Hakimlərin sayı azdır

Bu məhkəmə proseslərinin obyektivliyinə mənfi təsir edir
İcraatlarında həddindən artıq çox iş olan hakimlər ətraflı araşdırma apara bilmirlər

Parlamentin bu gün keçirilən növbədənkənar iclasında məhkəmələrə göstərilən diqqətdən danışan vitse-spiker Ziyafət Əsgərov buna rəğmən Azərbaycanda hakim çatışmazlığının problem olaraq qaldığını deyib:

"Məhkəmədə işlər artıb, hakimlər vəzifəsini layiqincə yerinə yetirməyə çalışırlar. Amma yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir. Çünki hakimlərin sayının 2 dəfə artırılmasına baxmayaraq ölkədə 100 min nəfərə 6 hakim düşür. Təsəvvür edin ki, bu rəqəm Avropa ölkələrində 100 nəfərə 20 hakim düşür. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə hakimlərin sayının artırılmasına ehtiyac var”.

Hakim çatışmazlığının keçirilən məhkəmə proseslərinin obyektivliyinə də mənfi təsir etdiyini vurğulayan vəkil Adəm Məmmədovun sözlərinə görə, icraatlarında həddindən artıq çox iş olan hakimlər ətraflı araşdırma apara bilmirlər. Qanunvericilikdə də mülki işlərlə bağlı müəyyən müddət nəzərdə tutulduğundan hakimlər tələsik qərar qəbul etməli olurlar.

Son illərdə vətəndaşlar arasında mübahisələrin daha da artdığını qeyd edən A.Məmmədov deyib ki, banklar və torpaq üzərindəki haqlarla bağlı müraciətlərin sayı həddindən artıq artıb: 

"Bu gün icraatda olan işlərin sayı minlərlədir. Hər bir hakim il ərzində "n” qədər işə baxır. Buna görə, zaman məsələsi də, işin keyfiyyəti də vacib haldır. Hakimlər tərəfindən bu işlərin həyata keçirilməsi böyük vaxt tələb edir. Bu baxımdan hakimlərin sayının artırılması üçün müvafiq addımların atılması labüddür. Çünki onların sayının artması əmək qabiliyyətinin və işinin keyfiyyətinin artmasına səbəb olacaq. 

Saysız müraciət fonunda geniş araşdırmaya vaxt qalmır və baxılan işin keyfiyyəti sual altında qalır. Bu problemin aradan qaldırılması üçün də mütləq hakimlərin sayı artırılmalıdır. Bunun üçün də "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməli və əlavə ştatlar yaradılaraq yeni hakimlər təyin olunmalıdır. Bakı şəhər rayon məhkəmələrində 10, maksimum halda 12-13 hakim ola, ya olmaya. Halbuki böyük rayonlarda hakimlərin sayı ən azı 35-40 nəfər olmalıdır. Bu zaman da araşdırılan məsələlərlə bağlı daha obyektiv və effektiv qərarlar qəbul olunar”.

Şəymən