Gözlənti yaranmışdı ki, bazarda canlanma olacaq

“Amma indiki halda ipoteka şərtlərinin sərtləşməsi bazarda olan durğunluğun aradan qaldırılmasına çox ciddi maneçilik törədəcək”




Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Azərbaycan İpoteka Fondunun (AİF) elektron ipoteka portalına istinadən xəbər verir ki, bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında” qanunun təsdiq edilməsi ilə bağlıdır.

Qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilir. Fondun xətti ilə ipoteka kreditləri verən 27 bankdan 14-ü yaşayış minimumunu 131-dən 136-dək, "Bank Respublika” ASC və "Paşa Bank” 180, "Unibank” isə 200 manatadək artırıb. Bəzi banklar güzəştli ipoteka üzrə ilkin ödənişi artırıb. "Muğanbank” ilkin ödənişin həcmini 15-dən 40 faizədək, Azərbaycan Beynəlxalq Bankı isə 15 faizdən 30 faizədək artırıb. Sözügedən artımı şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, indiki halda vətəndaşlar daha çox ipoteka bazarının liberallaşmasını gözləyirdilər: "Onsuz da son zamanlar ölkənin əmlak bazarında ciddi durğunluq var. Ancaq İpoteka Fondunun aktivliyi bu durğunluğu aradan qaldırmaq üçün müəyyən qədər köməklik göstərə bilər. Məhz bunu nəzərə alaraq, bu il üçün İpoteka Fondunun vəsaitinin 200 milyon manat həcmində artırılması ilə bağlı qərar da qəbul olunub. Bu isə əmlak bazarının iştirakçıları arasında tələbin artacağına dair bir gözlənti yaratmışdı ki, bazarda bir canlanma olacaq. Amma indiki halda ipoteka şərtlərinin sərtləşməsi bazarda olan durğunluğun aradan qaldırılmasına çox ciddi maneçilik törədəcək. Hətta deyərdim ki, bu daha da durğunluğu artıracaq”. Bankların ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırmasının hansı zərurətdən qaynaqlanmasına gəldikdə isə ekspert deyib ki, banklar son zamanlar özlərini sığortalama siyasəti yeritməkdədir. Çünki gün keçdikdə, iş yerləri ilə bağlı problemlər artır, insanların gəlirlərində kəskin azalmalar var, geri qaytarılmayan kreditlərin həcmi genişlənir. Banklar da kreditlərin geri dönüşünü təmin etmək üçün şərtləri sərtləşdirmək qərarı alıblar: "Görünür, buna dair İpoteka Fondu ilə banklar arasında müəyyən anlaşmalar olub. Əslində artıq çoxdan İpoteka Fondu özü-özünü maliyyələşdirməyə keçməli idi. Hər il dövlət büdcəsindən Fonda 50 milyon manat vəsait artırılırdı. Bir müddət sonra İF həmin vəsaitin geri dönüşünü təmin etmək şərti ilə özü-özünü maliyyələşməyə keçməli idi. Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı. Dövlət hələ də davamlı şəkildə Fonda maliyyə ayırmaqda davam edir. Yuxarıda da qeyd etdiyim kimi, əlavə olaraq, Fonda 200 milyon manatlıq bir vəsaitin köçürülməsi planlaşdırılır”. İpoteka Fondunun öz fəaliyyətinə yenidən baxmasının zəruri olduğunu vurğulayan N.Cəfərli deyib ki, şərtlər və müştərilərlə bağlı, eyni zamanda operator bankların seçilməsi məsələsində daha çevik siyasət yeritməlidir: "Azərbaycanda əmlak bazarının canlandırılması çox vacib amildir. Əgər bu bazarda durğunluğun aradan qalxması tikinti materiallarının istehsalından tutmuş daşınma sahəsinə qədər geniş iş yerlərinin yaranmasına xidmət edə bilər. Bu baxımdan da, dövlət, hökumət və İpoteka Fondu vətəndaşların Fonda çıxış imkanlarının daha çox olmasının marağında olmalıdır. Əhalinin Fonda çıxış imkanları artdıqca, ipotekanın dövriyyəsi artacaq və bu da avtomotik olaraq digər sahələrin inkişafına pozitiv təsir göstərəcək”.

Şəymən