Girovun bacısı: "Şahbaz səhhəti ilə bağlı heç nə yazmamışdı”




"Televiziyada xəbərlərdə məlumat verildi ki, girovların ailəsinə baş çəkilib, məktub verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) informasiya almaq üçün zəng etdikdə isə heç bir məlumat olmadığını dedilər”.

Bunu "Sherg.az”a Azərbaycanın əzəli ərazisi olan Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib. 

O deyib ki, ola bilər mətbuat avqust ayının əvvəlində çatdırılan məktubu gündəmə gətirib:

"Hələlik isə heç bir məlumat yoxdur. Görüşün olub, olmaması barədə də heç nə deyilməyib. Avqustun əvvəlində isə qardaşımdan bizə məktub gətirmişdilər.

Xəbərlər isə həmişəki kimi idi. Məktubda "yaxşıyam, narahat olmayın” sözləri təkrar-təkrar yazılmışdı. Şahbaz səhhəti, sağlamlığı ilə bağlı heç nə yazmamışdı”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.[1] İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Aysel Aslan