Gerasimov riyakarlıq edir

“Məqsəd Türkiyədə 15 iyulda baş verən və ondan sonra Silahlı Qüvvələr daxilində yaşanan proseslər fonunda türk ordusunu aşağılamaq, zəif göstərməkdir”
“Onun sözlərindən belə çıxır ki, “əgər indiyə qədər Qara dəniz donanmasında Türkiyə ağalıq edirdisə, deməli, bundan sonra Rusiya ağalıq edəcək?!”

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyənin artıq Qara dənizin ağası olmadığını deyib. Gerasimov Rus donanması və Türk Dəniz Qüvvələri arasında güc nisbətinin son bir neçə il ərzində ciddi şəkildə dəyişdiyini bildirib. "Qafqaz 2016” təlimlərinin nəticələri barədə danışan Baş Qərargah rəisi rus donanmasının gücləndiyini iddia edib:

"Bundan bir neçə il əvvəl rus donanmasının hərbi gücü Türk Dəniz Qüvvələrindən az idi. O zamanlar Türkiyəni az qala Qara dənizin ağası adlandırırdılar. Ancaq indi hər şey dəyişib”. Gerasimov rus donanmasının hansı səbəbdən gücləndiyini də açıqlayıb: "Rus donanmasına kalibr tipli cruz raketləri daşıya bilən sualtı gəmilər cəlb olunub. Bu silahlar donanmanın hərbi gücünü xeyli artırıb. Rusiyanın Qara dəniz donanması türklərdən daha çox üstünlüyə malikdir”. Baş Qərargah rəisinin iddiası ilə bağlı "Şərq”ə danışan hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın riyakarlıq etdiyini deyib. Ekspertə görə, Gerasimovun belə bir etirafı əvvəllər deyil, məhz indiki məqamda dilə gətirməsi əsl məqsədi ortaya qoyur: "Məqsəd Türkiyədə 15 iyulda baş verən və ondan sonra Silahlı Qüvvələr daxilində yaşanan proseslər fonunda türk ordusunu aşağılamaq, zəif göstərməkdir. Gerasimovun fikirlərində NATO və Türkiyə ordusuna qarşı açıq qərəz və təhqir hiss olunmaqdadır. Onun sözlərindən belə çıxır ki, "əgər indiyə qədər Qara dəniz donanmasında Türkiyə ağalıq edirdisə, deməli, bundan sonra Rusiya ağalıq edəcək?!”. Əslində reallıq tamam başqadır, türk donanması əvvəlki gücündə qalmaqdadır. Çox güman ki, Gerasimovla Türkiyə Silahlı Qüvvələrinin baş komandanı Hulusi Akar arasında aparılan danışıqlarda qardaş ölkə rəsmiləri diplomatik narazılığını ifadə edəcək. Ola bilsin, son dönəmlər Rusiya-Türkiyə münasibətlərinin normallaşması naminə bu məsələnin üzərinə çox gedilməsin. Amma istənilən halda türk donanmasının iddia edildiyi kimi zəifləmədiyini dünya ictimaiyyətinə çatdırmaq lazımdır”. Ü.Cəfərov bildirib ki, 15 iyuldan ötən 60 gün ərzində Qara dənizdə heç nə dəyişməyib: "Türkiyə yenə də Qara dənizdə söz sahibidir və NATO-nun ikinci ən güclü ordusuna sahibdir. Türk donanması çox yüksək döyüş hazırlığına malikdir. Kalibr raketlərinə sahib olmaq Rusiya donanmasına əlavə üstünlük vermir. Çünki həmin raketlərdən on qat güclü qurğular var. Türkiyə ordusu NATO-nun bütün silahlarına sahibdir və əvvəlki kimi güclüdür. Son günlər Suriya ərazisində aparılan hərbi əməliyyatlar türk ordusunun və hərbi texnikasının hansı gücə malik olduğunu isbat etdi. Ancaq Rusiya silahlı gücləri illərdir Suriya səmasında günahsız adamların üzərinə bomba yağdırmaqla məşğul olurlar. Əslində güc nisbəti ortadadır”.

İsmayıl