Gücsüzdürlər: Minsk Qrupunun təsir imkanları tükənir

Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilərin arasında da ziddiyyətlər var



ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bir sıra açıqlamalar verib. Amerikalı diplomat deyib ki, aprel savaşı sülh danışıqlarının əhəmiyyətini ortaya qoyub: "Aprel döyüşlərində xeyli insan ölüb. Lakin tərəflər bir-birlərini günahlandırmamalıdır. Həmin hadisədən sonra təmas xəttində vəziyyət nisbətən sakit idi.

Bu, bizim təşəbbüs göstərdiyimiz danışıqlar üçün yaxşı əsasdır və prezidentlər arasında razılaşmaların nəticəsidir”. Vasitəçi bəyan edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı məsələni gündəmə gətirməsi və müzakirələrə başlaması alqışlanmalıdır.

"Münaqişəni həll etməyin vaxtı çatıb”

Uorlik deyib ki, tərəflər atəşkəs rejiminə riayət etməlidirlər. O bildirib ki, aprel hadisələrindən sonra atəşkəsin pozulması halları baş verib və bu barədə söhbət aparılıb: "Prezident Sarkisyanla məsələnin müzakirəsini davam etdirəcəyik. Biz uzunmüddətli sülhün əldə edilməsi istiqamətində çalışırıq”. Həmsədr əlavə edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün məsələlər paket şəklində müzakirə olunmalıdır: "Əgər söhbət Dağlıq Qarabağ ətrafındakı ərazilərdən gedirsə, onda status məsələsi də müzakirə olunmalıdır. Qaçqın və məcburi köçkünlərdən, beynəlxalq sülhməramlı qüvvələrin statusundan da danışmalıyıq. Bütün bu suallar müzakirə üçün açıq olmalıdır”. Uorlikin sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri münaqişənin sülh yolu ilə həllini görmək istəyir. Vasitəçi əlavə edib ki, danışıqlar masasında bəzi ideyalar var və onlar müzakirə oluna bilər: "Biz danışıqların irəliyə aparılmasında prezidentlərin siyasi iradəsini görmək istəyirik. Minsk Qrupu prezidentlərin görüşünü təşkil etməyə hazırdır. Tərəflərdən heç biri müharibə istəmir, dövlət başçıları münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində işləməyə hazırdırlar. Münaqişənin sülh yolu ilə həllinin vaxtı çatıb”.

"Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaq”

Həmsədr münaqişəsinin həll olunması üçün çalışdıqlarını iddia edib: "Səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var. Mənim arzum həm Azərbaycanda, həm də Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır. Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementlərdən biri insanlar arasında əlaqədir və vasitəçilər bu cür əlaqələri dəstəkləməyə çalışır.

"Uorlikin fikirlərini digər həmsədrlər bölüşmür”

Politoloq Qabil Hüseynli deyib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fikirlərini digər həmsədrlər bölüşmür. Ekspert vurğulayıb ki, ümumiyyətlə, Minsk Qrupunun rolu o qədər də təsirli deyil: "İrəvanda onlar "bir qarış da torpaq vermərik” kimi səfeh ifadələrlə rastlaşdılar. Həmsədrlər bu ilin sonuna kimi nəsə etməyə, ən azı prezidentlərin görüşünü təşkil etməyə çalışırlar. Amma Azərbaycan Prezidenti nəticəsi olmayan görüşlərdə iştirak etmək fikrində deyil. Ermənilər tez-tez müharibə ritorikasına müraciət edirlər, hətta Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmayacaqlarını bəyan edirlər. Belə bir şəraitdə Azərbaycanın müharibədən başqa seçimi qalmır. Bölgədəki gərgin vəziyyət və Ermənistanın başında duran kriminal rejim sülh danışıqları prosesini təşkil etməyə imkan vermir. Həmsədrlər də bu məsələdə kifayət qədər gücsüz, yaxud da həvəssizdirlər. Onların içərisində bir az Ceyms Uorlik fəaldır, onun da sözlərinə qulaq asan yoxdur. Ona görə də həmsədrlərin bütün təşəbbüsləri təsirsiz olur. Vasitəçilər bir növ sülhyaratma prosesində iştirak etdiklərini imitasiya edirlər”.

"Onlar İrəvana gedəndə bir qədər fərqli danışırlar”

Politoloq əlavə edib ki, Fransa Qarabağ nizamlanmasında o qədər fəal deyil. Doğrudur, sülh prosesini istəyir, amma bunun üçün həmsədrin deyil, dövlətin özünün xeyli dərəcədə fəal olması və prosesə müdaxilə etməsi lazımdır: "Məsələn, Ukraynada prosesləri tənzimləmək üçün "Normand dördlüyü” formatında Almaniya və Fransa xeyli səylər göstərir. Bu cür səylər Azərbaycan üçün də dövlət başçıları səviyyəsində göstərilməlidir. Ancaq biz bunu görmürük. Həmsədrlər səviyyəsində görülən işlər kifayət etmir. Tutaq ki, Uorlikin dediyi hər bir həmsədrin mövqeyini ifadə edir, axı bu heç nəyə təsir göstərmir. Onlar İrəvana gedəndə bir qədər fərqli danışırlar, yaxud da İrəvanda onların Bakıda verdikləri açıqlamalara sərt cavablar verilir. Yəni məsələ çox aşağı səviyyələrdə cərəyan edir və ona görə də nəticəsi olmur”.

İsmayıl