Gülən, qəm çəkən və düşünən Məmməd Araz...

Kirman Abdin böyük şairin yaradıcılığına üç aspektdən yanaşmağa çalışıb
Aprelin 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Kirman Abdinin "İsinsin azacıq bu daş duyğular” adlı fərdi sərgisi açılıb. Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan qrafik sərgi Xalq şairi Məmməd Arazın poeziyasına həsr olunub.
Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssamın yaradıcılığını yüksək qiymətləndirərək sərgiyə təqdim olunan əsərlərin əhəmiyyətindən söz açıb. Bildirilib ki, rəssamın sərgidə nümayiş olunan 60-dək sənət əsəri görkəmli şairin yaradıcılığını qismən də olsa əhatə edə bilib. Ağaəli İbrahimov bildirib ki, Məmməd Arazı rəngarəng şair adlandıra bilməz: "Məmməd Araz rəngarəng şair deyildi. Bu mənada ki, onun yaradıcılığı ağ-qara rəngində olub. Füzulini rəngarəng şair adlandırmaq olardı. Sabir də ağ-qara şair idi. Sabirdən sonra ağ-qara rəngli şair deyəndə Məmməd Araz yada düşür. Bu gün təşkil olunan sərgi Məmməd Araz yaradıcılığına, poeziyasına olan münasibəti əks etdirir”. Xalq rəssamı Arif Hüseynov çıxış edərək Məmməd Araz yaradıcılığının zənginliyindən bəhs edib. Vurğulanıb ki, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir və gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. Böyük sənətkarın zəngin ədəbi fəaliyyətinin Azərbaycan poeziyasına biri-birindən dəyərli sənət inciləri bəxş etdiyini qeyd edən A.Hüseynov, rəssamın öz əsərlərində M.Araz yaradıcılığını mükəmməl şəkildə canlandırmasını yüksək qiymətləndirib.
Sərginin müəllifi Kirman Abdinə də söz verildi. Kirman Abdin "Mənim üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub. Məmməd Arazın yaradıcılığına 3 aspektdən yanaşmağa çalışdım. Həyata gülən. Həyatda qəm çəkən. Həyatda düşünən məmməd Arazı göstərməyə çalışdım. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək mənə elə gəlir ki, bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki, 3 illik zəhmətimin nəticəsi bu gün bəhrəsini göstərdi və bu əsərlər sərgidə nümayiş olunur”. Milli Məclisin deputatı Aqil Abbas sərginin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusən rəssama minnətdarlığını bildirib. "Ailəmiz adından hər kəsə təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, bu gün bura gələnlərin hər birini Məmməd Araz poeziyasına olan sevgi bura gətirib. Mən rəssamlığı sevən adamam. Az-çox da marağım var. İmkan olanda da gəlib sərgi salonlarında əsərləri seyr edirəm. Rəssamların bir bədbəxtliyi var. Bu, bütün rəssamlara aiddir. Salvador Dalidən tutmuş bizim rəssamlara qədər hər birinə bunu şamil edirəm. Şairlərdən, yazarlardan fərqli olaraq rəssamların bir problemi odur ki, onlar yaradıcılıqlarını nümayiş etdirməyə çətinlik çəkirlər. Çünki şair bir şeir yazır qəzetdə dərc olunur, nə bilim, efirdə səsləndirə bilir. Mahnılarda istifadə edirlər. Amma rəssamın çəkdiyi rəsm əsərlərini yalnız sərgi salonunda izləmək mümkündü. Şair kamera qarşısında imkan olanda bir şeirini söyləmək imkanına malik olur. Rəssam yazıq hara getsə, çiyninə çəkdiyi əsəri qoyub gəzdirə bilməz ki, bu mənim əsərimdi. Yəni rəssamların reklamı daha zəif olur. Ona görə də sərgi salonlarına getmək lazımdı. Mən 5-6 gün əvvəl bildim ki, müəllifimiz Məmməd Araz yaradıcılığına müraciət edərək ona rəsm əsərləri çəkib. Buna çox sevinirəm ki, Məmməd Arazın yaradıcılığına rəssamlar da müraciət edə bilirlər. Çünki həqiqətən Məmməd Araz poeziyasının çəkisi, fəlsəfəsi onu rəsm əsərlərinə köçürməyə də imkan verir”. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə ədibin "Zamandan məkana”, "Dünya sənin, dünya mənim”, "Şəhriyar gəlmədi”, "Düşüncələr”, "Bir ürək sındırdım bir qız ürəyi”, "Xətainin qılıncını suvardım”, "Biz qapı açmışıq öz eşqimizə” və s. poetik misralarına həsr olunmuş qrafik sənət əsərləri yer alıb.
Xatırladaq ki, Məmməd Araz yaradıcılığını əks etdirən sərgi 5 gün davam edəcək.
Tahirə