Özləri saunada başqa bir qadının yanında olur, nişanlısı zəng edib harasa getmək istədiyini bildirən kimi “yox, olmaz, sən otur evdə” - deyirlər
Oğullar var anasına xoş gəlsin deyə, günlərlə həyat yoldaşının otağına girmir
2016-cı il ərzində Azərbaycanda 13114 boşanma qeydə alınıb. Boşananların 4869-nun nikahı 5 ilə qədər, 3668-nin nikahı 5-9 il, 2806-nın nikahı 10-19 il, 1771-nin nikahı 20 il və çox davam edib.
Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır. Ötən il boşanan kişilərin 2-sinin yaşı 18, 6-sının yaşı 19 olub. Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 132 nəfər olub.
Statistik göstəricilərdən də aydın görünür ki, boşanmaların sayı maksimum həddə çatıb. Bəs nikahların pozulmasına səbəb nədir? Görəsən dövrümüzdə informasiya ehtiyatlarının günü-gündən inkişaf etməsi, sosial şəbəkələrin bəzi vaxtlarda yaratdığı problemlər boşanmaların sayının artmasına şərait yarada bilərmi?
Məsələ ilə bağlı "Şərq”ə danışan sosioloq Humay Həsənovanın sözlərinə görə, boşanmaların baş verməsinə əsas səbəblərdən biri regionlardakı mentalitet, yazılmamış qanunlar, düzgün olmayan ailə tərbiyəsidir:
"Sosial rifahın aşağı olması, maddi sıxıntılar, internetin yaratdığı problemlər öz yerində, lakin "gəlin evin süpürgəsidir, hara qoysaq orda durmalıdır” deyimləri bu dəqiqə də rayonlarda hökm sürür. Səsini evdə həyat yoldaşına çıxaranlar, anadan qorxan "kişiciklər”, elə olur ki, anasına xoş gəlsin deyə, günlərlə həyat yoldaşının otağına girmir. Bütün bu hadisələr ən çox rayonlarda, hətta Bakının özündə baş verir, sonda isə boşanmalarla nəticələnir.
Evlilik bir yana, həmçinin bizim nişanlı oğlanlara elə gəlir ki, onlar həmişə qızlara etiraz eləməli və qadağa qoymalıdırlar. Özləri saunada başqa bir qadının yanında olur, nişanlısı zəng edib harasa getmək istədiyini bildirən kimi "yox, olmaz, sən otur evdə” - deyirlər. Bax belə lazımsız qadağalar nişanlı qızların nişanı qaytarmasına səbəb olur. Hər şeydə qızları günahkar görmək olmaz. Gərək analar vaxtında oğul övladlarının əqidələrini, ağıllarını düzgün yola istiqamətləndirsinlər. Hər bir qadın ailə quranda istəyir ki, xoşbəxt olsun. Bu gün boşanmalarla bağlı bir çox səbəbləri qeyd edə bilərik, lakin düşünürəm ki, əsas səbəb kişilərin qadına qarşı gərəksiz qadağaları, təzyiqləridir”.
Yeganə Bayramova