“Facebook” un Azərbaycan seqmentində fəallıq niyə azalıb ? – Səbəb açıqlandı

Bu ilin yanvar-mart aylarında ölkəmizdə "Facebook” istifadəçilərinin fəallığı 0,5% azalıb. Bu barədə "Global Stats" statistik mərkəzin hesabatında bildirilir.
Aprelin 1-nə olan məlumata görə, "Facebook"un Azərbaycanın sosial media bazarında payı 39% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 10,3% çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
İstifadəçilərin aktivliyinin azalması səbəbləri ilə bağlı "Sherg.az”a danışan sosioloq Cavid İmamoğlu bildirib ki, ümumilikdə sosial şəbəkə istifadəçiləri daha çox dinamik şəbəkələri axtarırlar:
"Statistika göstərir ki, feysbuk istifadəçiləri nəinki Azərbaycanda, digər ölkələrdə də instaqram istifadəçilərinə uduzurlar. Reallıq sübut edir ki, ölkəmizdə insanlar daha çox instaqram profillərinin açılmasına üstünlük verirlər. 
Feysbukdakı ab-hava və müzakirə mövzuları bir çox insanlar tərəfindən o qədər də xoş qarşılanmır. Amma hazırda instaqram daha dinamik və daha əyləncəlidir.
İnstaqramda çoxlu sayda videolar, kriminal xəbərlər, məişətimizi əhatə edəcək məlumatlar verilir. Ona görə də gənc qızlar və oğlanlar, evdar xanımlar, bir sözlə, hər kəs özünü instaqramda daha yaxşı realizə edə bilir. İnsalara feysbuka girib uzun-uzadı şərhləri oxumaq maraqlı deyil.
Azərbaycan insanının məişətinə uyğun daha çox uyğun gələn sosial şəbəkə instaqramdır. Çünki bu şəbəkədə siyasi-iqtisadi, ictimai xəbərlərdən uzaq sırf yumora və ani gülüşə, məişət mövzularını özündə cəmləşdirən, yeməyi-içməyi, sevgini özündə birləşdirən məlumatlara üstünlük verilir. Təbii olaraq da bütün bunlar istifadəçilərin diqqətini cəlb edir”.
Yeganə Bayramova