Ətrafımızda dolaşır...

Hepatit B-yə yoluxanların sayı artır, amma çıxış yolu da var
"Bu virus hətta qurumuş, görünməyən qan ləkələrində də qalır..."


Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın sözlərinə görə, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya son dörd il ərzində 8936 nəfər müraciət edilib. O bildirib ki, vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya - qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır:

"Xəstəliyin yayılmasının qarşısını almaq üçün ölkədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır”.
Problemin qloballığını nəzərə çatdıran ekspertlər də bu xəstəliyin profilaktikası üzrə iki istiqamətdə iş aparmağı təklif edirlər. Vaxtında peyvəndləmə və profilaktik maarifçilik işləri aparmadan problemdən çıxış yolu yoxdur.

Azərbaycanda da hepatit virusuna yoluxmuş şəxslərin sayı durmadan artır. Insanlar peyvəndləmədən ehtiyat edərək, həmçinin, xəstəliyə harda və necə yoluxacaqlarını bilmədən hepatitlə "qarşılaşırlar”.
Mütəxəssislər bu xəstəliyin adətən, qan vasitəsilə yayıldığını deyir. Yəni, insanlar bu xəstəliyə əksər hallarda əməliyyat alətlərinin yaxşı sterilizə olunmaması nəticəsində yoluxurlar. Həmçinin, dişlərin müalicəsi zamanı, gözəllik salonlarında, tatu döydürərkən və qanla bilavasitə əlaqənin olduğu hallarda da hepatit virusuna yoluxma ehtimalı yüksəkdir. Ümumi rəyə əsasən müalicələrin effektiv olması üçün xəstəliyi vaxtında aşkar etmək lazımdır.

Qastroenteroloq-hepatoloq Nərgiz Qasımova "Şərq”ə hepatit B-nin çox yayılmış virus olduğunu deyib. Onun sözlərinə görə, virus insan orqanizminə düşdükdən sonra virus qan axını ilə qara ciyərə çatır və burada qara ciyər hüceyrələrinə (hepatositlər) daxil olaraq çoxalmağa başlayır: 

Orqanizmin immun sistemi buna cavab olaraq virusa yoluxmuş hepatositləri məhv etməyə başlayır. Məhv olunmuş hepatositlər çapıq toxuması ilə əvəz olur. Təbii ki, çapıq toxuması hepatositlərin funksiyalarını yerinə yetirə bilmir və bu da müxtəlif pozulmalara səbəb olur. Bu proses sürətlə getdikdə insanda qara ciyər serrozu kimi ağır pozulma inkişaf edə bilər ki, bu pozulma insanın həlak olmasına səbəb ola bilər.

Həkim hepatit B-nin qan vasitəsilə xəstə insandan sağlam insana keçdiyini də deyib: "Lakin hepatit B xəstə insanın digər bioloji mayelərində də (sperma, göz yaşları, ağız suyu, sidik, nəcis) aşkar olunur və bu o deməkdir ki, bu mayelər sağlam insanın zədələnmiş dərisinə və ya selikli qişalarına və ordan da qana düşdükdə, virus sağlam insana keçə bilər. Virus hətta gözə görünməyən mikrotravmalardan sağlam insanın orqanizminə daxil ola bilər. Dərinin və selikli qişaların tamlığı pozulmadıqda, bu mümkün deyil. Həmçinin hepatit B cinsi yolu ilə xəstə insandan sağlam insana keçə bilər (30 faiz hallarda). Hamiləlik zamanı virus xəstə anadan dölə doğuş zamanı və ya hamiləlikdə ciftin tamlığı pozulduqda (məsələn, amniosentez zamanı) keçə bilər”.

Bu virusun çox davamlı və xarici mühitdə uzun müddət ərzində qaldığını qeyd edən N.Qasımova deyib ki, virus hətta qurumuş və görünməyən qan ləkələrində - ülgücün, qayçıların, tibbi alətlərin üzərində, iynələrin ucunda və s. qalır. Məhz virusun belə davamlılığına görə hepatit B-yə yoluxanların sayı da çoxdur və artmağa davam edir. Son illər hepatit B-yə qarşı peyvənd vurulur ki, bu da xəstəliyin yayılmasını azaldır: "Əksər hallarda hepatit B 20-49 yaş arası insanlarda aşkar olunur. İnkişaf etmiş ölkələrdə uşaqlar və yeniyetmələr hepatit B-dən peyvənd olunur və bu da xəstəliyin azalmasına səbəb olur. İnsan bu virusa pirsinq, tatu, manikür, pedikür zamanı yoluxa bilər.

Hepatit B-yə həmçinin xəstəxanalarda və stomatoloji kabinetlərdə yoluxmaq mümkündür. Hepatit B orqanizmə düşdükdən sonra müəyyən müddət ərzində (2 aydan 6 aya kimi) özünü heç bir simptomla büruzə vermir. Buna inkubasiya dövrü deyilir. Lakin bu müddət ərzində bu insan digərləri virusa yoluxdura bilər. Daha sonra infeksiya özünü yorğunluq, halsızlıq, hərarətin artması, iştahanın azalması, sarılıq ,sağ qabırğaaltı nahiyəsində discomfort, oynaqlarda ağrılar və bu kimi digər simptomlarla büruzə verir.
Bu simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır. Həkim xəstəyə qanın xüsusi analizlərini təyin edəcək. Kəskin hepatit B əksər hallarda sağalma ilə nəticələnir. Adətən kəskin hepatit B zamanı xüsusi virus əleyhinə preparatlar təyin olunmur. Həmçinin kəskin hepatit B xroniki formaya keçə bilər.

Bəzi hallarda virus orqanizmə düşdükdən sonra kəskin hepatit B inkişaf etmir, infeksiya dərhal xroniki formaya keçir. Bu əksər hallarda immun sistemi zəif olan insanlarda baş verir”. Xroniki hepatit B zamanı simptomlar adətən daha az ifadə olunur. Xəstə yorğunluq, halsızlıq, qara ciyər nahiyəsində diskomfort hiss edə bilər, dərinin saralması meydana çıxa bilər. Bu halda mütləq hepatoloqa müraciət etmək lazımdır. Hepatit B müasir virus əleyhinə preparatların köməyi ilə çox uğurla müalicə olunur.
Xroniki hepatit B zamanı qara ciyərin funksiyaları saxlanılıbsa, virus əleyhinə müalicə təyin olunmur. Əks halda xəstəyə virus əleyhinə müalicə təyin olunur. Nəzərinizə çatdıraq ki, belə müalicə uzunmüddətli və bahalıdır. Belə xəstələr daim hepatoloqun nəzarəti altında olmalı və qan analizləri verməlidir.

Müalicəsiz buraxılmış hepatit B gecikmiş mərhələlərdə qara ciyərin serrozuna və qara ciyərin xərçənginə səbəb ola bilər. Hazırda bu virusa qarşı peyvənd hazırlanıb və bu peyvənd çox yaxşı nəticələr verir”.

N.Qasımovanın sözlərinə görə, hepatit C-yə yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan bir material ilə təmasdan sonra profilaktika üçün edilə biləcək bir müalicə yöntəmi yoxdur: "Hepatit C zəifləmək və ya çox işləməklə əlaqədar yaranan bir xəstəlik deyildir, bir virusun orqanizmə daxil olması zamanı yaranan infeksion xəstəlikdir: 

"Yeməklə, öpməklə, toxunmaqla, çəngəl, bıçaq, stəkan, dəsmal kimi ortaq əşyalardan istifadə etməklə, tənəffüs yolu ilə keçməz. Hepatit C virusuna infeksiyalaşmış qanla, steril olmayan alətlərlə, hemodializdə, doğuş zamanı anadan uşağa və az hallarda cinsi əlaqə zamanı yoluxma olur. Hepatit A, Hepatit B irəliləyib Hepatit C əmələ gətirmir. Bütün hepatit xəstəlikləri biri-birindən ayrı xəstəliklərdir. Hepatit C müalicəsiz bir xəstəlik deyildir. 95-100 faiz hallarda keyfiyyətli dərmanlarla effektli müalicə olunur. Xəstəliyin 20 faizə qədəri serroz olur. Az hallarda isə qaraciyər xərçəngi əmələ gətirir”.

Şəymən