Gələn il fürsətdir: Qarabağ münaqişəsinin həllində müsbət irəliləyiş gözlənilir - AKTUAL

"Son dönəmlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün çox əlverişli şərait yaranıb”. Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.
Politoloq bildirib ki, Rusiya-Ermənistan münasibətləri çoxdan soyuyub və işğalçı dövlət Nikol Paşinyanın səriştəsiz siyasətinin qurbanına çevrilib: "Azərbaycan-Rusiya münasibətləri isə yüksələn xətlə davam edir, daha da inkişaf edir. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, "Azərbaycanın və Ermənistanın yaxın tərəfdaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılaşmalara nail olunması üçün əlindən gələni edəcək. Məsələnin həllinə bünövrə yaratmağa kömək edəcək kreativ fikirlər tapmağa çalışacaq”. 
Son görüşlərdə Paşinyanın Rusiya prezidenti Vladimir Putindən şəkillərdə uzaq düşməsi, "seçki”lərdə "qalib” olduğu üçün təbrik etməməsi bir çox nüanslardan xəbər verir. Bu, bir daha təsdiq edir ki, Paşinyanın diletant siyasəti ölkəsini uçuruma aparır”.
Analitik bildirib ki, bu günlərdə Avropa Birliyi və Azərbaycan arasında siyasi dialoqun daha da inkişaf etməsi Ermənistan üçün bir siqnal olmalıdır: 
"İnanıram ki, 2019-cu il Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici il olacaq. İşğalçı Ermənistana təzyiq hazırda artırılıb və gələn il daha da çox artırılacaq. Başqa bir məqam Ermənistanın son zamanlarda zəifləməsi ilə bağlıdır. Paşinyanın gəlişindən sonra demoqrafik vəziyyət daha da pisləşib. Ölkədə vəziyyət o qədər qarışıqdır ki, hətta yaxınlarda ABŞ səfirliyi vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib. Bir sözlə Ermənistandakı rejim məhvə doğru gedir və bu şəraitdə Azərbaycan ərazilərinin işğalda saxlanması çox çəkməz”.
Qeyd edək ki, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində çıxışı zamanı Ermənistanda cərəyan edən proseslərə və Dağlıq Qarabağ münaqişəsinin həllinə növbəti dəfə münasibət bildirib. Dövlət başçısı bəyan edib ki, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verib. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çöküb: "Hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.
İsmayıl