“Gözləmək lazımdır”

“Dövlət İmtahan Mərkəzinin mexanizmi hələ hazır deyil”



Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındıqdan sonra ləğv edilən qurumların işinə xitam veriləcəyini bəyan edib:

DİM-in yaradılması ilə bağlı Prezidentin verdiyi fərmanda xüsusi bənd var. Orada qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv ediləcək. Hazırda biz bu istiqamətdə müəyyən işlər aparırıq”. M.Abbaszadənin sözlərinə görə, hüquqi-normativ prosedurlar iki ay davam edəcək. "Strukturu formalaşdıqdan sonra ləğv ediləcək TQDK və DQMK-nın işçiləri arasında ixtisarlar olacaqmı” sualının cavabında isə mərkəz sədri bu haqda nəsə deyə bilməyəcəyini bildirib: "Strukturu formalaşdıqdan sonra biz bu işə başlayacağıq”. Məsələni şərh edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, bu məsələ DİM-in daxili işi olduğu üçün prosedurların nəticəsini gözləmək lazımdır: "Bu məsələ ictimai fikir işi olmadığı üçün mənim bu mövzuda deyəcəyim bir şey yoxdur. Sərəncamı verilib və qərara uyğun olaraq iki qurum birləşdirilib. Amma onun mexanizmi hazır deyil. Sadəcə, gözləmək lazımdır”.

Nihad Kərimli