"Əvvəl deyirdim oğlum olsun" - İlkin Həsənli "Şərq"ə danışdı

“Ovcumda o balaca möcüzəni görəndə, hiss etdim ki..."“Alisanın gəlişi həyatımıza sevinc gətirdi. Allah hər valideynə bu sevinci qismət etsin”
Tanınmış aktyor, aparıcı İlkin Həsəni qız atası olub. Aktyor qızı ilə ilk fotosunu instaqram səhifəsində paylaşıb.
O, şəklə "Bu dəfə ata-bala. Həyatıma xoş gəldin, qızım. İnanılmaz hisslərdir. Allah olmayanlara qismət eləsin” şərhini yazıb. Qız atası ilə söhbət etdik. Övladının gəlişi ilə bağlı təəssüratlarını "Şərq”ə danışan İlkin Həsəni bunları söylədi: "Çox məsuliyyətli bir missiya üzərimə düşüb. Ata olmaq çox məsuliyyətli imiş. Əvvəllər soruşardım, dostlar deyərdilər ki, ata olarsan, başa düşərsən. Bu gün artıq onların nə demək istədiklərini anlamağa başladım. Balaca bir mələk əllərinin içindədir, balaca olsa da məsuliyyəti böyük, həyəcanı sözlə ifadə olunmayacaq qədər gözəldir. İlk dəfə əlimə alana qədər o qədər tibbi prosedurlar oldu ki, əlcək tax, başına, ayağına nəsə keçirt, əlini spirtlə ki, uşağı götürə biləsən. O anın həyəcanını tam yaşaya bilmədim bəlkə. Amma ikinci dəfə əlimə alıb qoxusunu içimə çəkəndə, ovcumda o balaca möcüzəni görəndə, hiss etdim ki, ata oldum. Gözəl hissdir. Allah övlad arzusunda olan hər kəsə qismət etsin. Qız atası olmaq mənə daha məsuliyyətli gəldi. Təxminən 7-8 il əvvəl deyirdim oğlum olsun. Bacımın qızı dünyaya gələndən sonra qız uşağına sevgim yarandı. Əvvəlcədən qız gələcəyini bilirdim. Həyəcanla gözləyirdim. Əsas odu sağlam övlad olsun”. Qeyd edək ki, İlkin ötən il Aysel adlı xanımla ailə qurub. Cütlüyün övladı martın 18-də dünyaya gəlib. Onlar körpəyə Alisa adını qoyublar.
İlkin ilk günlərdən övladının şəklini sosial şəbəkədə paylaşımları barədə də fikirlərini dilə gətirdi: "Təbii ki, müəyyən zamana qədər övladımla bağlı paylaşımlar edəcəm. Bir az özünə gəlsin, necə deyərlər, insan siması alsın, təbii ki, qızımla olan paylaşımlar edəcəm”. Maraqlandıq ki, İlkin Həsəniyə qızını reklam çarxlarında çəkmək təklifi gəlsə, razı olarmı sualına belə cavab verdi: "Sözün düzü, indidən söz demək istəmirəm. Amma qızımın kommersiya maraqları üçün efirlərdə, reklam çarxlarında olmasını istəməzdim. Yenə də qeyd edirəm, indidən söz demək istəmirəm. Ola bilər ki, elə bir təklif olsun ki, orda kommersiya maraqları yox, mənəvi gözəllik üstünlük təşkil etsin, razı olum. Amma hər halda bu gün düşünürəm ki, qızımın kommersiya maraqları ilə reklamlarda çəkilməsini istəməzdim”.
İlkin Həsəni qızına maraqlı ad seçilməsinə də münasibət bildirdi: "Yoldaşımla əvvəldən qərara gəlmişdik ki, qız olsa adını Alisa qoyarıq, oğlan olsa başqa ad düşünmüşdük. Qismət qız atası olmaq idi. Bu gün Alisanın gəlişi həyatımıza sevinc gətirdi. Allah hər valideynə bu sevinci qismət etsin”.
Tahirə