“İcra başçılarının işdən azad edilməsi davamlı olacaq”
Bir müddət əvvəl sosial şəbəkələrdə "kiçik padşah”, "kral həzrətləri” kimi titullara "layiq” görülən Tahir Kərimov da artıq sabiqlər cərgəsinə qoşulub. Belə ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub.
Bu vəzifəyə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin olunub. Məlumat üçün bildirək ki, bundan bir gün əvvəl isə Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.
Mövcud kadr dəyişikliyinin əsas səbəbini jurnalistlərə şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz, bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək. Z.Nağdəliyev qeyd edib ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər. Şöbə müdirinin fikrincə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, icra başçılarının vəzifədən kənarlaşdırılması prosesi davamlı olacaq:
"Bu islahat iki başçının çıxarılması ilə məhdudlaşmayacaq. Çünki icra başçıları arasında savad səviyyəsi aşağı olan, insanlarla kobud rəftar edən, özlərini "kiçik padşah” hesab edənlərin sayı kifayət qədərdir. Hesab edirəm ki, icra başçılarını təyin etməzdən əvvəl onların bilik səviyyəsini yoxlamaq lazımdır. Dövlət qulluğuna kadrları imtahanla qəbul edən kimi, başçıların da dövlətçiliyə nə qədər bağlı olub-olmadığı yoxlanılmalıdır. İnandırım sizi icra başçıları arasında Azərbaycan Respublikasının Dövlət Himnini, atributlarını bilməyən insanlar var. Xatırlayırsınızsa, bu yaxınlarda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının 42 yaşında "Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirməsi ilə bağlı xəbərlər yayılmışdı. Bu isə artıq oxumaq yox, sadəcə diplom almaqdır. Belə halları ölkəmiz üçün kifayət qədər utancverici bir hadisə hesab edirəm. Bu cür insanların böyük bir rayona başçılıq eləməsi məqsədəuyğun deyil. Əsas məsələlərdən biri də icra başçılarının işində rüşvət və korrupsiya əməllərinin olmasıdır. Azərbaycanın ziyalı potensialı kifayət qədərdir, sadəcə olaraq onları seçib müvafiq qurumlarda yerləşdirmək lazımdır”.
- Dövlətin imicini korlayan, sakinlərin haqlı tələblərinə məhəl qoymayan, korrupsiyaya bulaşan icra başçıları vəzifədən azad olunandan sonra niyə həbs olunmur?
- Fəaliyyətində nöqsan aşkarlanan icra başçılarının işi isə artıq məhkəmə orqanlarının səlahiyyətindədir. Vəzifəsindən azad olunan icra başçılarının fəaliyyəti yoxlanılmalı və bütün nöqsanlar araşdırılmalıdır. Əgər ortaya cinayət tərkibli bir fakt çıxarsa, onlar barəsində həbs-qətiimkan tədbirləri görülə bilər. Ancaq xalqın, ölkə başçısının etimadını doğrultmadığı üçün kiminsə həbs olunması real deyil.
- İcra başçılarının təyinatı zamanı daha çox hansı keyfiyyətlərə üstünlük verilməlidir?
- İcra başçılarının təyinatı zamanı insani keyfiyyətləri yüksək olan və dövlətçilik maraqlarını hər şeydən üstün tutan kadrlara yer verilməlidir. İcra hakimiyyətlərinin başına təmiz, dürüst və vətənpərvər şəxsləri gətirmək lazımdır. Burada vətənpərvərlik vacib elementdir. Azərbaycan millətinə, dövlətinə bağlı insanlar rayon camaatını idarə etmək üçün yerlərə göndərilməlidir. Eyni zamanda, idarəçiliklə bağlı müəyyən qədər savadı və təcrübəsi olmalıdır. Ümumiyyətlə, məmurlar bu vəzifələrə xalqa, dövlətə xidmət etmək üçün təyin edilir. Bütün demokratik ölkələrdə belə qayda var ki, dövlət məmuru, yüksək vəzifə daşıyan şəxs təvazökar olmalı, sadəliyi ilə, işgüzarlığı ilə seçilməlidir.
- İcra başçılarına qarşı etibarın itməsinə səbəb onların vəzifədə uzun müddət qalması ola bilər?
- İcra başçısı kimi yüksək məsuliyyət tələb olunan vəzifələrdə kadrların uzun müddət qalması müxtəlif problemlərin çıxmasına səbəb ola bilər. Bu səbəbdən Prezidentin vaxtaşırı kadr islahatlarını həyata keçirməsi olduqca təqdirəlayiq haldır. Kadrların öz postlarında uzun müddət saxlanılması yaxşı hal deyil. Atalar məsəlində deyildiyi kimi, "hətta su da bir yerdə çox qalanda iylənir”. Başçıların vəzifələrində uzun zaman qalması inhisarların güclənməsinə və həmin bölgədə insan haqlarının pozulmasına gətirib çıxarır. Kim olursa-olsun, bir insan yüksək vəzifədə çox qaldıqda, həmin adamda özündən razılıq hissi yaranır. Elə zənn edir ki, etdikləri hər şey düzdür. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda kifayət qədər bacarıqlı və vicdanlı hazır kadrlar var. Bu, nəinki icra başçılarına, eyni zamanda nazirlərə və digər yüksək vəzifəlilərə də aiddir. Kadrların mütəmadi dəyişdirilməsi həm cəmiyyətdə onlar əleyhinə gedən söz-söhbətlərə son qoyur, həm də dövlətçiliyin inkişafına təkan verir. Bu zaman heç kim özünü mütləq hakim hesab etmir və anlayır ki, Prezidentin sərəncamına əsasən həmin postda oturub. Yəni ölkə rəhbəri istədiyi vaxt onu tutduğu vəzifədən uzaqlaşdıra bilər.
Şəymən