FED rəhbərliyi qərarsızdır...

Buna baxmayaraq ilin sonuna kimi dolların möhkəmlən-məsi davam edəcək


Avqustun 26-da ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri (FED) Janet Yellen Vyominq ştatında iqtisadi siyasətlə bağlı ənənəvi illik konfransında çıxış edəcək. Odur ki, indi səhmdarların nəzərləri sentyabrda faiz dərəcələrinin artırılıb-artırılmayacağını bilmək üçün J.Yellenin çıxışına yönəlib. Analitiklər FED rəsmilərinin bu addımı atacağına birmənalı yanaşmır.

Bəzi ekspertlər ABŞ iqtisadiyyatının hədəflərə çatmadığını əsas gətirib FED-in faiz dərəcələrini artırmayacağını proqnozlaşdırır. Bu mövqeyi bölüşməyənlər isə diqqəti FED-in sədr müavini Stenli Fişerin ABŞ iqtisadiyyatı ilə bağlı optimist çıxışına yönəldir. Onların fikrincə, hədəflərə çatmağa yaxın olduqlarını bəyan edən S.Fişer faiz dərəcələrinin artırılacağına işarə edib.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə Amerika FED-in uçot dərəcəsini artırıb-artırmayacağını əvvəlcədən proqnozlaşdırmağın çox çətin olduğunu deyib: "Dəfələrlə olub ki, beynəlxalq ekspertlər FED-in uçot dərəcəsini artıracağı və azaldacağı ilə bağlı açıqlama verib, amma son nəticədə əksi baş verib. FED açıqlamalarının birində ilin sonuna kimi dolların uçot dərəcəsinin artırılmasının gündəmdə olmadığını demişdi. Bunun fonunda FED bu dəfə də uçot dərəcəsi ilə bağlı verdiyi qərarlarda ehtiyatlı olacağını zənn edirəm. Təbii ki, bu uçot dərəcəsində artım olmayacağı anlamına gəlməməlidir. Sadəcə indiki

halda Amerika Birləşmiş Ştatların mövcud iqtisadiyyatı uçot dərəcəsinin artmayacağını şərtləndirir. Son açıqlamalar da göstərir ki, FED rəhbərliyinin dolların uçot dərəcəsinə yanaşması birmənalı deyil, müəyyən qərarsızlıq hiss olunur. İdarə Heyətinin nümayəndələrinin fərqli yanaşmaları var”. FED-in uçot dərəcəsini artırması fonunda baş verəcək proseslərə gəldikdə isə iqtisadçı ilk növbədə dolların məzənnəsinin möhkəmlənəcəyini deyib. Bu isə neft ölkələri üçün arzuolunan deyil: "Dolların möhkəmlənməsi nəticə etibarı ilə neftin dünya bazarındakı qiymətinə təsir göstərir və neft ölkələrinin milli valyutasına təzyiqi artırır. Amma FED uçot dərəcəsini artırmasa, dolların məzənnəsində müəyyən azalmaların olacağı müşahidə olunacaq. Bu baxımdan FED-in indiki uçot dərəcəsini qoruyub saxlaması Azərbaycan və digər neft ölkələri üçün daha məqsədəuyğundur”.

Azərbaycanda dollara olan tələbatın artmasının səbəblərinə toxunan V.Bayramovun sözlərinə görə, bunun başlıca səbəbi idxalın artmasıdır: "İdxal artdıqca dollara tələbat artır. Eyni zamanda, banklar və şirkətlərin bir qismi xarici borc öhdəliklərini mümkün qədər ödəməyə çalışırlar. Bu da son nəticədə dollara tələbi artırır. Bir səbəb də psixoloji tələbin kəskin şəkildə artması ilə bağlıdır. Vətəndaşlar, xüsusən də sahibkarlar pullarını dollarla saxlamağa daha çox üstünlük verirlər. Manat dövriyyəsinin nisbətən artması da dollara tələbi artırır. Mərkəzi Bank kommersiya banklarına manatla mərkəzləşmiş kreditlər verdi. Həmin kreditlərin bir qismi isə dollarlaşmaya başladı”.

İlin sonuna qədər manatın məzənnəsinin ucuzlaşmaqda davam edəcəyini vurğulayan ekspertin sözlərinə görə, dollara olan tələb hərracdakı təklifdən 12 dəfə çoxdur. Bu isə o deməkdir ki, ilin sonuna kimi dolların möhkəmlənməsi prosesi davam edəcək. Əgər Mərkəzi Bank bazara müdaxilə eləməsə, növbəti aylarda dolların kursunun daha da artmasının şahidi olacağıq.

Şəymən