Əvvəla yeni sayğaclar lazımdır

Elektrik enerjisini günün müxtəlif saatlarında müxtəlif qiymətlərə satmaq asan məsələ olmayacaq



Azərbaycanda 2017-2020-ci illərdə istehlakçılarla istehsalçıların maraqlarının uzlaşdırılması üçün optimal qiymətlərin müəyyənləşdirilməsi nəzərdən keçiriləcək. Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, habelə aşağıdakı tədbirləri nəzərə alaraq, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər.

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən biri də pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi ilə bağlıdır. Eyni zamanda sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə əlavə haqların müəyyən edilməsi də sözügedən layihədə öz əksini tapıb.

Pik saatlarda yüklənməni azaltmaq üçün gecə və gündüzə uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi məsələsini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, istehsalçılarla istehlakçılar arasındakı sərfəli qiymət anlayışı fərqli olduğu üçün bu sistemin tətbiqi müəyyən mübahisələrə, hətta məhkəmə çəkişmələrinə belə yol aça bilər: 

"Təbii olaraq istehsalçılar enerjini daha baha qiymətə satmağa, istehlakçılar isə daha ucuz almağa çalışır. Ölkədə rəqabət və seçim imkanları olmayan zaman qiymətlərin tələb və təklifə görə müəyyənləşməsi, sərfəli qiymət anlayışının oturuşması mümkün olmur. Londonda vətəndaşlar 12 şirkətdən enerji almaq imkanlarına sahibdirlər ki, bu da kifayət qədər seçim imkanı yaradır. Azərbaycanda isə bu sahə inhisardadır. Onların təqdim etdiyi xidmətin alternativi olmadığı üçün də istehsalçı qiyməti diktə etmək üstünlüyü qazanır. Əslində, elə Tarif Şurasının yaranma fəlsəfəsi də ondan ibarət idi ki, təbii inhisarların qiymətləri dövlət tərəfindən tənzimlənsin. Ancaq dövlət bu sektordan çəkiləcəyi halda müxtəlif şirkətlərin paylayıcı şəbəkədə fəaliyyət göstərməsi və bunun fonunda rəqabətli mühitin yaranmasına imkan yaratmalıdır ki, vətəndaş olaraq seçim imkanlarımız olsun. Əks halda, bazarda yeganə oyunçu olan inhisarçı qurum istədiyi qiyməti istehsalçılara diktə edəcək”.

Pik saatlar məsələsinə gəldikdə isə N.Cəfərli bu sistemin bir çox ölkələrində təklif və tətbiq olunmuş bir sistem olduğunu deyib. Ekspertin sözlərinə görə, bu sistemə keçməzdən əvvəl yeni sayğaclar quraşdırılmalıdır: "Elə bir sayğac ki, pik saatlarda sərf olunan enerjini müxtəlif tariflərlə hesablamağı bacarsın. Əks halda, vətəndaşlarla elektrik enerjisini satan şirkətlər arasında ciddi mübahisələr yaranacaq. Bizim istifadə etdiyimiz sayğaclar elektrik enerjisinin qiymətini ümumi hesablayır. Narazılıqlar yaranmasın deyə öncə texniki məsələlər öz həllini tapmalıdır. Dünyanın hər yerində pik saatlar saat 19:00-dan 24:00-dək qəbul olunur. Amma bizim sayğaclar dəyişdirilməsə,

vətəndaşlarda istehsalçıların qiyməti sərfiyyata uyğun hesablayıb-hesablamadığına dair bir güvənsizlik yaranacaq, tərəflər arasındakı münasibətlər gərginləşəcək”.

Şəymən