Gürcüstana reseptsiz dərmanla gedənlər sərhəddə incidilir

Əflatun Amaşov parlamentdən problemə ciddi yanaşma tələb edib



Deputat Əflatun Amaşov ölkədə psixotrop maddə sayılan bəzi dərman preparatlarının reseptsiz satıldığını iddia edib. Millət vəkili bu qənaətə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbətində gəlib: "Vətəndaşın istifadə etdiyi bir dərman Azərbaycanda apteklərdə təyinatsız satılır. Yəni hər kəs onu rahat əldə edə bilir. Məsələn, Piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi Piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir. Nəticədə vətəndaşlar çox ciddi problemlə üzləşirlər. Saatlarla Gürcüstanın polis idarələrində qalanlar, külli miqdarda cərimələrlə üzləşənlər var. Hətta bəzən həbs təhlükəsi də yaranır. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir.”

Anar