Gəlirlərin normal bölgüsü olarsa...





İqtisadçı Qadir İbrahimli "Şərq”ə açıqlamasında icbari tibbi sığortanın tətbiqinin gecikməsinin bir neçə amillə bağlı olduğunu dedi:

- İcbari tibbi sığorta hökumət səviyyəsində ciddi araşdırılmalıdır. Azərbaycan reallıqları öyrənilməlidir. Bunlar edilməyincə, pilot layihələrin də effektli olacağı gözlənilmir. İcbari tibbi sığortanın tətbiqi geniş şəkildə müzakirələrdən keçməli, "beyin hücumu” olmalıydı. Müzakirələrin nəticəsi olaraq da qərarlar qəbul edilməlidir. Bundan başqa qonşu ölkələrdə icbari tibbi sığorta təcrübəsi var. 

Onlardan öyrənilməlidir. Bu elə bir məsələdir ki, maliyyə imkanları da, səhiyyə resursları da nəzərə alınmalıdır. İdeya gözəldir, amma bizim vətəndaşların gəlir səviyyəsi normal müalicəyə təminat vermir. Başqa bir səbəb gəlir bölgüsünün normal aparılmamasıdır. Gəlirlərin əsas hissəsini işəgötürənlər mənimsəyir. İşəgötürənlər sosial öhdəliklərə əməl etmir. Gəlirlərin düzgün bölünməsi mədəniyyəti də yoxdur. İşəgötürənlər işçi qarşısında heç bir məsuliyyət daşımır. 

Əmək müqavilələri imzalanmadığından, işçinin sosial təminatı da olmur. Əslində, icbari tibbi sığortanın tətbiqi elə də çətin məsələ deyil. İcbari tibbi sığorta nədir? Vətəndaşların bir qisminin - aztəminatlı təbəqə, xüsusi qayğıya ehtiyacı olanlar, uşaqlar, təqaüdçülər və s. tibbi sığorta haqqını dövlət ödəyir. İri dövlət müəssisələri, şirkətlər bu məsələdə dövlətə xeyli dəstək verə bilər. Məsələn, SOKAR, "Azərişıq”, "Azəriqaz” kimi iri müəssisələr icbari tibbi sığortanı rahatlıqla təmin edə bilər. Deyək ki, iri şirkətlər, holdinqlər bu işin əsasını qoya bilər. Qalır, bayaq dediyim, xüsusi təbəqələr, onların da tibbi sığortası dövlət büdcəsi hesabına ödənəcək. İcbari tibbi sığortanın ölkə miqyasında tətbiqi hökumətdən asılıdır. Əgər hökumət bu məsələni prioritet kimi qarşıya qoysa, 1-2 ilə həll olunar. Əks halda, illərlə uzanacaq.

Məlahət Rzayeva