Alimlər, müəllimlər, başqa peşə sahiblərinin zəhməti millət vəkilininkindən azdır ki?
Fantastika: Millət vəkillərinin maaşı 8 min manat...
Bu təklif gerçəklikdən uzaq xülyadır
Alimlər, müəllimlər, başqa peşə sahiblərinin zəhməti millət vəkilininkindən azdır ki?
Alimlər, müəllimlər, başqa peşə sahiblərinin zəhməti millət vəkilininkindən azdır ki?
Milli Məclisdə deputatların maaşının artırılmasını nəzərdə tutan qanuna dəyişiklik layihəsi müzakirə edilib. Məclis üzvlərinin əməkhaqqının artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul olunub.
Yeni dəyişikliyə görə, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq. Dəyişiklik mayın 1-dən tətbiq ediləcək.
Deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib. O bu artımın olduqca az olduğu qənaətindədir: "Ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: "Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”. Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.
Qeyd edək ki, millət vəkili müsahibələrinin birində nazirlərə 10 min manat maaş verilməsini təklif edib və fikrini də bu cür əsaslandırıb: "Demirəm ki, Azərbaycanda nazirlərə 100 min dollar vermək lazımdır. Ancaq ən azı 10 min dollar vermək lazımdır ki, sonra ondan oğurlamamağı tələb edəsən”.
Millət vəkilinin təklifi sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib və ictimaiyyət üzvlərinin fikirləri haçalanıb.
"APA-Holding”in prezidenti Vüsalə Mahirqızı belə bir status yazıb: "Millət vəkili üçün 8 min manat belə az vəsaitdi. Qanun yaradıcılığı ilə məşğul olan, ölkəni beynəlxalq təşkilatlarda təmsil edən şəxsin normal yaşamaq, geyinmək, həyat şəraitini qurmaq, seçicisi ilə mütəmadi görüşmək və öz üzərində işləmək üçün başqa işlə məşğul olmaması lazımdı. Hamı bilir ki, heç bir millət vəkili indi aldığı 1800 manatla yaşamır. Özümüzü aldatmaqdan xoşumuz gəlir deyəsən. Bilirəm, arqument budu ki, "onsuz da hardansa tapırlar o pulu”. Qüdrət Həsənquliyev də deyir ki, "onsuz da” tapmasınlar da. Leqal maaşlarını alsınlar, vergilərini ödəsinlər və çoxluğu biznesmenlərdən yox, siyasətçilərdən ibarət parlament formalaşdırmaq istiqamətində addımlar ataq. Burda "vauu” olunacaq nə var?
Ümumiyyətlə, heç kimin maaşının artırılmasından narahatlıq və narazılıq eləmək lazım deyil. Çalışmaq lazımdı ki, hamının maaşı artırılsın, "deputatın maaşı niyə artırılır” deyil sual. Yaxşı edib artırırlar. Sual "Müəllimin maaşı niyə artırılmır?” olmalıdır.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə sözügedən paylaşıma rəy yazıb: "Milli Məclisdəkilərin 80 faizi kifayət qədər təmin olunmuş, biznesə malik olan insanlardır. Qazandıqları bəs eləmir? Ölkə əhalisinin əksəriyyəti kasıblıq həddindədir. Alimlər, müəllimlər, başqa peşə sahiblərinin zəhməti millət vəkilininkindən azdır ki? Ayrılan sosial müavinətlər, təqaüdlər olduqca aşağıdır. Bu insanların zəhməti qiymətləndirilməməlidir ki? Kimsə bu haqda onlara xatırlatmalıdır ki? Niyə özləri yaddan çıxmır? Hamısı kifayət qədər təmin olunmuş, müəyyən biznesə malik insanlardır. Aralarında, həm vəzifə sahibi, həm də deputat olanları da var. Qanuna zidd olaraq”.
Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə millət vəkilinin təklifini dəstəkləyib, o şərtlə ki, korrupsiyaya qarşı mübarizədə sərt addımlar atılmalıdır: "Sinqapurdan daha yaxın Gürcüstan təcrübəsi var. Gürcüstanda Saakaşvili hakimiyyətə gələndə nazirlərin maaşı Soros Fondu tərəfindən ödənirdi. Gürcüstan büdcəsinin maddi imkanları həddindən artıq az olduğu üçün nazirlərə Soros Fondu tərəfindən yüksək maaş verilirdi. Ona görə də, heç bir oğurluq və korrupsiya faktı aşkar olunmurdu. Sizcə, vəkil, QHT rəhbəri və ya sıravi ekspert kimi bir neçə min qazanc əldə etmək potensialı olan birisi o qədər də yüksək olmayan bir maaşla nazir işləməyi qəbul edərmi? Edirsə, deməli ortada başqa maraqlı var. Həmin insan başqa gəlirləri olacağını bilir və yüksək maaşlı işdən imtina edir. Bu mənada Qüdrət Həsənquliyevin təklifini dəstəkləyirəm. Korrupsiyanın qarşısını almaq üçün nazirlər, deputatlar üçün yüksək maaş təyin olunmalıdır ki, onlar həm ailəsini dolandıra bilsin, həm də əlavə qayğılarının öhdəsindən gəlsin. Nazirlərin, deputatların maaşı o halda 8-10 min olmalıdır ki, onlar korrupsiya hallarına yol verməsin. İndiki reallıqda bizim məmurlar üçün ayda yox, gündə yüz min manat belə çox az vəsaitdir. Ancaq yeni təyin olunan gənc nazirlər üçün bu təcrübədən yararlanmaq olar. Vüsal Hüseynov, İnam Kərimov kimi insanların niyə də maaşı yüksək olmasın. Biz bilirik ki, bu şəxslər korrupsiyaya bulaşmayıblar. Həmçinin də millət vəkillərinin maaşının artırılması. Düzdür, cəmiyyət bu cür təkliflərə birmənalı yanaşmır. Fəhlənin, müəllimin, həkimin maaşının həddindən artıq aşağı olduğunu iddia edirlər. Məncə, bizim insanlarımız bu psixologiyadan uzaqlaşmalıdır”.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə millət vəkilinin təkliflərinin Azərbaycan reallığına uyğun olmadığını deyib. Orta aylıq əməkhaqqının 520 manat olduğu bir cəmiyyətdə deputatlara 8 min, nazirlərə 10 min manat əməkhaqqı tələb etmək məntiqə uyğun deyil. Hansısa ölkələrdə deputatların 8 min və daha yüksək maaş alması təcrübəsinin olması normaldır. Nazirlər də həmçinin. Ancaq biz hələ o səviyyəyə gəlib çatmamışıq. Real səviyyəmizə uyğun əməkhaqqı almalıyıq. Bu gün millət vəkillərinin maaşı 10 faiz artırılıbsa, demək ki, gücümüz buna çatır. Daha artığını tələb etməyin heç bir mənası yoxdur.
F.Yusifovun sözlərinə görə, maaş artımı kənardan görüldüyü qədər asan deyil. Əməkhaqqı, təqaüd artımının iqtisadi və maliyyə əsasları olmalıdır. Ölkənin maliyyə reallıqları kiminsə istəyinə uyğun maaş artırmaq iqtidarında deyil. Millət vəkillərinin maaşını 2500 manatdan 8 minə qaldırmaq fantastika, gerçəklikdən uzaq xülyadır.
"Bütün dünyada maaşlar minimum əməkhaqqına indekslənir. Minimum əməkhaqqı artırıldıqda, ayrı-ayrı təbəqələrin maaşı da ona uyğun artır”.
Bunu isə "Sherg.az”a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, digər təbəqələrin əməkhaqqı artmadan deputatların maaşının artırılmasını məntiqi hesab etmir: "Bu məsələ sosial ədalətə ziddir. Əhalinin - müəllim, həkim və digərlərinin dolanışığı pisləşibsə, niyə tək deputatların maaşı artırılmalıdır? Bu artım nə onların fəaliyyəti, nə də dövlətə, millət xidmətləri ilə bağlıdır. Ölkədə sadəcə olaraq, əməkhaqqı sistemi düzgün qurulmayıb. Millət vəkillərinin maaşının qaldırılmasının heç bir izahı yoxdur”.
Şəymən