Əvvəlki illərdəki kimi tıxac olmadı

İnsaflı sürücülərin “Bilik günü”nə xeyri dəydi



Sentyabrın 15-i ölkənin bütün təhsil ocaqlarında "Bilik günü” kimi qeyd olunub.
Yeni dərs ilinin başladığı günü səbirsizliklə gözləyən şagirdlər, tələbələr hamısı biri-birini təbrik edir və səbirsizliklə dərs otaqlarına keçəcəkləri anı gözləyirdilər. Birinci siniflər isə bəlkə də həyatlarında eşitmədikləri, onlar üçün tamamilə yad olan bir səsi eşidəcəklər. Bu, İlk zəngdir.

Əslində elə "Bilik günü”nün sevinci ən çox birinci sinfə yeni ayaq basan şagirdlər, ali məktəbə yeni daxil olmuş 1-ci kurs tələbələri və onların valideynləri, yaxınlarının üzlərində açıq-aydın görünürdü. Onu da deyək ki, dünən məktəblərdə bayram ab-havası duyulsa da, şəhər küçələrində həyat tamamilə başqa cür axırdı.

Sağ olsunlar ki, bunu nəzərə alanlar da var, almayanlar da

Buna səbəb isə yeni dərs ilinin ilk gününün gələr-gəlməz paytaxtın küçələrini iflic etməsidir. Belə ki, dünən ölkədə yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı şəhərinin əsas prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Dərs gününün başlanması ilə əlaqədar yollarda intensivliyin artdığını vurğulayan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev paytaxtdakı sıxlıqla bağlı bunları deyib: "Azyaşlılar, tələbələr dərsə, müəllimlər işə gedir. Bu intensivliyi nəzərə alaraq, məktəblərə yaxın yol kənarında avtomobillərin saxlanmasının qarşısını almağa çalışırıq. Çünki avtomobillərin qanunsuz yerlərdə saxlanılması tıxaclara yol açır. Hələ ötən il də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq edilmişdi. Bu məhdudiyyətlər hələ də qüvvədədir. Ona nəzarət bu ilin sentyabr ayının 15-dən daha da gücləndirilib. Çünki həmin müddətdə şəhərə axın da çoxdur. Bunların hamısını sürücülərin diqqətə almasını tövsiyə etmişdik. Sağ olsunlar ki, bunu nəzərə alanlar da var, almayanlar da. İnsafsız sürücülərimizin sayı bir qədər artıq olanda nəqliyyatda sıxlığın yaranmasına gətirib çıxarır”.

Kamran Əliyev yeni dərs ili ilə bağlı yollarda ciddi problemin olmadığını xüsusi vurğulayaraq deyib ki, nəqliyyatın tənzimlənməsi mütəmadi baş verəcək: "Bu il elə də ciddi problem yoxdur. Hər il sentyabrın 15-də bir günlük yaşanan anları bu il də yaşayırıq. Düşünürük ki, bu məsələyə sürücülərimiz bir az diqqətlə yanaşacaqlar və sıxlığın aradan qaldırılmasında yol polisinə yaxından kömək edəcəklər. Nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı daim yol polisi tərəfindən işlər görülür. Nəqliyyatın intensiv hərəkət etdiyi yollarda əməkdaşlarımızı müşahidə etmiş ola bilərsiniz. Əməkdaşlarımız nəqliyyat vasitələrinin qanunsuz yerlərdə dayanmasına icazə vermirlər ki, yollarda sıxlıq yaranmasın. Sözsüz ki, bu işlər sıxlığın ən gur olan vaxtı - həm səhər, həm də axşam vaxtlarında həyata keçirilir. Bir sözlə, yol polisi nəqliyyatın rahat və təhlükəsiz hərəkətini tənzimləyir. Bu, sıxlıq yarana biləcək bütün ərazilərdə təyin olunub. Xidmət davam etdirilir. Bu bir gün yox, mütəmadi olacaq”.

"Tam tıxac yoxdur, bu il vəziyyət dəyişib”

Məktəblərdə dərslərin başlanması ilə əlaqədar yollarda nəqliyyatın sıxlığının artmasına baxmayaraq, sentyabrın 15-də saat 12:00-a olan məlumata əsasən, paytaxtıın küçə və prospektlərində hər hansı ciddi yol-nəqliyyat hadisəsi baş verməyib.

Bunu Milli.Az-a açıqlamasında DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, bütün ali və orta təhsil müəssisələrinin ətrafındakı yollar nəzarətə götürülüb, yol polisi əməkdaşları xidmət aparır, hərəkəti tənzimləyirlər: "Şükürlər olsun ki, heç bir hadisə qeydə alınmayıb, ciddi gərginlik də yoxdur. Hazırda bəzi ərazilərdə avtomobillərin nisbi sıxlığı müşahidə edilsə də, tam tıxac yoxdur, hərəkət var”.

Bölmə rəisi qeyd edib ki, bu gün əvvəlki illərin analoji dövrü ilə müqayisədə fərqlər var:

"Vəziyyəti normal adlandırmaq olar. Ötən illə müqayisədə müsbətə doğru dəyişiklik var. Bir-iki xırda nöqsanlar yenə də var. Yenə də məktəblərin qarşısında, təhsil müəssisələrinin yaxınlığında avtomobillərini saxlayıb hərəkətin axınına mane olanlar olub. Lakin əməkdaşlarımızın vaxtında müdaxiləsi nəticəsində bunlar da aradan qaldırılıb. Müsbət hallar isə odur ki, bu il çox sıxlıq qeydə alınmayıb, yollarda ləngimə olmayıb. Bəzi yollarda hərəkətin sürəti saatda 10 km-ə düşsə də, hərəkət olub, dayanmayıb”.

"Bakı Metropoliteni” sosial layihə həyata keçirib

Metronun "Elmlər Akademiyası”nın təmirdən sonra istifadəyə verilən əsas çıxışında bu münasibətlə tədbir keçirilib. Tədbirdə metropoliten işçiləri birinci sinfə qədəm qoyan şagirdləri qarşılayıb və onlara sürpriz hazırlayıblar. Belə ki, metropoliten işçiləri "Elmlər Akademiyası” stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar, tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatı haqqında olub. Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları hədiyyələr təqdim ediblər. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinini mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev tədbirin günün sonuna qədər davam etdiyini deyib. Onun sözlərinə görə, gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayaraq, onları Bilik Günü münasibətilə təbrik edib və balaca sərnişinlərə hədiyyələr verilib.

Amma biz yeni tədris ili üçün bu qərarı vermirik

Dünən təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxış edib. Azərbaycanda buraxılış imtahanlarının yalnız X və XI siniflərdə keçirilməsinə diqqət çəkən nazir hesab edir ki, daha erkən siniflərdə qiymətləndirmənin keçirilməsi şagirdlərin zəruri fənlər üzrə nəticələrini yaxşılaşdırmağa imkan verəcək: "Bu il Təhsil Nazirliyində şagirdlərin biliklərinin qiymətləndirilməsinin daha erkən siniflərdə keçirilməsi məsələsi müzakirə edilib. Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən, ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə müzakirələr aparılıb. Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur. Amma biz yeni tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”.

Şəymən