“Fazil Mustafa çox ağıllı adamdır”

“Məgər bilmir ki, orden, medal bütün dünyada təsis edilir?”
Seyran Səxavət: “Bu hal dövlətin sayılıb- seçilən vətəndaşlara münasibətinin təzahürüdür”



Parlamentin aprelin 3-də keçirilən plenar iclasında "Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi geniş müzakirələrə səbəb olub.

Millət vəkili Fazil Mustafa ölkədə orden və medalların sayının çoxluğundan şikayətlənib: "Nə qədər adamı orden və medallarla təltif etmək olar?! Bu məsələdə sovet düşüncə tərzindən uzaq olmaq lazımdır. Burada mükafatlandırmadan söhbət getməlidir. Kimin əməyi varsa, kimin yubileyidirsə, onu mükafatlandıraq, daha bu qədər orden və medallar nəyə lazımdır...”
Spiker Oqtay Əsədov isə deputatın fikirləri ilə razılaşmayıb və hər şeyi maddiyata bağlamağın düzgün olmadığını söyləyib. Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkili Cavid Qurbanov və birinci vitse-spiker Ziyafət Əsgərov da F.Mustafanın yanaşmasının düzgün olmadığını, bu cür orden və medallara ehtiyac olduğunu, bununla insanların əməyinin, fəaliyyətinin qiymətləndirildiyini iddia ediblər.

S.Novruzovun fikrincə, bu, insanlara dövlətin, hökumətin diqqətidir və belə də qiymətləndirilməlidir.
Yazıçı Seyran Səxavət də Fazil Mustafanın təklifini məqsədəuyğun hesab etmir. Düzü bilmədim Fazil Mustafa orden və medalların ləğv olunmasını deyəndə konkret nəyi nəzərdə tutur? Bundan sonra heç kəs orden-medalla təltif olunmasın, yoxsa bu günə qədər verilən medallar da yığışdırılsın? Əslində bunların heç bir əhəmiyyəti yoxdur. Bu məsələ günümüz üçün aktual deyil. Bütün dünyada orden də, medal da təsis edilir. Bu hal dövlətin sayılıb-seçilən vətəndaşlara münasibətinin təzahürüdür. 

Fazil Mustafaya böyük hörmətim var. Belə bir məsələni gündəmə gətirməsini ona heç yaraşdırmadım. Doğrudanmı bu ölkənin bütün problemləri qurtarıb, bircə bu məsələ qalıb?! Atalar demiş: "Hər yaraq düzəlib, bir saqqal darağı çatmır”. Əslində elə medianın da bu məsələni ictimailəşdirməsi yaxşı deyil. Bu söz elə deyildiyi yerdə də qalmalı idi, nəinki reaksiya verilməlidir. Ölkədaxili, ölkəxarici o qədər problemlərimiz, həll gözləyən məsələlərimiz var ki?!

Bir müddət əvvəl də mənim bir dostum belə bir təklif vermişdi ki, Azərbaycan bölgələrində Fəxri Xiyaban yaradılsın, elmlər namizədləri, professorlar orada dəfn edilsin. Səhv etmirəmsə, sizin qəzetiniz vasitəsilə münasibət bildirmişdim ki, Fəxri Xiyaban sovet dövründə yaradılmış bir yanlışdır. Bütün insanlar öləndə torpağa tapşırılırlar. Torpaq şahı da, gədanı da, qatili də, humanist bir adamı da eyni cür ağuşuna alır. İnsanlar məhz torpağa tapşırılanda eyniləşirlər. Mən bilmirəm bu fikir Fazil Mustafanın hardan beyninə gəlib? Azərbaycan bölgələrində Fəxri Xiyaban yaratmaq məsələsi ona görə mənasızdır ki, ölülər arasında fərq qoyulmamalıdır. Orden və medalların ləğvini istəmək də ona görə absurddur ki, insanlara əməyinə, gördüyü işə görə qiymət verir, onlar arasında seçim edirlər. Biz Qara Qarayev kimi nəhəng bir sənətkarla bu gün 3 mahnı bəstələyən bəstəkarı necə eyniləşdirə bilərik? Təbii ki, onlar arasında ayrıseçkilik edilməlidir. Fazil Mustafa çox ağıllı adamdır. Məgər bilmir ki, orden, medal bütün dünyada təsis edilir? Niyə biz onu ləğv etməliyik? Xeyir olsun! Gərək elə hər şey bizim başımızda görünə? Sənə qurban olaram, əvvəla, o problemləri həll edək, ondan sonra bir yerdə oturub fikirləşərik görək bu orden və medallar bizə lazımdır, ya yox. Bax, onda sənin xətrinə onları ləğv etmək olar”.

Şəymən