gəz, qiymətlərlə tanış ol, sonra gələrsən !
- Gəzəcəm, ağsaqqal
- Əgər bu qiymətə belə südəmər quzu tapsan, gəl, bunu sənə pulsuz verəcəm.
- Quzuna pis demirəm, amma çox bahadır.
- Heç otun, yemin qiymətindən xəbərin varmı? Əvvəllər ot "pres"inin birini 2- 2, 5 manata alırdıq. İndi 5 manata "pres" tapmaq olmur. Yem, arpa, buğda da onun kimi. Əvəllər quzunun birini bazara gətirmək üçün "Gazell"ə 50 qəpik verirdiksə, indi 1.50 manat istəyir ki, benzin bahadır. Ərzaqın qiyməti hər gün qalxır ona heç bir söz demirsiniz, amma ətin qiyməti qalxan kimi hamı "bahadır” deyir.
Əlbəttə, bazar iqtisadiyyatının tələbinə, prinsipinə müvafiq olaraq satan baha alan isə ucuz almaq istəyir. Amma elə ilk dialoqdan da aydınca müşahidə etmək mümkündür ki, hazırda mal-heyvan bazarında istər diri, istərsə də, kəsilmiş ətin qiyməti günbəgün artmaqdadır. Bunu isə satıcılar heyvanın yetişdirilməsi üçün lazım olan qida məhsullarının qiymətinin bahalaşması ilə izah edirlər.
Elə ilk dialoqdan sonra biz də bir alıcı qismində qabağında 50-100 arası qoyun - quzu olan Məsimoğlu Yasın adlı fermerə yaxınlaşıb, qiymətlərlə maraqlanırıq:
- Bizə 12 kiloloq quzu lazımdır.
- Var elə quzularımız, neçə heyvan istəyirsiniz?
- 2 quz lazımdır, amma əmlik (hələ də anasından süd əmən quzu) olsun.
- Gəl, 250 manata 2 əmlik verim.
- Hərəsinin 10-11 kiloqram təmiz əti olacaq. Könlün çəkmirsə, kəsim 12, 5 manatdan pulunu ödəyərsən.
- Çox bahadır.
- Nəyi bahadır? Lobyanın kiloqramı 2 manatdır. Mən də sənə 12 manatdan əmlik quzu verirəm. Sən bunun əziyyətini bircə gün çəksən... Üstəgəl, bunun otu, yemi, arpası, buğdası var. Heyvan özbaşına yetişmir. Biz də ota-çöpə o qədər pul xərcləyirik ki... Onların da qiyməti "ceyran belində".
Əlqərəz, bahalığı bəhanə edərək buradan ayrılıb növəti orta yaşlı Qurban adlı bir satıcıya yaxınlaşırıq. 10- 11 kiloqramlıq quzunu 250 manatdan aşağı almağın mümkünsüz olduğunu söyləyən satıcı bundan sonra ətin daha da bahalaşacağını vurğuladı:
İndi hər şey qalxır. Hələ yay fəslidir, çöldə -düzdə ot - çöp var. Üzü qışa vəziyyət
daha çətin olacaq. Ot , yem qıt olacaq və onda ətin qiyməti daha da bahalaşacaq. Çünki fermer məcburdur ki, ot, yem baha da olsa, alıb mal-heyvana versin. Fermer də hesablayacaq ki, ot , yem buna çox baha başa gəlib, o da öz növbəsində satdığı heyvanın və ətin qiymətini qaldıracaq.
- Ot, yem niyə bahalaşır ki ?
- Oğul, səbəbi çoxdur. Ot biçən, ot daşıyan, yer suvaran, arpa- buğda əkib becərənlər və s hamı deyir ki, hər şey bahalaşıb. Hamı da bahalaşmanı əsas gətirərək haqlı olaraq qiyməti qaldırır. Biz də onlardan otu, yemi baha alırıq deyə məcburuq ki, əti və ya yetişdirdiyimiz heyvanı özümüzə sərf edən qiymətə sataq. Bala, bax, səbəb budur.
Budan sonra pulumuzun yetməyəcəyini deyib əlində 10-15 çəpiş (keçi balası) tutan Asif adlı gənc oğlana yaxınlaşıb qiymətləri soruşuruq
- 10-12 kiloluq bir çəpiş lazımdır. Neçəyə verərsiniz?
- 10 kiloluğu 90 manatdan aşağı verməyəcəm...
- Niyə belə bahadır, həmişə bu çəkidə olan çəpişi 50-60 manata alırdıq axı. Çox baha deyirsən?
- Baha demirəm hər yerdə elədir. Elə danışırsınız elə bil Azərbaycanda yaşamırsınız. Hər yerdə bahalaşma gedir. 50 qəpiyə alıb çəkdiyimi zəhər (gözü ilə barmaqlarının arasına aldığı yarıçəkilmiş siqareti göstərir) indi 2 manat olub. Cammat zəhəri belə bahalaşdırıb, biz bal kimi əti niyə ucuz satmalıyıq ki ?! Həm də baxıram cavan oğlanlarsınız, Bakı adamına oxşayırsınız. Bunun əti minbir dərdə dəvadır. Aparın kəsin yeyin, mənə dua oxuyacaqsınız.(Bəzi satcılar belə dilxoşluq edib, alıcılarla yaxın təmas qurur, bir az qılıxlayıb, malını satır. Bu da satıcılar, alverçilər üçün ən yaxşı aldatma metodu sayılır) 90 manat bu çəpişlərə verilən ilk qiymətdir, gəl neçəsini desən bu qiymətdən verim.
 Biz də real alıcılar kimi razılaşmayıb, növbəti satıcı axtarırıq. Nəhayət gözümüz qabağında cəmi 2 quzu, 3 çəpiş olan qalstuklu bir şəxsə sataşır. Onun geyimi, duruşu alverçi və fermer olmadığını aydın şəkildə bəlli edir. Onun müəllim olduğunu kənardan müəyyənləşdirmək elə də çətin deyildi. Adı Nəriman olan bu müəllimə yaxınlaşırıq:
- Bizə bir əmlik quzu, bir də çəpiş lazımdır, qiyməti uyğun olsa, götürərik.
- Verim də.
- Neçədən verəcəksiniz ?
- Məsələn, o gördüyünüz qara quzunun ən azı 10 kiloqram əti var, artığı da nə olsa, halalınız olsun.
- 130 manat verin, aparın !
- Baha dediniz, əvvəllər belə quzuya uzağı 80-90manat verirdik.
- O əvvəl idi (gülür)
Özümüzü hər şeydən bixəbər kimi aparıb, soruşduq:
- İndi nə dəyişib ki ?
- Manat "ölüb", daha nə olsun ki ? Manat ucuz, dollar da baha. Bütün daxili və xarici alqı-satqı da dollarla aparılır. Dollar da az qala iki dəfədən çox bahalaşıb, dolanmaq olmur. Müəllimim adamam. Bizim də əmək haqlarımızı bilirsiniz. Yalandan qalstuk vururuq , ciblər də boşdur. Beyin dolu, cib də boş. Cəfəngiyyatdır. Məcbur qalıb her-heyvan saxlayıb, bir təhər ailəni dolandırırıq. İnanın ki, bu heyvanları ovcumun içində saxlamışam. Mən alverçi zad deyiləm. Gedib maraqlana bilərsiniz. Ot, yem o qədər bahalaşıb ki, adam bəzən utanır heyvanlara qiymət deyəndə, amma neynəmək olar ?! Biz də ailəmizə 5- 3manat çörək pulu aparmalıyıq. Benzin bahalaşandan sonra kim, nəyi hansı qiymətə istəyir ona da satır. Düzdü, bundan sui - istifadə edənlər də az deyil, amma fakt odur ki, benzinin bahalaşması bütün ölkə ictimaiyyətinə mənfi təsirlərini göstərdi.
Qoyun- quzu bazarından çıxıb, onun yanında yerləşən və sərhədləri yalnız bir neçə məftil teli ilə ayrılan mal bazarına giririk. Əlində çəkisi 100 kiloqramdan dən çox olan dana tutan orta yaşlı Kənan adlı bir şəxsə yaxınlaşırıq:
- Qardaş, bu heyvanın nə qədər əti olar ?
- Azı 100 kiloqram.
- Bəs qiyməti neçədi?
- Ölən yeri 1250 manat alacam. Yəni mənim malıma verilən ilk qiymətdir. Səhər-səhər bu qiyməti verdilər, vermədim. İstəyirsən həmin qiyməti ver, götür. Ya da aparaq kəsək 12, 50 dən pulunu ver.
- Baha deyirsən.
- Baha deyirəm gedin ucuzunu tapıb alın. (Əsəbləşir) Hər kəs bazarı bilir. Gedin gəzin hələ sizə ətin kiloqramını 13 manatdan deyəcəklər.
- Niyə beə bahadır ki, mal-heyvan ?
- Səbəbləri o qədərdir ki, saymaqla qurtarmır
- Məsələn, birinci səbəb manatın ucuzlaşması, dolların isə bahalaşmasıdır. Əvvəllər ot, yem, arpa və buğdanı ucuz alırdıq. Dollar bahalaşandan sonra onların da qiyməti qalxdı. Bu da, təbii ki, digər qida məhsullarında olduğu kimi ətin də qiymətinə mənfi təsir göstərdi. Üstəgəl, benzinin qiymətinin bahalaşması da buna təsir etdi. Hər şey bahadır, ət niyə ucuz olsun ki ? Mal-heyvan saxlamğın əziyyəti o qədər çoxdur ki, saymaqla qurtarmaz. Vəziyyət belə davam etsə, qış aylarında ətin qiyməti 15-20 manat arası olacaq.
Bundan sonra bir neçə satıcı ilə söhbətləşdik və onlar da elə eyni "havanı çaldılar".
... Və biz bazarı tərk etdik...
Hazırladı: Ayyət ƏHMƏD