“Gəlinlərin, gənc anaların evdən qaçıb getmələri, üstəlik, əvvəlki sevgililərinin yanına qaçmaları artıq adiləşib”
“Evlər başsız, nəzarət yox”
Qılınc Qurbanla İsfəndiyar kişinin söhbəti yadımıza düşdü
“Gəlinlərin, gənc anaların evdən qaçıb getmələri, üstəlik, əvvəlki sevgililərinin yanına qaçmaları artıq adiləşib”
“Gəlinlərin, gənc anaların evdən qaçıb getmələri, üstəlik, əvvəlki sevgililərinin yanına qaçmaları artıq adiləşib”
Dahi yazıçımız İsa Muğannanın "Saz” povestinin motivləri əsasında çəkilmiş "Tütək səsi” filmi başdan-ayağa unikal səhnələrlə doludur. Amma bir səhnə - Qılınc Qurbanla İsfəndiyar kişi arasındakı söhbət zahirə baxanda dodaqqaçıran, batinə nüfuz edildikdə isə dərin çatlardan xəbər verən epizoddur. İsfəndiyar kişi sakitcə deyir ki, ürəklərinə şeytan girib.
Qılınc Qurbansa sərt şəkildə "mən bilirəm, kimdi o şeytan!” deyir və Cəbrayılı nəzərdə tutduğu da anlaşılır. Sonrası lap ağır gəlir. Qılınc Qurbanın "Evlər başsız, kontrol yox” ittihamına İsfəndiyar kişi yenə "səbirli ol, a Qurban” deməklə vəziyyətə su səpməyə çalışır. Qılınc Qurbansa daha da hövsələdən çıxır: "A kişi, necə səbirli olum. Bu necə olar ki, "qızıl əsgər” qayıdıb gəlsin, arvadını başqasının qucağında görsün?!”...
Son illərdə qız-gəlinin evdən qaçmaq olayları baş verdikcə, Qılınc Qurbanın "evlər başsız, kontrol yox” sözünü təkrarlamaq istərdik, amma cəmiyyətin xətrinə dəyər, deyə, təkrarlamırıq. Hesab edin ki, heç deməmişik. Sadəcə, xatırlatmışıq. Xatırlatmışıq ki, deyəsən, indi də bəzilərinin qəlbinə şeytan girir, deyəsən. Yoxsa, durduq yerdə, 2-3 ayın gəlinləri, 1-2-3 uşaq anaları niyə evdən qaçsınlar ki?! "Tütək səsi”ndə el-oba Sayalını qınayırdı ki, niyə səngərdə düşmənlə üz-üzə dayanmış ərini gözləməyib Cəbrayılla evlənir. O zaman üçün Sayalının hərəkəti ehkamları ayaq altına almaq idi və cəmiyyət də bunu ona bağışlamırdı. O zamandan günümüzədək görəsən, ehkamlarımız nə qədər ayaqlar altına alınıb. Səsimizi də çıxarmamışıq. Bəlkə buna görədir ki, "sayalılar” göz-görəsi artıb çoxalıb. Gəlinlərin, gənc anaların evdən çıxıb getmələri, üstəlik, əvvəlki sevgililərinin yanına qaçmaları artıq adiləşib bizim üçün...
Gəlini üçün ağlayan qayınata
Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. 20 yaşlı gəlin neçə gündür ki, axtarılır. Gəlinin qayınatası azNews.az-a müsahibə verib. Qayınata yalvarır ki, ona kömək etsinlər, gəlini tapsınlar. Əhvalatı da qayınata danışır - oğlunu necə evləndirməsini, gəlinin guya əvvəlcə başqa oğlanla görüşməsini, oğlu ilə bu qızın arası pozulmasın deyə, onları nişanlayıb tez də toy çaldırmasından, evdə heç kəsin gəlinə güldən ağır söz deməməsindən söz açır. Qayınata hadisə barədə Göygöl rayon Polis Şöbəsinə məlumat verildiyini, polisin gəlini günlərdir axtardığını, lakin hələ də tapa bilmədiklərini deyir. Qayınatanın yalvarışları da diqqət çəkir: "Evim yıxılıb. Dünyamız qaralıb. Başımızı itirmişik. Bu nə müsibətdir, mən düşdüm?! Ay Allah, mən neyləmişəm ki, bu qədər yıxıldım?! Əziyyət çək, toy elə, gəlin də 2 aydan sonra sənin başını yerə soxsun... mən necə yaşayacam? Bu nədir, İlahi, mən çəkirəm?! Ölmüşəm, məni yerdən götürün. Kömək edin, ay xalq, ay millət. Dərdim böyükdür, evimdə yas düşüb. Oğlumun evi yıxılıb, biabır olmuşam. "Kişinin gəlini evindən qaçıb” damğası ilə yaşaya bilmərəm, yalvarıram, mənə kömək edin, o gəlini tapaq...” Doğrusu, bir qayınatanın evdən qaçmış gəlinlə bağlı bunca yalvarışlar etməsi indiyədək görünməmişdi.
Maraqlıdır, gəlini, ər yox, qayınata niyə axtarır?
Bunu "Şərq”ə açıqlamasında hüquqşünas İradə Cavadova dedi. İ.Cavadova bildirdi ki, qaçmış gəlinin əri tərəfindən deyil, məhz qayınatası tərəfindən axtarılması şübhə doğuran məqamlardır:
- Birinci şübhəli məqam budur ki, gəlinin həyat yoldaşı ola-ola, qayınata irəli düşüb danışır, yalvarır, gəlinin tapılmasını arzulayır. Həyat yoldaşından isə heç bir səs çıxmır. İkinci məqam odur ki, 20 yaşlı gəlini kimsə zorla qaçıra bilməz. Əgər həqiqətən də qayınatanın dediyi kimi, gəlin mağazaya gedib, oradan çıxıb taksiyə əyləşib Gəncəyə gedirsə, artıq bu, könüllü şəkildə evi tərk etməyə oxşayır. Gəlin özü tək gedib, kimsə onu zorla aparmayıb. Taksiyə əyləşərkən yanında heç kim olmayıb. Bu, gəlinin bilərəkdən evi tərk etməsini deməyə əsas verir. Üçüncü məqam budur ki, gəlin məişət zorakılığının da qurbanı ola bilər. Biz hələ ki, yalnız bir tərəfin, ər evinin, həm də qayınatanın danışdıqlarını bilirik. Hələ nə gəlin tapılıb, nə də gəlinin ifadəsi var. Bilmirik, gəlin tapılanda, üzə çıxanda, nələr danışacaq. Dördüncü məqam budur ki, qayınata deyir, nişanlı vaxtı oğlu ilə qız arasında narazılıq yaranıbmış. Buna görə tələsik toy ediblər. Belə çıxır ki, oğlanla qız yola getmirmiş. Münasibətləri o qədər də yaxşı deyilmiş. Bu da gəlinin evi tərk etməsinin bir səbəbi ola bilər. Nə məcbur idi, onları evləndirirdilər?! Burda hansı maraqlar vardı? Suallar çoxdur. Biz yalnız qayınatanın dedikləri ilə vəziyyəti dəyərləndirə bilmərik. Hələ ki, ortada heç bir cinayət əməlindən söhbət getmir. Gəlin yetkinlik yaşın çatmış şəxsdir. Gəlin olduğu evdə qalmaq istəməyib. Gəlin tapılandan sonra hansı məsələlər üzə çıxacaq, hələ bilmirik.
Gəlin evdən gedirsə...
İ.Cavadova bildirdi ki, qadınların bəzən ailələrini tərk edib getməsində müxtəlif faktorlar rol oynayır:
- Bir halda görürsən ki, məcburi evlilikdir. Məcburi deyəndə, yəni valideynlər tərəflərə təsir göstərir, təzyiq edir. Müxtəlif səbəblər gətirərək gəncləri evlənməyə razı salırlar. Belə hallarda evlilikdən az keçmiş məişət zorakılıqlarının şahidi oluruq. Sevmədiyi şəxslə ailə quranlar məişət zorakılığının qurbanına çevrilir. Başqa bir halda, valideynlər cütlüklərin həyatına müdaxilə edir. Müxtəlif qadağalar qoyur. Gəlinə deyirlər ki, ata evinə getməyəcəksən, qohumlarla əlaqəni kəsəcəksən. Gəlin ata evində daha rahat yaşadığını düşünüb, evi tərk etmək qərarına gəlir. Başqa faktor məhz ailə qurduğu adamın qohumlarının nalayiq hərəkətlərə yol verməsidir. Faktorlar çoxdur, müxtəlifdir. Hər ailənin rastlaşdığı spesifik hallar var. Hesab edirəm ki, nə olursa-olsun, ailə münaqişələrini bu səviyyədə ictimailəşdirmək doğru deyil. Tutalım bir gəlin evi tərk edibsə, onu ictimailəşdirmək, KİV-də yaymaq nəyə lazımdır?! Bununla problem həll olunmur. Belə hallarda ailələr o şəxslərə kömək olmalıdır. Valideynlər yeni evlənənlərin, ailə quranların adaptasiya dövrünü başa vurmalarına yardım etməlidir. Evlilik mürəkkəb bir işdir. İki müxtəlif insan birgə həyata qərar verir. Xasiyyətlər fərqli, dünyagörüşləri fərqli ola bilər. İnsanların biri-birinə isinişməsi, birgə yaşayış vərdişi qazanmaları üçün müəyyən zaman lazımdır. Bu çox mürəkkəb zamanda ailələr onlara dəstək olmalıdır. Amma iki nəfərin birgə yaşayışının artıq mümkünsüz olduğu görünürsə, onlara basqı etmək, "yox, siz ayrılmamalısınız” demək də doğru deyil. Çünki belə təkidlər daha ağır hadisələrin yaşanmasına səbəb ola bilər.
Məlahət Rzayeva