Etiraz: "Gərək, Nalbandyanla görüşdən imtina edəydilər "

Tofiq Abbasov: "Azərbaycan artıq siyasi formatın dəyişdirilməsi məsələsini gündəmə gətirməlidir"
"Azərbaycan gərək düşmən ölkənin xarici işlər naziri ilə görüşdən imtina edəydi”.
Bunu Sherg.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında bu gün Belçikada baş tutacaq görüşə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 
O bildirib ki, Ermənistanın son cinayətlərindən sonra belə bir görüşə lüzum yoxdur:
"Digər tərəfdən belə gərgin vəziyyətdə nəyi müzakirə edib, qərara gəlmək olar ? Hesab edirəm ki, Azərbaycan artıq siyasi formatın dəyişdirilməsi məsələsini gündəmə gətirməlidir.
Ermənistan dinc əhalini gülləbaran etməklə, kəndlərimizi, yaşayış məntəqələrini atəşə tutmaqla çalışır ki, sülh prosesini gözdən salsın. Bununla isə o, Qarabağ problemi bölgəsində sabitlik olmayacağını göstərməyə çalışır. Düşmən bir qayda olaraq bütün bu biabırçılığın məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq istəyir. Ona görə, Azərbaycan haqlı tərəf kimi mövqeyini artıq yeni formalarla dünyaya bəyan etməlidir.
Hesab edirəm ki, Elmar Məmmədyarov bu görüşdə iştirak edərsə, gərək Azərbaycanın mövqeyini ilk növbədə həmsədrlərə çatdırsın. Çünki Ermənistan öz davranışlarında dəyişiklik etməyəcəksə, heç bir nəticə olmayacaq. Erməni tərəfi həqiqətən, sülhə hazırdırsa, bunu müvafiq tərzdə təsdiq etməlidir. Əks halda bu görüşlərin heç bir əhəmiyyəti olmayacaq”.
Qeyd edək ki, görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.
Aysel Aslan