Fırtınaya düşüblər: İtkin azərbaycanlılarla danışmaq hələ mümkün olmayıb





Türkiyədən Liviyaya gəmi aparan üç azərbaycanlıdan sonuncusunun kimliyi məlum olub. Onun kimliyini Türkiyədə çalışan dənizçi Zaur Ağalıyevin sayəsində öyrənmək mümkün olub. Z.Ağalıyevin sözlərinə görə, həmin şəxs Möhlüd Rəşidbəylidir. Məlumat üçün deyək ki, artıq 17 gündür ki, talelərindən heç bir xəbər olmayan matros Fərid Əliyevin ailəsi gəmidə kapitan olan Namiq Salamovun ailəsi ilə birlikdə Xarici İşlər Nazirliyinə gedərək ailə üzvlərinin tapılmasında köməklik göstərilməsini istəyiblər:

İşləmək üçün Türkiyəyə gedən və yaxınları tərəfindən itdiyi iddia edilən dənizçilərin taleyini müəyyən etmək üçün aparılan araşdırmalar davam etdirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Şərq”ə açıqlamasında deyib ki, dənizçilərin itməsi ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət daxil olan andan etibarən nazirliyin təlimatı əsasında Azərbaycanın Türkiyədəki Baş Konsulluğu dərhal faktla bağlı araşdırmalara başlayıb: "Bununla bağlı İstanbuldakı baş konsulluğun bir əməkdaşı bu məsələyə görə təhkim edilib. İlkin məlumatda gəminin Liviya sərhədləri istiqamətində hərəkət etdiyi bildirilsə də, şirkət tərəfindən verilən məlumatda gəminin Türkiyə ilə Yunanıstan arasındakı dəniz sahəsində olduğu qeyd edilib. Həmin ərazinin coğrafi quruluşundan asılı olaraq, mobil telefonlar və müvafiq vasitələrlə əlaqələrdə müəyyən çətinliklər var. Amma bütün hallarda Konsulluğumuz məsələni diqqətdə saxlayır və mütəmadi olaraq, şirkətlər, Türkiyənin Dəniz Administrasiyası və digər müvafiq qurumları ilə təmaslarını davam etdirir. Hələ ki, bundan kənar bilgilərimiz olmasa da, hər hansı bir yenilik olan kimi operativ qaydada həmin şəxslərin yaxınlarına və kütləvi informasiya vasitələrinə məlumatlar veriləcək”.

Həmyerlilərimizin "Kalkanlar 1” gəmisini Liviyaya aparmaq üçün razılığa gəldikləri "Gebze Denizçilik” şirkətinin rəhbəri Ercan Dəliürək də son günlər onlarla danışmaq imkanı olmadığını deyib: "Hazırda onlarla əlaqə qurmaq istəsək də, bu cəhdlərimiz boşa çıxır”.

Onun sözlərinə görə, texniki nasazlıq yarandığı üçün Yunanıstan sahillərində olan gəminin ekipaj üzvləri ilə sonuncu dəfə 3-4 gün əvvəl danışıb: "İndi də həmin 4 nəfərlə əlaqə qurmağa çalışırıq. Ancaq təəssüf ki, indiyə qədər danışa bilməmişik. Onların taleyindən mən də xəbərsizəm. Gün ərzində hansısa bir məlumat alsam, bu barədə xəbər verəcəm”.

Qeyd edək ki, üç Azərbaycan vətəndaşı fevral ayının 20-də Liviyaya gəmi aparmaq üçün yola düşüblər və bir gün ailələrinə zəng vurublar. Dənizçilərlə müəyyən yol qət etdikdən sonra fırtınaya düşdüklərini deyiblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur. Onlar "Gebze Denizçilik” adlı şirkətlə əməkdaşlıq ediblər və şirkətə məxsus "Kalkanlar 1” adlı gəmini Liviyaya aparıb orada əvvəlcədən təyin edilmiş şəxsə təhvil vermək barədə razılığa gəliblər.

Şəymən