Nə Dağlıq Qarabağdan, nə də ətraf 7 rayondan imtina edəcəyik
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişə tərəfləri arasında ciddi təmas reallaşmayıb. Hətta ilkin mərhələdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil eləmək də mümkün olmayıb. Rəsmi Bakı danışıqları konstruktiv məcrada davam etdirməyə hazır olduğunu bəyan etsə də, İrəvan hökuməti masa arxasına əyləşməyə tələsmir.
Ekspertlərə görə, işğalçı ölkənin yeni rəhbərliyinin başı daxili problemlərə, Qarabağ mövzusunda təxribatçı bəyanatlar verməyə və Ermənistana yaxın ölkələrə səfərlər etməyə qarışıb. Bu səbəbdən Paşinyan hökuməti münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinə maraq göstərmir. Bir çox politoloqlar yaranmış vəziyyəti yeni hakimiyyətin Qarabağ məsələsində səriştəsizliyi ilə izah edirlər. Digərləri isə müharibə ehtimalını önə çəkirlər.
Tanınmış rusiyalı hərbi analitik Aleksandr Xramçixin hesab edir ki, əgər tərəflərin mövqeyi 20 ildən artıqdır dəyişmirsə, deməli, müharibə qaçılmazdır. Ekspert dinc nizamlama prosesinin əhəmiyyətsiz olduğunu bildirib:
"Dinc nizamlama nə deməkdir? Tərəflərdən biri heç bir ön şərt qoymadan kapitulyasiya etməlidir. Hansı tərəf müharibəsiz, şərtsiz güzəştə getməyə hazırdır?”. Məlumdur ki, Ermənistanın radikal mövqe tutmasının əsas səbəbi məhz Rusiyadır. Əgər Moskva istəyərsə, münaqişənin həllinə ən qısa zamanda nail ola bilər. Lakin Kreml tərəfləri güzəştə səsləməklə yaxasını kənara çəkir.
Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, münaqişənin həlli üçün beynəlxalq hüquq normalarına müraciət edilməlidir. Ancaq Rusiya digər həmsədr ölkələrlə bərabər beynəlxalq hüququ ayaqlar altına alıb tapdalayır:
"1922-ci ilin 30 dekabrında İttifaq Müqaviləsi imzalanıb və SSRİ-nin yaranmasının əsası qoyulub. Müqavilədə qeyd edilib ki, İttifaqın tərkibinə daxil olmuş 15 respublika könüllü surətdə SSRİ-ni yaradır və istədikləri vaxt İttifaqı tərk edə bilərlər. Özü də hansı sərhədlərlə daxil olublarsa, elə həmin ərazilərlə çıxa bilərlər. 1991-ci ildə SSRİ dağılanda Azərbaycan daxil olduğu ərazi ilə İttifaqdan çıxdı.
Amma Dağlıq Qarabağdakı separatçı qüvvələr Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb oldu. Nəticədə torpaqlarımız ermənilər tərəfindən rusların köməyi ilə işğal edildi. 1992-ci ildə BMT-yə daxil olduğumuz sərhədlər beynəlxalq aləm tərəfindən rəsmən Azərbaycan əraziləri kimi tanınır. BMT-nin verdiyi dörd qətnamə isə ərazi bütövlüyümüzün bərpasını və erməni qoşunlarının torpaqlarımızdan çıxarılmasını tələb edir. Danışıqların mahiyyəti bundan ibarətdir”.
Ekspert bəyan edib ki, rusiyalı analitiklərlə yanaşı, XİN rəhbəri, ermənipərəst Sergey Lavrov da tez-tez kompramis məsələsini qabardır:
"Azərbaycan tərəfi dəfələrlə güzəşt edib. Bundan sonra heç bir güzəştdən söhbət gedə bilməz. Nə Dağlıq Qarabağdan, nə də ətraf 7 rayondan imtina edəcəyik. Əslində tərəfləri kompramisə səsləyənlər münaqişənin həllini uzatmaq, indiki status-kvonu saxlamaq məqsədi güdürlər. Məncə, danışıqlar prosesinin fasilə dövrünü yaşaması Ermənistandakı qeyri-müəyyənlikdən daha çox Paşinyanın qərəzli və təxribatçı açıqlamaları ilə bağlıdır. Onun irəli sürdüyü absurd şərtlər və sərt mövqedə çıxış etməsi tərəflərin masa arxasına oturmasını mümkünsüz edir”.
İsmayıl