Forum iştirakçılarının Bakı təəssüratları...

Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanı dünyaya nümunə olacaq ölkə hesab edir



Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın keçmiş baş naziri Dominik de Villpeni qəbul edib. Yenidən Bakıya səfər etməsindən məmnunluğunu bildirən Dominik de Villpen iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini deyib. Villpen iqtisadi və siyasi vəziyyətin asan olmadığı indiki dövrdə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu vurğulayıb.

O, Azərbaycanın uzun illər dostu olduğunu qeyd edib. Prezident İlham Əliyev Fransanın keçmiş baş naziri Dominik de Villpenlə Bakıda və Parisdə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qonağın Forumda iştirakının əhəmiyyətini vurğulayıb. Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müzakirə edilən məsələlərin önəmi qeyd olunub, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.

"İnsanların yüksək əhval-ruhiyyəsi məndə dərin təəssürat yaratdı”

Prezident İlham Əliyev Qətər dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al-Mahmudu da qəbul edib. Dövlət başçısı Qətər dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfərini, həmçinin bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində keçirdikləri görüşləri və aparılan müzakirələri məmnunluqla xatırladıb. Paytaxtımızda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Qətər dövlətinin göstərdiyi diqqəti yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Forumda iştirakına görə Ahmed bin Abdullah Al-Mahmuda təşəkkürünü bildirib. Ahmed bin Abdullah Al-Mahmud isə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu zamanı göstərilən diqqətə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Ahmed bin Abdullah ölkəmizin inkişafının, Bakının gözəlliyinin və paytaxtda planlı şəkildə həyata keçirilən abadlığın, eyni zamanda, insanların yüksək əhval-ruhiyyəsinin onda dərin təəssürat yaratdığını vurğulayıb, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırıb.

"7-ci Qlobal Forum
Azərbaycanın inkişaf və
həyatsevərlik təzahürü oldu”

Litva dövlətinin təmsilçisi Aleksandras Brokas da söyləyib ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Avropanın Qafqaz-Xəzər regionunda yerləşən Azərbaycanın inkişaf və həyatsevərlik təzahürü, siyasi mədəniyyət axtarışlarının və xoş məramın təsdiqi oldu. Onun sözlərinə görə, Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir. O deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi çox əhəmiyyətli bir qərardır: "Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, alimlər, ictimai-siyasi xadimlər, elm, mədəniyyət adamları bir araya gəlirlər. Forum müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrilib” .

"Bakı sivilizasiyalararası forumların keçirilməsi üçün yaxşı məkandır”
Forumun Fransadan olan iştirakçısı Jan Pyer Lekoq da deyib ki, Bakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün yaxşı bir məkana çevrilib. O bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir: "Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri, o cümlədən müsəlmanlar, xristianlar, yəhudilər birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir”.

"Bakı beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib”

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir də bəyan edib ki, Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib. O, Azərbaycanın inklüziv dünyanın yaradılması üçün etnik müxtəlifliyi seçməsini alqışladığını bildirib: "Beynəlxalq ictimaiyyət Azərbaycanın təcrübəsini öyrənməlidir”. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci isə deyib ki, dialoq sülhə nail olmağın ən təhlükəsiz yoludur: "Fəxr edirəm ki, Bakı prosesinin hissəsiyəm. Dini, mədəni, dil fərqi bizi ayırmalı deyil, əksinə, birləşdirməlidir”.

İsmayıl