Bilal İsmayılov: "Hazırlıq kurslarında “bu mənim əmim oğludur”, “bu xalam oğludur” prinsipi ilə hərəkət edilsə, obyektivlik olmasa, nəticə də olmayacaq "
"Xaricə gedən tələbələrimizin çoxu Fransa universitetlərinə götürülürdü və buna heç bir hazırlıq kursu lazım olmurdu".
Bunu Sherg.az-a universitetlərin tərkibində yaradılacaq hazırlıq kurslarının əhəmiyyətindən danışarkən filologiya elmləri doktoru, professor Bilal İsmayılov deyib. O bildirib ki, xarici mütəxəssislər tələbəni yoxlayır, müəyyən biliyə sahib olduğunu gördükdən sonra Fransada təhsilini davam etdirməyə şərait yaradırdılar:
"Bizdə xüsusilə dil fakültələri üçün bu hazırlıq kurslarının xeyri var. Mənə 16 nəfərlik qrup verilmişdi və onlardan heç biri orta məktəbdə fransız dili keçməmişdi. Ərəb, rus, ingilis və s. dillərini öyrənib, qəbul imtahanı verən tələbələr idi. Belə olan halda yeni dilin tədrisi həm tələbə üçün, həm də müəllim üçün çətin olur.
Çünki biz burada xüsusi proqram tərtib etməli, buna görə Təhsil Nazirliyindən icazə almalıyıq. Ona görə, biz fransız dilini orta məktəbdə öyrənmiş tələbələr üçün hazırlanan proqramla davam etdik. Bu isə yaxşı nəticə vermir. Əslində həmin tələbələrin çoxu digər fakültələrə balı çatmadığına görə, bu ixtisası atanlar idi. Elə uşaqlar var idi ki, tarix, dil-ədəbiyyat və s. fakültələrə yazıb, balı çatmadığına görə, bu ixtisasa düşdüyünü deyirdi. Onlar 200-250 balla qəbul olunan tələbələr idi və diplom almaq xatirinə oxuyurdular. Onlar istədikləri fakültələrə düşə bilmədiklərinə görə, dərslərə də həvəslə yanaşmırdılar.
Xarici dili hər kəsə öyrətmək olar, lakin nə qədər? Bir var ki, mükəmməl mütəxəssis yetişdirmək, bir də var sadəcə müəyyən hissələri öyrətmək. Ona görə hazırlıq fakültələrinin olması bizə müsbət təsir göstərə bilər. Məsələn, 6 ay hazırlıqda oxusalar, onlara müəyyən vacib bilikləri öyrədə bilərik. Sonradan isə azacıq da olsa dəyişiklik etməklə xarici dili tədris etmək olar. Bu şəkildə nəzərdə tutulursa, hazırlıq kursları müsbət addımdır”.
Hazırlıq kurslarının yaradılmasından sonra "görüm-baxım” məsələsinin ortaya çıxacağını vurğulayan professorun sözlərinə görə, bu yolla kimsə müəyyən şəkildə tanıdığı şəxslərə köməklik göstərə bilər:
"Bu cəmiyyətin bəlasıdır. Əgər elə olsa heç bir cəhətdən xeyri olmayacaq. Tələbə hazırlıq kursuna daxil odluqda gərək qiymətini dəqiq verəsən. Bu tələbənin özünə də xeyirdir ki, gələcəkdə həmin sahədə biliyini artıra bilsin.
Hazırlıq kurslarının yaradılmasından sonra müəllim də əmin olacaq ki, onun qarşısında müəyyən hazırlığı olan tələbə oturub. Lakin hazırlıq kurslarında "bu mənim əmim oğludur”, "bu xalam oğludur” prinsipi ilə hərəkət edilsə, obyektivlik olmasa, xeyri olmayacaq”.
Vaxtilə "rakfak” deyilən 7-8 aylıq kursların mövcud olduğunu diqqətə çatdıran professor bildirib ki, həmin kurslar cəmiyyətə böyük xeyir verib:
"Mən özüm müəyyən müddət həmin kurslarda işləmişəm. Bir çox istedadlı tələbələr "rakfak”dan keçib, qəbul olunmuşdu. Sonradan onlar özünü inkişaf etdirib, yüksək biliyə sahib insanlara çevrildilər.
"Rakfak” əslində "fəhlə fakültəsi” idi. Onun əsl adı hazırlıq şöbəsi idi. Həmin şöbə Mərkəzi Komitənin birbaşa nəzarətində fəaliyyət göstərirdi və onun müdirlərini birbaşa nazirlik təyin edirdi. Həmin şöbədə ciddi nəzarət hökm sürürdü. İmtahan vaxtı və adi hallarda tələbələrin sənədləri dəqiqliklə yoxlanılırdı. Həmin kurslar Sovet dövrünün planı olsa da müsbət fəaliyyəti olan qurumu saxlamaq olar. Ona görə yenə qeyd edirəm ki, əgər güclü nəzarət təmin olunarsa, tələbələrin göstəriciləri daha obyektiv olacaqdır. Həmin "rakfak”ları bitirən tələbələr buraxılış imtahanı verirdilər və onun nəticələrinə uyğun ali məktəblərə qəbul həyata keçirilirdi. Ona görə, kasıb insanların uşaqları birbaşa universitetə daxil olurdular.
Belə variantları nəzərə aldıqda hazırlıq kurslarının daha səmərəli fəaliyyətini təşkil etmək mümkündür. Həmin kursları da bitirdikdə buraxılış imtahanlarının nəticələrinə uyğun birbaşa universitetə qəbul həyata keçirmək olar”.
Ayyət Əhməd