Fransa mayın 7-də prezidentini seçəcək

Marin Le Pen Azərbaycan üçün arzuolunan namizəd deyil
Çünki onu maliyyələşdirən əsas dairə erməni lobbisidir

Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib. Sabiq iqtisadiyyat naziri, "En Marche” Hərəkatının lideri Emmanuel Makron 24 faiz, "Milli Cəbhə” partiyasının rəhbəri Marin Le Pen isə 22 faiz səs toplayıb. Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb.

Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək. Le Pen prezident seçkilərində ilk dəfə olaraq 7 milyona yaxın səs toplayıb. Buna baxmayaraq, rəy sorğuları 39 yaşlı E.Makronun ikinci turda qələbə qazanacağını nümayiş etdirir. Seçkilərin əsas nəticəsi kimi Fransa siyasətində 60 il ərzində hakim mövqe tutan sosialist və sağ mərkəzçi partiyaların məğlubiyyəti göstərilir. Seçkilərin ilk turunda Parisdə kütləvi iğtişaşlar olub. Polislə nümayişçilərin toqquşmasında iki nəfər yaralanıb, 3 nəfər tutulub. Polis aksiya iştirakçılarına qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə polisə fayerlər, daş və butulkalar atıblar. Yüzlərlə fransalı nəqliyyatın hərəkətinə mane olaraq barrikadalar qurmağa çalışıblar. Onlar "Martin Le Pen və ya Makron, bizə fərq etməz! Seçkilərin nəticələrini tanımırıq” deyə qışqırıblar. Xatırladaq ki, hər iki siyasətçi ermənipərəst mövqeyi ilə tanınır. Le Pen isə nəinki Fransa, bütöv Avropa üçün təhlükəli persona hesab olunur.

Fransadakı seçki ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Le Pen millətçidir və Fransanın Avropa Birliyindən çıxmasının tərəfdarıdır: 

"Le Pen Rusiya ilə yaxınlaşmaq haqqında dəfələrlə müsbət bəyanatlar verib. O hesab edir ki, bir sıra məqamlarda Fransa ABŞ-la yox, birbaşa Rusiya ilə əməkdaşlıq etməlidir. Həmçinin, bəzi xoşagəlməz ifadələri ilə də yadda qalıb. Şəxsən özü ifadə edib ki, "Qarabağ Ermənistana birləşdirilməlidir”. Düşünmürəm ki, bu bəyanat savadsızlıqdan irəli gəlir. Le Pen ermənilərə yaxınlığı ilə tanınır. Çünki onu maliyyələşdirən əsas dairə erməni lobbisidir. Makron isə bir qədər mötədil mövqedə dayanır. O, Fransanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, Avropa ölkələri ilə münasibətləri genişləndirmək, AB-ni gücləndirmək yolunu seçib. 

Seçkiqabağı kampaniyasında bunu dəfələrlə bəyan edib”. Politoloq bildirib ki, ilk turu keçən hər iki namizəd on illər ərzində ölkəni idarə edən sosialistlərin qrupuna daxil deyil: "İlk dəfədir ki, Fransada belə bir hadisə baş verir. Bu onu göstərir ki, Fransa vətəndaşları, ümumiyyətlə, Avropa seçiciləri sistemli siyasətçilərdən beziblər. Seçicilər yeni simalar, fərqli siyasətçilər görmək istəyirlər. Ənənəvi partiyaların nümayəndələrinə inam qalmayıb. 7 maya qədər dəqiq proqnoz vermək çətindir. Amma hər halda o tarixə kimi seçki mübarizəsi gərgin şəkildə davam edəcək”.

İsmayıl