Əvvəl ana ölümlərinə “əcəl ölümü” deyirdilər

İndi tez-tez xəstəxanalardan doğuş zamanı faciə xəbərləri gəlir
“Ana və uşaq ölümünün çoxalmasının əsas səbəblərindən biri həkim səhlənkarlığıdır”

Son günlər doğuş zamanı ana və uşaq ölümü adiləşib. Faciə zamanı həkimlər ittiham olunurlar. Konkret olaraq günahın kimdə olduğunu söyləmək çətin olsa da, adətən bu cür hadisələrdə xəstənin yaxınları həkim səhlənkarlığını qabardırlar. Belə ki, növbəti dəfə daha 2 gənc qadın analıq sevincini yaşamadan dünyasını dəyişib.

Sumqayıt şəhəri 2 nömrəli Doğum Evində 29 yaşlı Gülsüm Əliyeva üçüncü dəfə doğuş edib və qız uşağı dünyaya gəlib. Bundan sonra xəstədə qanaxma başlayıb. G.Əliyevanın yaxınları xəstəxananın Ginekologiya şöbəsinin şüşələrini sındırıblar.

İkinci ölüm hadisəsi isə Xətai rayonu Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində qeydə alınıb. Şamaxı rayon sakini 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib.

Hadisə ilə bağlı Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib ki, 34 yaşlı Bəkirova Kəmalə Şamaxı rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzinə müraciət edib: "Səbəb ana ilə bətnində inkişaf edən uşaq arasında qan rezuslarında konflikt olmasıdır. Belə ki, ananın qanı mənfi rezus, uşağınkı isə müsbət olub. Buna görə ana bətnindəki uşaqda hemolitik xəstəlik inkişaf edib. Qadın iyulun 10-da mərkəzə daxil olub, bir gün ərzində bütün müayinələr aparılıb, diaqnoz təsdiqlənib. 

Bu xəstənin hamiləliyinin sonlandırılması qərarına gəlinib. Qanuna uyğun olaraq qadını doğuşa buraxmışıq. 3.7 kiloqramlıq uşaq dünyaya gəlib”.

S.Məmmədova bildirib ki, bu, qadının 8-ci hamiləliyidir: "Qadın 5 dəfə uşaq dünyaya gətirib. Bu doğuşdan iki qızı sağ qalıb, dünyaya gətirdiyi 3 oğlan ölüb. 3 uşağın hamısında ana ilə uşaq arasında qan rezuslarında uyğunsuzluq olub, ona görə də ölüblər. Ana 5 dəfə iri, yəni 4-5 aylıqda abort etdirib. Buna səbəb isə qadının oğlan uşaq dünyaya gətirmək istəyi olub. Axırıncı abortundan sonra həkimlər qadına hamilə qalmaq qadağası qoyublar. Səbəb uşaqlığın divarındakı nazilmədir. Həkimlərin sözlərinə baxmayaraq qadın hamilə qalıb və oğlan uşağı olduğuna görə onu dünyaya gətirmək istəyib. Hamiləliyi 36 həftəyə qədər çatdırıb”.

Alın yazısı, yoxsa həkim səhlənkarlığı?

"Həftə içi” qəzetinin müxbiri Naibə Qurbanovanın sözlərinə görə, bu gün ana ölümlərinin sayının çoxalma səbəbi müxtəlifdir və faciənin kökündə sosial problemlər dayanır. Əhalinin maddi vəziyyətinin aşağı olması onları inamsız və köməksiz edir: 

"Hamiləlik xəstəlik deyil, amma baş verən ana-uşaq ölümləri təbii prosesi xəstəlik qədər təhlükəli edib. Ana ölümlərinin səbəbi bir olsaydı, onu aradan qaldırmaqla faciədən qaçmaq olardı. Tibbi xidmətin səviyyəsindən tutmuş, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillərə qədər hamısı ana-uşaq ölümünün çoxalması deməkdir. Sosial problemlər, erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir. Ana ölümləri nəinki Azərbaycanda, bütün dünyada rast gəlinir. Faciənin baş vermə səbəblərinə diqqət çəkmək lazımdır. Cəmiyyətdə hamilə qadının üzləşə biləcəyi problemlər barədə məlumatlar çox kasaddır. Faciəyə qədərki hadisələr, olanlar barədə məlumat verilməlidir ki, xoşagəlməz hallar təkrarlanmasın. Səhiyyə Nazirliyinin rəsmi göstəricilərinə inansaq, bizdə ana ölümünün səviyyəsi Rusiya və Gürcüstandan xeyli aşağıdır. İl ərzində olan doğuşlardan 20-22-nin ölümlə nəticələndiyi bildirilir. O da faktdır ki, ölkədə il ərzində təxminən 170 min doğuş olur və bunları qəbul edən ginekoloq heyəti 20-22 doğuşun da öhdəsindən gələ bilər. Bundan çıxış edərək hər ana-uşaq ölümünə görə, diqqəti təkcə həkim məsuliyyətsizliyi və səhlənkarlığına yönəltmək düzgün deyil.
Əhalinin maddi vəziyyətinin aşağı olması qadınları inamsız və köməksiz edir. Hamilələr var ki, 9 ay müddətində bir dəfə də olsun qadın məsləhətxanasına getmir. Səbəb analizlərin, USM-nin baha olmasıdır. Bu isə ananın orqanizmində baş verənlərdən özünün və ginekoloqun məlumatsız olması ilə nəticələnir. Doqquz ayın problemi yığılır son günlərə və o anda orqanizmin xilası çətinləşir. Yığılan problemi aradan qaldırmaq həkimdən peşəkarlıq, hamilədən güc tələb edir. Olmayanda faciə baş verir”.

"Toplum olaraq biri-birimizə inanmırıq”

Yazar xanım Sevinc Elsevər bildirir ki, sovet dövründə həkimlərə böyük inam var idi, hansısa ölüm hadisəsi olan zaman bunu həkim səhlənkarlığı deyil, insanın əcəli olaraq qiymətləndirirdilər:

"Anamın hər zaman məndən istədiyi o idi ki, böyüyəndə həkim olum. Mən isə həmişə bundan boyun qaçırmışam. Doğuş zamanı qadınların dünyasını dəyişməsi ilə bağlı xəbərlər oxuyanda anama deyirdim ki, "yaxşı ki, həkim olmamışam, görürsən, bir qadın daha ölüb”. Bu zaman anam dedi ki, "Əvvəllər kimsə həkimin əlində öləndə də bunu tale ilə bağlayırdılar, əcəl ölümü deyirdilər”. Anamın sözündə həqiqət var idi, indi hər sahədə qloballaşma gedir, internet var, insanlar müqayisə edirlər, görürlər ki, xarici ölkələrdə bu kimi hallar az baş verir. Müqayisə edərək deyirlər ki, "bizdə yəqin tibb sahəsində nəsə çatışmazlığımız var”.

Yazar xanımın sözlərinə görə, həkimlərin xəbədarlığına baxmayaraq qadın dünyaya uşaq gətirmək qərarına gəlirsə, deməli, o, hər şeyi gözə alıb: 

"Şüurlu insan bunu dərk edir və öz həyatını qorumağa çalışır. Bilmirəm buna qadın fədakarlığı, ya qadın səhlənkarlığı adı verim. 8-ci hamiləliyi olan qadın oğlan övlad istəyirmi? Bilmirəm bu qədərmi məcburiyyət qarşısında qalıb? Hansı kişi qadınının öləcəyini bilə-bilə buna razı olar? O kişi qadının öləcəyini bildiyi halda uşaq istəyirsə, heç o adamdan dünyaya uşaq gətirmək lazım deyil. "Qaçaq Nəbi” filminə baxmışıq, doğuş səhnəsində iki seçim olduğu deyilir və kişi qəti şəkildə qadını seçir. Düşünürəm ki, bizdə bu sahədə maariflənmə aparılmalıdır”.

S.Elsevər həmçinin bildirib ki, doğuş zamanı ölüm hallarının baş verməsində əsas günahkarlardan biri qadın məsləhətxanalarıdır. Qadın məsləhətxanaları bu məsələyə çox laqeyddirlər və bətnində uşaq olan qadın birdən-birə doğuş həkiminin yanına gəlir: 

"Qadın hamilədir, məsləhətxanalar onu vaxtlı-vaxtında gəlib yoxlamırlar. Tutaq ki, bir qadın 4-5 ay məsləhətxananın qapısını döymür, ya səhlənkar, ya da savadsızdır. Amma sən ki, həkimsən və məsuliyyət daşıyırsan. Hər şey zəncirvari olaraq biri-birindən asılıdır. Məsləhətxana və doğuş həkiminin, qadının, ərinin - hamısının günahı var.

Hər sahədə əskiklərimiz olmasaydı, insanlar nəyəsə şübhəli yanaşmazdılar. Biri-birimizə inamımız yoxdur. Millət olaraq, toplum olaraq heç yerdə biri-birimizə inanmırıq. Xəstə həkimə inanmır, şagird müəllimə inanmır, oxucu yazıçıya inanmır...”

Yeganə Bayramova