Biz diqqəti geyimə yönəltsək əsas pedaqoji hədəflərdən yayınacağıq - Əmrah Həsənli

  • Məktəbdə vacib olan müəllimlərin eyni geyinməsi deyil, eyni pedaqoji dəyərləri və yüksək keyfiyyət standartlarını bölüşməsidir

Yeni tədris ili yaxınlaşdıqca müəllimlərin vahid geyim forması ətrafında müzakirələr də genişlənir. Deyəsən, bu gedişlə, müəllimləri də eyni qəlibə salacaqlar.

Bu, yaxşıdır, ya pis? Biz bir çox məsələlərdə dünya ölkələrindən nümunə götürməyə vərdiş etmişik. Amma nədənsə əsas yox, ikinci, üçüncü dərəcəli məsələlərdə. Vahid müəllim forması da onlardan biridir. Təhsil səviyyəsi yüksək inkişaf etmiş ölkələrin tədris metodikasını öyrənmirik, tətbiq etmirik, amma, məsələn, Yaponiyada müəllimlər standart geyimdədir, bu, onların nüfuzunu artırır, deyirlər. Yaponiyada müəllimlər nə qədər əmək haqqı alır, hansı şəraitdə dərs keçir, hansı imkanlar, imtiyazlar var, bunların üzərindən keçirlər. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, müəllimlik peşəsi azad düşüncə, yaradıcılıq və fərdi yanaşma tələb edən sahədir. Müəllimə tək tipli, standart forma geyindirmək pedaqoji mühiti bir qədər hərbiləşmiş formata salar: 

- Dünyanın qabaqcıl təhsil sistemində ölkələrində müəllimlər üçün sərt unifroma tətbiq olunmur, sadəcə işgüzar və etik geyim standartları müəyyən edilir. Yəni, dreskot. Müəllim məktəbə nə geyinəcəyini özü seçir. Amma bu geyim müəllim nüfuzuna, məktəb mühitinə və etikaya uyğun olur. Məktəbdə şagird üçün müəllimin nüfuzunu formalaşdıran onun geyiminin rəngi və ya eyni tipli olması deyil. Müəllimin nüfuzu onun dərin biliyi, şagirdlə qurduğu səmimi və ədalətli ünsiyyət, müasir dərskeçmə metodu və peşəkarlığıdır. Şagird formaya deyil, müəllimin şəxsiyyətinə və yanaşmasına hörmət edir. Əgər nə vaxtsa dövlət və ya məktəb səviyyəsində vahid geyimlə bağlı qərar verilərsə, bu, müəllimin üzərinə əlavə maliyyə yükü kimi düşməməlidir. Amma indiki mərhələdə təhsilimizin həllini gözləyən daha vacib məsələləri var. Dərsliklərin keyfiyyəti, dərsdə rəqəmsal texnologiyaların tətbiqi, müəllimlərin peşəkar inkişafı, metodiki dəstək. Biz diqqəti geyimə yönəltsək əsas pedaqoji hədəflərdən yayınacağıq. Məktəbdə vacib olan müəllimlərin eyni geyinməsi deyil, eyni pedaqoji dəyərləri və yüksək keyfiyyət standartlarını bölüşməsidir. Müəllimlərə müəyyən çərçivələr daxlində öz fərdi üslubunu qorumağa imkan verilməlidir, biz standart formalı müəllim yox, sərbəst düşünən, özünə inamlı və nüfuzlu müəllimlər görməliyik.