Gəncədə yeni ailə quranlar mənzil sahibi olacaqlar

Ekspert bildirib ki, layihənin icrası tezliklə başqa rayonlara da yayılacaq



"Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisinə başlanılacaq. Binalar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən tezliklə inşa ediləcək”.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, Gəncədə memarlıq görkəmi ilə diqqət çəkən yüksək mərtəbəli binaların tikintisi çoxalsa da, şəhər sakinlərinin, xüsusilə də yeni ailə quran gənclərin mənzillə təminatına ciddi ehtiyac var: "Odur ki, yaxın vaxtlarda Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisi planlaşdırılır. Daxilində hər bir şəraiti olacaq mənzillər sakinlərə, yeni ailə quran gənclərə ən münasib qiymətlərlə, güzəştli şərtlərlə, 25 illik ipoteka krediti ilə veriləcək. Sosial mənzilləri yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi tikəcək”.

İqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”-ə söyləyib ki, bunu sosial evlər layihəsinin başlanması kimi dəyərləndirmək olar. Ekspertin sözlərinə görə, sosial evlərin inşasına dair artıq qanunvericilik bazası da formalaşdırılıb: "Azərbaycanda sosial evlər 2018-ci ilin sonuna qədər istifadəyə verilə bilər. Bu isə o deməkdir ki, praktik olaraq sosial evlər layihəsi reallaşmaqdadır”.

V.Bayramov diqqətə çatdırıb ki, sosial evlər yalnız paytaxtda deyil, rayonlarda da nəzərdə tutulub: "Gəncə şəhəri ilə yanaşı, digər şəhərlərimizdə də bu layihənin icrasına başlanıla bilər. Odur ki, layihə sonradan başqa rayon və şəhərlərə də yayılacaq. Bakı ətrafında da sosial evlər inşa olunacaq. Əsas məqsəd ondan ibarətdir ki, yalnız paytaxt deyil, həm də rayon sakinləri də bu imkandan faydalansınlar. O baxımdan sosial evlər layihəsi artıq həyata keçirilir. Bu da birmənalı şəkildə ondan xəbər verir ki, Azərbaycanda 2 ildən sonra gənc ailələr ayda 150 manat ödəməklə mənzilə sahib olma imkanı qazanacaqlar”.

Ayyət Əhməd