Çaya ölmüş heyvanların, zərərli maddələrin qalıqları atılır
İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunda təhlükəli vəziyyət yaranıb. Artıq 10 gündür ki, çayın suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb.
İsmayıllının Gəraybəyli kəndində 15-ə yaxın sakin mədə-bağırsaq problemi, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib.
Çaya çirkli maddələrin axıdılması səbəbindən suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir. Hətta çayın içərisindəki daşlar da yaşıl rəngə boyanıb. Bu təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Guruslu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin sakinlərinin narahatlığına səbəb olub.
Sakinlərin sözlərinə görə, on gün əvvəl çaydan əvvəlcə köpüklü, sonra yaşıl rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi qoxuya malik çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya camaşırxana və kanalizasiya tullantıları axıdılır. Zəhərli toksik maddələrin axıdıldığı su insanların sağlamlığına zərərli təsirini göstərməkdədir. Kənd sakinləri məsələnin tezliklə araşdırılması və insanları təmiz sudan məhrum edən şəxslərin tapılması üçün aidiyyəti qurumlardan xahiş edirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında suyun rənginin və dadının dəyişmə səbəbini çaya arzuolunmaz maddələrin atılmasında görür: "İnsanlar özləri də intensiv olaraq suyu çirkləndirirlər. Dəfələrə su hövzələrinə ölmüş heyvanların, zərərli maddələrin atıldığının şahidi olmuşuq. Belə halların qarşısının alınması üçün ciddi işlər görmək lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı monitorinqlər keçirməli, müəyyən təhlillər aparmalıdır. Xoşagəlməz məsələnin səbəbi dəqiq müəyyən olunduqdan sonra əlaqədar tədbirlər yerinə yetirilməlidir”.
Yeganə Bayramova