Uşağın qəyyumu icra məmurlarının yarıtmaz fəaliyyətindən istifadə edərək, Nurayı atasından ayırmaq istəyir
Hamı atanı günahkar sayır, amma elə deyil...
“Nurayın atasından qorxmasını böyütməyə gərək yoxdur”
Uşağın qəyyumu icra məmurlarının yarıtmaz fəaliyyətindən istifadə edərək, Nurayı atasından ayırmaq istəyir
Uşağın qəyyumu icra məmurlarının yarıtmaz fəaliyyətindən istifadə edərək, Nurayı atasından ayırmaq istəyir
"Bizim cəmiyyət elə bir təfəkkürə sahibdir ki, istənilən hadisə ilə bağlı emosiyaya qapılır. Uşağından imtina edən atanı da ittiham edib, sosial şəbəkələrdə söyürük, uşağı üçün mübarizə aparanı da”
Bir neçə gün əvvəl sosial şəbəkələrdə 10 yaşlı Nuray Bayramzadənin Quba məhkəməsində zorla xalasından alınaraq atasına verilməsini əks etdirən görüntülər yayılıb. Yayımlanan video-süjet qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı çəkilsə də, məhkəmədə yaşanan olaylar cəmiyyətdə böyük narahatlığa səbəb olub. Xalası ilə birgə qalmaq istədiyini vurğulayan Nuray ilk dəfə atasını məhkəmə prosesində gördüyünü və onunla birgə yaşamaqdan qorxduğunu deyib. Qeyd edək ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin Apelyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb. Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb. Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməyib, icradan qərəzli yayınıb, N.Bayramzadənin yerini gizli saxlayıblar. Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb. Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 2016-cı il dekabrın 7-nə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.
Video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. İcra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.
...bu, bizə yaraşan hərəkətlər deyil
Qubadan olan millət vəkili Vahid Əhmədov da məsələni araşdırdığını deyib: "Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür”.
Ədliyyə Nazirliyi Quba rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlamalara başlayıb. Nazirlikdən verilən məlumatda bildirilib ki, hazırda məsələ ilə bağlı yoxlamalar davam etdirilir: "Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək”.
Nurayın atasının atalıq hüququ ləğv edilə bilər
Quba rayonunda yaşayan 10 yaşlı Nuray Bayramzadənin qəyyumu Mehriban Eldarova Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bu barədə vəkil Tağı Hüseynov sosial şəbəkədə yazıb. Vəkil bildirib ki, məhkəmədə Nurayın bioloji atası Əvəz Bayramovun atalıq hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırılıb. Əvəz Bayramovun Bakıda yaşadığı, xəstəxanaların birində anestezioloq işlədiyi bildirilib.
Quba Rayon İcra Hakimiyyəti 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib. Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşad Əliyev
APA-nın yerli bürosuna bildirib ki, 2010-cu ildən uşağın mənafeyi, yaşayış şəraiti nəzərə alınaraq icra başçısının sərəncamı ilə onun xalası Mehriban Eldarovaya qəyyumluq hüququ verilib: "Daha sonra bioloji atasının məhkəməyə müraciəti əsasında qəyyumluq ləğv olunub. Hazırda qanunvericiliyə əsasən 10 yaşlı uşağın yenidən qəyyumluqla bağlı müraciəti zamanı uşağın özünün mövqeyi də nəzərə alınır. Bunun üçün qarşı tərəf yenidən məhkəməyə müraciət etməlidir. Mübahisəli məsələ olduğu üçün İcra Hakimiyyəti yox, məhkəmə bu barədə qərar verməlidir”.
Nurayın məsələsi ictimaiyyət üzvləri arasında da ciddi fikir ayrılığı yaradıb. Kimi atanı, kimi də icra məmurlarını günahkar hesab edir.
Emosiyalar səngidikdən sonra peşəkar yanaşma ortaya qoyulmalıdır
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, bu məsələni düşmənçilik mühitində deyil, hansısa optimal sülh yolunda həll etmək mümkün idi. Ekspertin sözlərinə görə, istənilən qanunu icra edən zaman etik davranış normaları mütləq şəkildə həyata keçirilməlidir: "Qubada baş verən hadisədə də məsələni kəskinləşdirməmək üçün əlavə resursları mütləq cəlb etmək lazım idi. Bütün məsələlərdə danışıqlarla, problemləri həll etmək olar. Tərəflərin hər ikisinin maraqları müəyyənləşdirilib, optimal variant ortaya qoymaq olardı. Təəssüf ki, ictimaiyyətdə atanı müdafiə edənlər və qınayanlar, eyni zamanda uşağı müdafiə, xalanı əmlak üstündə ittiham edənlər kimi bir çox rəylər ortaya çıxdı. Ona görə də bu rəylərin hamısını bir kənara qoyub, tərəflər arasında vəziyyəti qiymətləndirmək lazımdır. Nə baş verir? Real vəziyyət necədir? Niyə qanunu icra edənlər əlavə resursları cəlb etmədilər - kimi ortaya çıxan suallar araşdırılmalıdır. Belə situasiyalarda uşağın müstəqil rəy qəbul etməsi üçün onun mütəxəssislərlə birgə işləməsi vacibdir. Videodan görünür ki, uşaq qəti şəkildə hələ ki xalasının yanında qalmaq istəyir. Bu da təbiidir, çünki uşaq 10 yaşına qədər onun yanında böyüyüb və hesab edir ki, ən yaxşı mühit onun üçün xalasının yanıdır. Bilirik ki, Azərbaycan mühitində belə hallarda ata haqqında kifayət qədər xoşagəlməyən rəylər söylənilir. Xüsusilə də nəzərə alsaq ki, ana rəhmətə gedib, ata evlənib və hansısa səbəblərdən övladla görüşə bilməyib”.
Birlik rəhbəri hesab edir ki, bütün faktlar bir yerə toplanmalı və uyğun addımlar atılmalıdır, ancaq biz bir ildən sonra Nurayın vəziyyəti ilə bağlı qiymətləndirməni nəzərə almırıq: "Qanun deyir ki, qəyyum atadır. Ana olmadığı halda uşağın yeganə qəyyumu atası hesab olunur. Lakin qəyyumun bu hüququndan istifadə etməsi üçün mühit necə olub? Ola bilər ki, illərlə məhkəməyə vermək olsun, ancaq bu mühiti formalaşdırmaq olmasın. Burada uşaq taleyindən söhbət gedir. Çoxlu adamlar ortaya çıxdılar, ürəkləri yandı, gedib uşaqla görüşdülər. Ancaq 1 həftədən sonra bu olmayacaq və bu zaman Nurayla bağlı kifayət qədər işlər görmək lazımdır. Emosiyalar səngidikdən sonra peşəkar yanaşma ortaya qoyulmalıdır”.
İcra məmurlarının bu hərəkəti nə qanunvericiliyə, nə də insanlığa uyğundur
"Ali Məhkəmə Plenumunun qərarında, o cümlədən də Ailə Məcəlləsində göstərilib ki, uşağın mənafeyi üstün tutulmaqla onun valideynlərinin yanında qalmasına üstünlük verilir. Bu cür mübahisələr zamanı xala-bibi kimi qohumlar ikinci dərəcəli hesab olunur. 10 yaş məsələsinə gəldikdə isə onu deyim ki, yalnız valideynlər arasında baxılan işdə 10 yaşı tamam olan uşağın rəyi nəzərə alınır”. Bu sözləri isə " Şərq”ə açıqlamasında vəkil Adəm Məmmədov deyib.
Vəkilin sözlərinə görə, hadisənin bu qədər böyüməsinə və ictimai rezonans doğurmasına səbəb Quba rayon icra şöbəsinin icra məmurlarının qətnaməni bu formada icra etməsi olub ki, bu da onların qeyri-peşəkar olmasından xəbər verir: "Faktiki olaraq biz görüntülərdə icra məmurlarının öz vəzifə və səlahiyyətlərini aşmasına şahid olduq. Uşaqların alınıb-verilməsi ilə bağlı məhkəmə
qərarlarının icrası digər icra sənədlərindən fərqli olaraq çox həssas yanaşılmalı və həyata keçirilməlidir. Qanunvericiliyə görə, uşaqlarla bağlı qərarın icrası zamanı mübahisə yaranarsa, psixoloqun iştirakı zəruridir. Nuray adlı 10 yaşlı uşağa, qətnamənin icrası ilə əlaqədar icra məmurları tərəfindən bu cür davranılması insanlığa və məmura yaraşmayan bir hərəkətdir. Uşağın atasına verilməsi üçün profilaktik iş görülməli, tərəflərlə söhbət aparılmalı və ancaq ortaq razılıq əldə olunan zaman məhkəmə qərarının icrasına başlanılmalı idi. Uşağı ağlada-ağlada, məcburi qaydada almaq heç bir qərarda öz əksini tapmayıb. İcra məmurlarının bu hərəkəti nə qanunvericiliyə, nə də insanlığa uyğundur”.
Görünür, uşağın qəyyumu icra məmurlarının yarıtmaz fəaliyyətindən istifadə edərək, Nurayı atasından ayırmaq istəyir
Nuray Bayramzadənin qəyyumu Mehriban Eldarovanın Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədə Nurayın bioloji atası Əvəz Bayramovun atalıq hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldırılması tələbinə gəldikdə isə A.Məmmədov bu iddianın absurd olduğunu deyib. Onun sözlərinə görə, hər hansı bir insanın atalıq hüququndan məhrum edilməsi üçün ortada ciddi əsaslar olmalıdır:
"Ata uşağa qarşı hər hansı formada cinayət törədib, xəsarət yetirməyib. Alkoqollu içkilərdən əziyyət çəkən, yaxud da narkotik maddə aludəçisi deyil ki. Görünür, uşağın qəyyumu icra məmurlarının yarıtmaz fəaliyyətindən istifadə edərək, Nurayı atasından ayırmaq istəyir. Hadisənin tam detallarına bələd olmadığım üçün atanın müdafiəçisi kimi görünmək istəmirəm. Amma bir hüquqşünas olaraq, qanunun tərəfində dayanmaq mənim vəzifə borcumdur. Video-görüntülər ortaya çıxdığından bu yana hamı atanı günahkar hesab edib, onun əleyhinə danışır. Amma unutmayaq ki, bu adam atadır və onun öz uşağını görmək haqqı var. Hansı formada olur-olsun, bu adam öz uşağını istəyir. Bir daha təkrar edirəm ki, icra məmurlarının öz səlahiyyətlərini aşması səbəbindən məsələ ictimailəşdi və cəmiyyətin prosesləri yanlış yönə istiqamətləndirməsi nəticəsində ata haqlıykən, haqsız və qanunsuz durumuna düşdü. Birmənalı olaraq, atanı müdafiə etmirəm, ola bilər onun da hansısa maraqları və ya günahları var. Amma adam həkimdir və maddi durumu da pis deyil, üstəlik, vaxtlı-vaxtında da uşağının alimentini ödədiyini deyib.
Düzdür, Nurayın xalası əksini iddia edir, lakin bu da təbiidir. Dədə-babadan bizdə belədir ki, boşanma zamanı qız evi deyir, oğlan narkomandır. Oğlan evi də iddia edir ki, gəlin düzgün yolun yolçusu deyildi. Çox nadir hallarda Azərbaycanda mədəni boşanma olur. Nəysə, sözümün canı odur ki, məhkəmə qərarının icrası zamansı baş verən xoşagəlməz hadisələr ataya qarşı qıcıq yaratdı. Bizim cəmiyyət elə bir təfəkkürə sahibdir ki, istənilən hadisə ilə bağlı emosiyaya qapılır. Uşağından imtina edən atanı da ittiham edib, sosial şəbəkələrdə söyürük, uşağı üçün mübarizə aparanı da. Bu adam neçə illərdir qızını yanına almaq üçün məhkəmə qapılarında sürünüb. Atadır, haqlı olaraq qızının yad kişinin, bacanağının evində böyüməsini istəmir. Amma insanlar onu başa düşmür, ya da düşmək istəmir. Əslində bizim cəmiyyət heç vaxt hadisənin kökü ilə maraqlanmır, onların diqqətini ancaq aysberqin üzdə olan tərəfi çəkir. Məhz bu səbəbdən də hər sahədə problemlə üzləşirik. Nurayın atasını istəməməsi, ondan qorxmasını isə o qədər də böyütməyə gərək yoxdur. Burada söhbət 10 yaşlı uşaqdan gedir. Uşaq psixologiyası elədir ki, o kimin yanında qalsa, ona öyrəşir və onun dediklərini həqiqət kimi qəbul edir”.
Şəymən