Güman ki, həyət evlərinin də sənədləşdirilməsinə başlanılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərlə bağlı konsepsiya hazırlayır
Bir müddət əvvəl ölkə prezidenti çoxmərtəbəli yaşayış evlərinin istismara qəbulunun asanlaşdırılmasını nəzərdə tutan fərman imzalayıb. Rəsmi məlumatlara görə, fərmanın icrası nəticəsində yalnız Bakı şəhərində 400-dək yaşayış binası istismara qəbul ediləcək ki, bu da minlərlə mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədin alınmasına gətirib çıxaracaq.
Qeyd edək ki, mülkiyyət sənədinin - "kupça”nın olmaması yalnız çoxmərtəbəli binaların deyil, Bakı və ətrafında yüz minlərlə fərdi evin də ən ciddi problemlərindən biridir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxusunun da "kupça”sı yoxdur.
Millət vəkili Elmira Axundova da bu günlərdə Milli Məclisdə sənədsiz fərdi evlərin qeydiyyatı məsələsini qaldırıb. Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunduğu plenar iclasda E.Axundova bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi nəticəsində hər il müxtəlif vergilər nəticəsində dövlət büdcəsinə 300-350 milyon manat vəsait daxil olacaq: "Həmin evlərdə insanlar yaşayırlar. Nə üçün hansısa məmurun fəaliyyəti nəticəsində dövlət büdcəsi 350 milyon manat vəsaitdən məhrum olmalıdır? Hökumətdən xahiş edirəm ki, bu məsələnin həllini diqqətdə saxlasın”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək: "Güman olunur ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq. Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.
Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəlla, bizim təkliflərimiz "Əmlak Amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin".
Təklif olunan konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunduğunu vurğulayan V.Bayramov deyib ki, burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir: "Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır.
Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır. Bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir. Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.
Şəymən