Gülən şəbəkəsi əvvəldən təhlükə mənbəyi olub

Bu qrupa qarşı Azərbaycanda Türkiyədən öncə mübarizə aparılıb



Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidməti AXCP sədrinin köməkçisi Faiq Əmirovun həbsi və Fətullah Gülən şəbəkəsinin digər üzvləri ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Fətullah Gülənin rəhbərlik etdiyi qruplaşmanın Azərbaycanda sosial, dini nifrət və düşmənçiliyin salınmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb.

Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə "Azərfon” MMC-nin operatoru vəzifəsində işləyən AXCP-nin Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı digər maddi sübutlarla yanaşı, Fətullah Gülənin çıxışları, "Gülən camaatı” adlandırılan qrupun üzvləri və "Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, "fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat aşkar edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertləri tərəfindən həmin maddi sübutların məzmununda sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn çağırışların olması barədə rəy verilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib ki, dini mahiyyət daşıyan və qurumla razılaşdırılmayan kitabları əldə edən hər bir şəxs Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşıyır. Maddənin tələblərinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları istehsal edən, satan şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Nahid Məmmədov bildirib ki, Fətullah Gülən camaatının fəaliyyəti barədə illər öncə müzakirələr aparılıb, danışılıb, KİV vasitəsilə çıxışlar edilib: "Türkiyədə bu hadisə baş verənə qədər Azərbaycanda Fətullahçı təşkilatın savadlı insanları ələ almaqla dövlətin işinə müdaxilə etdiyini proqnozlaşdırırdıq. Türkiyədəki son hadisələr göstərdi ki, onların planları baş tutmayanda silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər. Biz bu qrupa qarşı Türkiyədən öncə mübarizə aparmışıq. Bəziləri qeyd edir ki, Türkiyədən sonra bu şəbəkənin ikinci geniş yayıldığı ölkə Azərbaycandır, amma bu belə deyil. Hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə Gülənin dini kitablarının, eləcə də onun çıxışlarından ibarət audio-video materialların kütləvi şəkildə ölkəyə gətirilməsi və yayılması Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməyib.

Azərbaycanda istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq qurumlar bu istiqamətdə lazımi fəaliyyət göstərib. Biz bu şəbəkəni əvvəldən təhlükə mənbəyi kimi görmüşük. Uzun illərdir ki, Fətullah Gülənlə bağlı kitabların ölkəyə idxalına icazə vermirik. Çünki onun ideyaları savadlı kadrları tapmaq, onları yüksək səviyyədə təhsil verməklə yetişdirmək və müəyyən qurumlarda yerləşdirmək yolu ilə həmin orqanlarda gücə çevirməkdən ibarətdir. Bu tendensiya çoxdan müşahidə olunur”. Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanda hazırda dövlət qeydiyyatından keçən FETÖ-çü təşkilat yoxdur: "Bir məsələ də var ki, hər hansı bir radikal və bölücü təriqət düşüncəsində olan insanların rəsmi icmasının olması mümkün deyil. Çünki icmalar qeydiyyata alınarkən yoxlamalar aparılır. Bu cür təşkilatlar yalnız qanundan kənar, gizli formada toplaşa, fəaliyyət göstərə bilərlər. Məsələn, bilinir ki, "nurçu”ların müəyyən formada dərsxanaları var və həftənin bəzi günlərində toplaşırlar. Bu barədə məlumatlar alırıq. Amma Gülən şəbəkəsi gizli fəaliyyət göstərir. Onlar məqsəd və məramları, bəzən dini kimlikləri də bəlli olmadan müəyyən sahələrdə oturuşmağı bacarırlar”.

İsmayıl