Şəhid ailələrinin və təqaüdçülərin kredit borcunu bağlamaq olar
Millət vəkili Əli Məsimli üç min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borclarının bağlanması təklifi ilə çıxış edib.
Bu yaxınlarda prezidentin vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladığını xatırladan millət vəkili belə deyib:
"Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin”. Millət vəkili həmçinin hər hansı bankın lisenziyası alınan zaman bundan ən çox sahibkarların əziyyət çəkdiyini deyib: "Nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi.
Onlara nə edəcəyik?” İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli hesab edir ki, əvvəlcə qeyd olunan kateqoriyadan olan insanların aldığı və hazırda ödəyə bilmədiyi kredit həcminin nə qədər olduğunu bilmək lazımdır:
"Məncə, belə statistika mövcud deyil. İkincisi, digər məsələni dəqiqləşdirmək lazımdır, bu vəsaiti bu az imkanlı insanlarmı istifadə edib, yoxsa üçüncü şəxslərmi?
Bunu müəyyən etməyin olduqca çətin olduğu qənaətindəyəm. Üçüncüsü, bu kreditlər dövlət tərəfindən, yoxsa bu krediti verən bankın öz vəsaiti hesabına silinəcək? Şəhid ailələrini bir tərəfə qoyub təqaüdçülər aspektindən məsələyə yanaşsaq, banklar əmək və əlillik pensiyaçılarına aldığı minimum yaşamaq imkanlarına yetəcək məbləği girov təminatı olaraq qəbul edib kredit ayrıldığı üçün ciddi risk qəbul edib. Dolayısı ilə banklar bu riski əvvəldən qəbul etdiyi üçün bunun qarşılığında yaranan itkini də öz vəsaitləri hesabına qarşılamalı olduqlarını düşünürəm.
Bankların problemli kreditlərlə bağlı bu kateqoriyadan olan insanlara güzəşt tətbiq etməklə və məhkəmə qərarlarının icra mexanizması imkanlarından istifadə edərək təqaüd kreditlərinin ödənilməsini həll edə biləcəklərini zənn edirəm”.
İqtisadçının sözlərinə görə, "şəhid ailələrinə dövlət tərəfindən nə qədər dəstək olunsa, yenə də azdır” anlayışı ilə dövlət tərəfindən kredit öhdəliklərinin bir şəkildə bağlanmasına köməklik ola bilər. Hətta banklar bu kreditləri öz hesablarına silsələr belə onlar üçün ciddi yük təşkil etməz”.
Şəymən