Gəlməzlər...

Türkiyədəki suriyalı qaçqınların Azərbaycana axın etməsi arzuedilən deyil



"Əgər qonşu ölkələrdə təbii fəlakət olsa, oranın insanlarının üz tutduqları yer Azərbaycan olacaq. Bu zaman sərhədlərimiz açılacaq və insanlar ölkəmizə axın edəcək”. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak deyib. O bildirib ki, Azərbaycan dövləti ölkəmizə gələn qaçqınlara yardım edəcək və onlara qaçqın statusu verəcək”. Qurum nümayəndəsi Azərbaycanın miqrant dayanıqlılığını da analiz edib:

"Ümid edək ki, Azərbaycan çox ciddi sayda miqrant axını ilə üzləşməyəcək. Amma bu baş verərsə, dövlətimiz onların hamısını qəbul edəcək”. Məsələ ilə bağlı "Şərq”ə danışan miqrasiya üzrə ekspert Azər Allahverənov deyib ki, bir neçə yüz qaçqının ölkəyə sığınması ilə yüz minlərlə qaçqının gəlməsi fərqlidir: "Qısa müddət ərzində Avropa dövlətlərinə çox böyük sayda, hardasa bir milyondan artıq miqrant axını baş verdi. Təbii ki, Qərb ölkələri üçün bu, gözlənilməz idi. Türkiyədə isə təxminən 3 milyona yaxın suriyalı və iraqlı qaçqınlar var. Azərbaycan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri qaçqın problemini yaşayıb. 50 min məhsəti türkünün ölkəmizə gəlməsi, 200 mindən çox soydaşımızın Ermənistandan ölkəmizə üz tutması, daha sonra Qarabağdan bir milyona yaxın insanın məcburi köçkün vəziyyətinə düşməsi üzləşdiyimiz ən ciddi humanitar böhran idi. Ozamankı rəhbərlik çox ciddi şəkildə resurslarını səfərbər edərək bu problemin həllinə nail oldu. Demək olar ki, 1990-cı illərin sonlarına yaxın artıq bütün qaçqınların yardım, məişət, təhsil, sağlamlıq, sənədləşmə və s. problemləri həll edilmişdi. Yəni biz qaçqın böhranını yaşadıq və bunun gətirəcəyi çətinlikləri gördük. Ona görə də Türkiyə gələn qaçqın axınının Azərbaycana gəlməsi arzuedilən deyil”. Ekspertə görə, Azərbaycana miqrant axını arzuolunmaz olmaqla yanaşı, bu həm də mümkünsüzdür: "Suriya ilə həmsərhəd olan Türkiyə "bufer zona” kimi qaçqınlar üçün əlverişlidir. Digər tərəfdən suriyalı qaçqınlar daha çox Avropaya meyillidirlər. Onlar daha yaxşı həyat tərzi sürmək istəyirlər. Qərb ölkələrində qaçqınlara dövlətin dəstəyi çox olur, müavinətlər verilir. Bununla yanaşı, bütün dünya bilir ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Düzdür, dövlət onların hər problemini üzərinə götürüb. Hətta hökumət bununla kifayətlənməyib, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla bağlı proqramlar həyata keçirib. Ancaq hazırda dövlətin imkanları o qədər də böyük deyil, ölkədə iqtisadi problemlər yaşanır. Çox güman ki, suriyalı qaçqınlar Azərbaycanda onları gözləyən çətinlikləri bilirlər. Bu səbəbdən qaçqınların kütləvi surətdə ölkəmizə gəlməsi gözlənilən deyil. Azərbaycan qaçqınlar üçün maraqlı ölkə sayılmır”.

İsmayıl