"Fransa heç vaxt ədalətli mövqe nümayiş etdirməyəcək” - Ermənipərəst

Sərdar Cəlaloğlu: "Rəsmi Paris faktiki olaraq ermənilərin yanındadır "



"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Fransa heç vaxt ədalətli mövqe nümayiş etdirməyəcək”.

Bunu Sherg.az-a Fransa prezidentinin erməni həmkarı Serj Sarkisyanla Paris görüşündə müzakirə edəcəyi mövzulardan danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, Türkiyə və digər ölkələrlə əlaqələrini nəzərə alsaq, Fransanın ermənipərəst mövqeyi daha aydın görünər:

"Rəsmi Paris və İrəvanın müxtəlif istiqamətlərdə müəyyən münasibətləri var. Ona görə də dövlətlərin əlaqələrinin tənzimlənməsi istiqamətində görüşlər həyata keçirilib, müzakirələr aparılır. Buna görə Ermənistanın görüşlər təşkil etdiyi bütün dövlətlərlə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağını düşünmək yanlış olardı. Hər iki dövləti iqtisadi, hərbi, sosial və digər münasibətlər yaxınlaşdıra bilər”.

S. Cəlaloğlu əlavə edib ki, istənilən halda Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ermənipərəst mövqeyini həmişə nümayiş etdirib. Rəsmi Paris faktiki olaraq ermənilərin yanındadır.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı S.Sarkisyanı Parisə dəvət edib.

Aysel Aslan