“Dərman bazarındakı xaosu aradan qaldırmaq üçün rəqabət imkanı genişləndirilməlidir”
Dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi son günlər əsas müzakirə predmetlərindən biridir.
Hökumət sözügedən prosesin qaydalarının yaxın vaxtlarda müəyyən ediləcəyini bəyan edib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev isə deyib ki, hökumət uzun müddətdir ki, dərmanların qiymətinin tənzimlənməsi məsələsini müzakirə edir. Ancaq hələ də ortada konkret bir qərar yoxdur: "Son məlumatlarda qərarın hazırlanmaq üzrə olduğu öz əksini tapıb. Ortada konkret qərar olmadığı üçün dərmanların qiymətinin tənzimlənməsi deyildikdə konkret nə nəzərdə tutulduğunu bilmirəm. Bu tənzimləmə nədən ibarətdir və proses necə olacaq? Bütün bunlar hələlik bizim üçün də qaranlıq olaraq qalıb”.
Dərmanların qiymətinin tənzimlənməsinin yeni məsələ olmadığını vurğulayan A.Mehdiyevin sözlərinə görə, dünyanın bir çox ölkələrində qiymətlərin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçirilir. Bunun üçün də müxtəlif üsullardan istifadə olunur.
İqtisadçı hesab edir ki, dərman bazarında vahid qiymət siyasətinin tətbiq olunması bazar prinsiplərinə zidd sayılsa da, bəzi metodlardan istifadə etməklə bazarı tənzimləmək mümkündür. O deyib ki, burada ən vacib məqam dövlət tərəfindən pulsuz paylanan dərmanların qiymətinə nəzarətdir: "Doğrusu, hökumət tərəfindən bəyan edilən məsələlərdə bu tənzimləmələrdən
hansının tətbiq ediləcəyi, ümumiyyətlə, tənzimləmə dedikdə nəyi nəzərdə tutduqları qeyri-müəyyəndir”.
Ekspertin sözlərinə görə, dərman bazarının qiymətini tənzimləməzdən əvvəl bir neçə prosesə diqqət yetirmək lazımdır.
Ölkədə dərman biznesinin həddindən artıq inhisarlaşdığını vurğulayan iqtisadçı deyib ki, respublikaya dərman gətirilməsi və ölkədaxili istehsal inhisarlaşdığından, apteklər də bir əldən onu almağa məcburdur. Dərmanların qiymətinin yüksək olması ilə yanaşı, həm keyfiyyətsiz, həm də firma preparatları meydan sulayır. Bu da ölkəyə gətirilən dərmanların insan sağlamlığının təhlükəsizliyinə qarşı nəzarətin zəif olmasının, inhisarçılığın yüksək olmasının nəticəsidir. Rəqabət ancaq pərakəndə satışda meydana çıxır. Bu isə təbii olaraq müxtəlif apteklərdə qiymətlərin fərqli olmasına səbəb olur. Ölkədə dərmanın qiymətinin yüksək olması və eyni preparatın müxtəlif qiymətlərə təqdim olunması birbaşa inhisarçılıqla bağlıdır. Bu baxımdan bazardakı xaosun aradan qaldırılmasını istəyiriksə, rəqabət imkanlarını genişləndirməliyik. Monopoliyanın aradan qaldırılması və ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət məsələsi öz həllini tapmalıdır. Ancaq bundan sonra dərman bazarında qiymətlərin formalaşmasına baxmaq olar”.
Şəymən