Gənclər ekstremist qüvvələrin təsirinə daha tez düşür
Bu səbəbdən onların qorunmasına daha çox ehtiyac var
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusu ilə panel iclaslarını davam etdirib. Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqa şəxslər iştirak ediblər. Qonaqları təqdim edən moderator bildirib ki, qloballaşmanın önündə duran etnik müxtəliflik çox mühümdür: "Etnik və mədəni müxtəliflik müsbət fenomendir. Bu, müxtəlif insanın davranışına, vərdişlərinə bağlanır. Bu dəyərlər fəaliyyətimizi təmin edir. Belə olmazsa münaqişələrə yol açır. Azərbaycan dünya səviyyəsində multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edən azsaylı dövlətlərdəndir. Azərbaycan bu siyasəti illər boyu yürüdür. Ötən gün Forumun açılış mərasimində Prezident İlham Əliyev də bildirdi ki, multikulturalizm Azərbaycan dövlətinin əsas siyasətidir”.
"Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edir: "Təsadüfi deyil ki, Bakıda, Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar. Bu, multikulturalizmin ən bariz nümunəsidir. Ölkədə 2500-dən çox məscid fəaliyyət göstərir. Azərbaycanda qeyri-müsəlman dini icmaların sayı 33-ə çatıb”.
"Forum dünya miqyasında özünəməxsus, çox hörmətli, nüfuzlu bir yer tutub”
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Forum BMT-nin ötənilki hesabatında dünyanın mədəniyyətlərarası dialoq sahəsində ən mühüm platforması kimi qiymətləndirilib: "Bu cür yanaşma, münasibət dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn insanların həm reallıqda ölkəmizdə mövcud reallıqları ilə tanış olmaq imkanı, eyni zamanda bəşəriyyəti narahat edən mövzular ətrafında müzakirələr aparmaq imkanı yaradır. Forumun hazırlıq dövründə xüsusi beyin mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdə bütün beynəlxalq qurumların nümayəndələri var ki, onlar əvvəlcədən mövzuları müzakirə edir, planlaşdırırlar. Hazırlıq prosesi həm elmi, həm də təcrübə mübadiləsi baxımından önəm daşıyır. Odur ki, forumda müzakirəsi tövsiyə olunan mövzular hər bir beynəlxalq təşkilat üçün uğurludur. Gördüyünüz kimi bütün auditoriyalar dolu idi. Müzakirələrin gərgin şəkildə keçdiyini əyani şəkildə gördük".
"Son dövrlərdə dünya ölkələrində ksenofobiya, münaqişə, iğtişaşlar artmaqdadır”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla vurğulayıb ki, multikultural təhlükəsizlik mədəni dəyərlərin təmin olunması, qorunması deməkdir. Əks halda etnik dini qarşıdurmalara yol aça bilər: "Azərbaycanda cəmiyyət daxilində bütün konfessiyalara dövlət tərəfindən münasibət bərabər yönəlib. Azərbaycanda belə bir mühitin olması ölkə başçısı, dövlətin konfessiyaların arasında fərq qoymamasıdır. Multikultural təhlükəsizliyin ən vacib məsələlərindən biri də məhz bundan doğur. Azərbaycan dövlətinin milli müxtəlifliyə münasibəti eynidir. Bu gün ölkəmizdə rus, gürcü, kürd, alman və digərləri Azərbaycanı ortaq vətənə çevirə biliblər. Bir kənd qədər sakini olan xınalıqlar da Azərbaycana məxsusdur. Ulu öndər Heydər Əliyev deyirdi ki, dövlət nə qədər xalqı birləşdirə bilirsə, bir o qədər zəngin olur və sivilizasiyaya töhfə verir. Azərbaycanda hər kəs öz ana dilində danışa, yaza bilər. Konstitusiyamızın 44-cü maddəsində bildirib ki, hər kəsin milli mənsubiyyətini qorumaq hüququ var”.
"Gənclərin məşğulluğu ilə bağlı təbliğat üçün medianın rolundan istifadə vacibdir”
Forum çərçivəsində "Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar” mövzusunda geniş müzakirələr də aparılıb. Sessiyanın moderatoru, BMT-nin Terrorla Mübarizə İdarəsinin aparat rəhbəri Sevil Əlirzayeva təmsil etdiyi qurumun gənclərin peşə təhsili və innovativ yanaşmalara münasibəti istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, BMT-nin Terrorla Mübarizə İdarəsi tərəfdaş dövlətlərlə birgə iş aparır.
Gənclərin məşğulluğu ilə bağlı reallaşan bütün proqramlarda təbliğat üçün medianın rolundan da istifadə olunmasının vacibliyini vurğulayan natiq deyib ki, gənclər cəmiyyətin fəal üzvləri olmaqla yanaşı, həm də daha çox xarici təsirlərə məruz qala bilən hissəsidir. Gənclərin maarifləndirilməsində onların ekstremist təsirlərdən qorunması üçün mənimsədikləri elmi biliklər xüsusi əhəmiyyət kəsb edir. Bu, həm onların məşğulluğunun təmin olunması, həm də terrorla mübarizə istiqamətində vacib məqamlardan biridir. O vurğulayıb ki, BMT-nin Terrorla Mübarizə İdarəsi gənclərin məşğulluğunun təmin olunması, eləcə də ayrı-seçkiliyə, terrora qarşı mübarizə istiqamətində qlobal və regional layihələr həyata keçirmək üçün tərəfdaş ölkələrlə mütəmadi əməkdaşlıq edir.
"Azərbaycan terrora məruz qalmış ölkədir”
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb. Dünyada ksenofobiya və ayrı-seçkiliyin geniş yayıldığına diqqət çəkən F.Cəfərov ölkəmizdə hər zaman tolerantlığa, multikultural dəyərlərə hörmətlə yanaşıldığını deyib: "Azərbaycan terroru yaşamış ölkədir. Biz bunun nə olduğunu çox yaxşı bilirik. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə yanaşı, ölkəmizdə bu dövlət tərəfindən bir neçə dəfə terror aktı törədilib. Biz terroru hər vəchlə pisləyirik və ona qarşı mübarizənin bütün üsullarını dəstəkləyirik”.
"Azərbaycanda insanların haqları mənəvi baxımdan da qorunur”
Sessiyalardan biri də "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək" mövzusuna həsr edilib. Tədbirə moderatorluq edən İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi qeyd edib ki, bərabər vətəndaşlıq hüquqları aktuallıq kəsb edir. BMT-nin Baş katibi bu məsələyə xüsusi diqqət yetirir. Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, ölkəmizdə dinindən və irqindən asılı olmayaraq hər kəsin hüquqları bərabər qorunur: "Azərbaycanda hüquqla yanaşı, insanların haqları mənəvi baxımdan da qorunur. 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycanda yaşayan bütün dinlərin və millətlərin mənəviyyatlarının qorunması, o cümlədən təbliği üçün nəzərdə tutulub”. Anna Lind Fondunun icraçı direktoru, səfir Nabil Əl-Şərif bildirib ki, rəhbərlik etdiyi qurum 2005-ci ildən fəaliyyət göstərir.
Fondun 42 ölkəni əhatə etdiyini deyən Nabil Əl-Şərif qeyd edib ki, qurum 2500 vətəndaş cəmiyyəti təşkilatı ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. İcraçı direktor deyib ki, bəzən dini zəmində münaqişələr mətbuatda insanların fikirləri düzgün verilmədiyi üçün yaranır. Lakin Fondun keçirdiyi sorğulardan məlum olur ki, insanlar biri-birlərinə qarşı müsbət fikirdədirlər. Fondun əsas fəaliyyət prinsiplərindən birinin də gənclərlə işləmək olduğunu deyən səfir əlavə edib ki, gənclər ekstremist qüvvələrin təsirinə daha tez düşür. Bu səbəbdən onların qorunmasına daha çox ehtiyac var.
İsmayıl