Türkiyə zəifləsə, bölgənin digər dövlətləri də zəifləyəcək
"Amma Türkiyənin çox böyük potensialı var. Qardaş ölkə öz qamətini və qürurunu saxlamağa qadirdir"
"Əgər Türkiyə xilas oldusa, deməli, bölgə xilas oldu”. Bu sözləri Türkiyənin Ordu vilayətinin valisi İrfan Balkanlıoğlu deyib. Hərbi çevriliş cəhdinin təhlükələrindən danışan vali 15 iyul hadisəsinin Türkiyə tarixində qara ləkə olduğunu söyləyib: "Demokratik bir ölkədə hökumət seçki yolu ilə seçilir. Vaxtı bitdiyində isə sandığı millətin qarşısına qoyurlar və seçki ilə gələn elə seçki ilə gedir”. Balkanoğlu bildirib ki, çevriliş cəhdinin arxasında Qərb dayanır. Onların məqsədi güclü Türkiyəni Yaxın Şərq ölkələri kimi xarabalığa çevirməkdir: "Qonşuluğumuzda Suriya var. Hələ də orada vətəndaş müharibəsi gedir. Eynilə İraq, Əfqanıstan, Liviyada da vəziyyət bərbaddır. Türkiyə də məhz həmin dövlətlərin vəziyyətinə düşə bilərdi. Silahlı toqquşmalar, polislə ordunun üz-üzə gəlməsi, küçə döyüşləri, bir sözlə, vətəndaş müharibəsinədək gedib çıxardı. Bundan istifadə edən PKK isə Türkiyədə terror aktlarının sayını artıra və ölkəni bölməyə cəhd edərdi. Türkiyə qarışsaydı, ümumilikdə region qaynar qazana çevriləcəkdi”. Valinin sözlərinə münasibət bildirən politoloq Tofiq Abbasov Türkiyəyə aid dağıdıcı planların olduğunu deyib: "Əvvəla bir məsələni xatırladım. Hərbi çevriliş cəhdindən bir müddət əvvəl Türkiyədə "Gəzi Parkı” olayları baş verdi. Sonradan məlum oldu ki, həmin hadisə Qərbin Türkiyəni məhv etmək üçün hazırladığı bir planın tərkib hissəsidir. Ərdoğan hakimiyyəti ölkəni xaosa sürükləyən hadisələri dəf etdikdən sonra dərhal Qərb mətbuatının və siyasi elitasının tənqid obyektinə çevrildi. Türkiyəni bu məsələlərə görə çirkin formada ittiham etdilər. Ancaq hamı çox yaxşı bilirdi ki, Ərdoğan "Gəzi Parkı” olaylarında qanunçuluğu axıra qədər qoruyub saxladı. Qərbin əsassız tənqidləri qərəzli məqsəd daşıyırdı”. Ekspertə görə, gizli güclərin məqsədi güclü dövlətləri sındırmaqdır: "Bölgədə sözü keçən ölkələrə təzyiq göstərməklə onları kompromislərə vadar etməyə çalışırlar. Amma 15 iyul cəhdi uğursuz oldu. Türkiyə dövləti bu işdən üzüağ çıxdı. Düzdür, proseslər hələ tam sona çatmayıb. Ancaq Ərdoğan çoxmilyonlu mitinqlər keçirməklə, xalqla yaxından dialoq qurmaqla göstərdi ki, indiki Türkiyə ötən əsrin 30-cu, 50-ci, hətta 90-cı illərin ölkəsi deyil. 1960-cı ildə "darbəcilər” qanuni seçilmiş baş nazir Adnan Menderesi asdılar. 80-ci illərdə sivil hökuməti yox edərək, hərbiçiləri hakimiyyətə gətirdilər. Qərb dairələri Atatürk ideyalarını dilə gətirməklə faktiki olaraq Türkiyədə tabe etdirdikləri instrumentləri işə salır və onlara öz baxışlarını sırıyırlar. Əlbəttə, bu, yolverilməzdir. AKP hökuməti əlindən gələni etməlidir ki, həm Türkiyənin real istiqlaliyyətini, həm də tarixi ənənələrini qoruyub saxlaya bilsin”. Politoloq onu da vurğulayıb ki, Türkiyə regionun lider dövlətidir və bir çox qonşu ölkələrlə yaxın müttəfiqdir: "Qərb Türkiyəyə nüfuz etməklə bu ölkənin müttəfiqlərinə də təzyiq göstərməyə çalışır. Əgər Türkiyə zəifləsə, bölgənin digər dövlətləri, o cümlədən Azərbaycan da zəifləyəcək. Amma Türkiyənin çox böyük potensialı var. Qardaş ölkə öz qamətini və qürurunu saxlamağa qadirdir”.
İsmayıl