Əliməmməd Nuriyev: “Mən də bu iradlarla razıyam ki, Azərbaycanda məhkəmələr daha çox azadlıqdan məhrumetmə cəzaları təyin edirlər”
Həbsxanalarda sıxlıq var
Dövlət hər bir məhkuma il ərzində 4 min manat xərcləyir
Əliməmməd Nuriyev: “Mən də bu iradlarla razıyam ki, Azərbaycanda məhkəmələr daha çox azadlıqdan məhrumetmə cəzaları təyin edirlər”
Əliməmməd Nuriyev: “Mən də bu iradlarla razıyam ki, Azərbaycanda məhkəmələr daha çox azadlıqdan məhrumetmə cəzaları təyin edirlər”
Son vaxtlar Azərbaycanda Cinayət Məcəlləsindəki sanksiyalarla bağlı islahatların aparılması məsələsi ciddi müzakirə predmetinə çevrilib. Bir müddət öncə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadənin qaldırdığı məsələ yenidən Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov tərəfindən gündəmə gətirilib. Mövcud problemlə bağlı geniş köşə yazan Yadigar Sadıqov qeyd edib ki, Avropa Şurası 2014-cü il üzrə Avropa ölkələrinin həbsxanaları haqqındakı məruzəsini açıqlayıb və sənəddə Azərbaycanda 22579 və ya hər 100 min nəfərə 238,2 məhbus olduğu göstərilirdi. Müqayisə üçün bu rəqəm Ermənistanda 3979 (hər 100 min nəfərə 132), Gürcüstanda isə 10233 (hər 100 min nəfərə 228) dustağa bərabərdir. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına görə ölkəmiz Avropada 4-cü yeri tutur.
Cəzaların icrası məcəlləsinə görə, hər məhkuma istər təcridxanada, istərsə də cəzaçəkmə müəssisəsində 4 kv metr ( müalicə müəssisələrində 5 kv metr) yer düşdüyünü vurğulayan başqan müavini deyib ki, limit təyin olunarkən bu amil heç də nəzərə alınmır: "14 saylı müəssisədə dəhşətli bir sıxlıq yaranıb. Hər dustağa heç 2 kv metr də düşmür. Qapı, pəncərələrin çox vaxt bağlı olduğu qış aylarında bu sıxlıq xüsusən çəkilməz olur. Ədalət naminə deyim ki, bunu müəssisə rəhbərliyinin günahına yazmaq doğru olmazdı. Limiti onlar təyin etmirlər. Təyin olunubsa da, yeni dustaqların qəbulundan imtina edə bilməzsən. Baxmayaraq ki, müəssisənin yaşayış sahəsi 1050 dustağın hərəsinə 4 kv metr ayırmağa imkan vermir. Əsas problem
məhkəmələrdədir. Çünki insanları həbsə göndərən instansiya onlardır. Həbs edilən isə haradasa saxlanılmalıdır.” Penitensiar Xidmətin bütün müəssisələrinin ağzına qədər dolu olduğunu deyən Y.Sadıqovun sözlərinə görə, hər yerdə sıxlıq yaşanır, məhkumların hüquqları pozulur.
Müsavat başqanının müavini hesab edir ki, gələcəkdə ev dustaqlığı təkcə qəti imkan tədbiri kimi deyil, cəza növü kimi də tətbiq edilə bilər. Bir çöx ölkələrdə belə təcrübə mövcuddur. Bəzi maddələr CM-dən çıxarılmalıdır. Xüsusən azyaşlılara və qadınlara münasibətdə həm qəti imkan tədbiri, həm də cəza növü kimi həbsdən qanunların verdiyi imkanlar daxilində maksimum dərəcədə yayınmaq lazımdır. Həbsə islah aləti, həbsxanaya isə islah yeri kimi baxmaq kökündən yanlışdır. Bura sadəcə cəzaçəkmə yeridir. Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin, eyni zamanda Əfv Məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev də həbsxanalardakı sıxlığın kifayət qədər ciddi problem olduğunu deyib: "Cəzaçəkmə müəssisələrində monitorinq aparan bütün hüquq müdafiəçiləri də təsdiqləyir ki, cəzaçəkmə müəssisələrində sıxlıq var. Amma son illərdə cəzaçəkmə müəssisələrində sıxlığın azalması yönündə ciddi dinamika da var. Bəzi cəzaçəkmə müəssisələrindəki mövcud sıxlıq isə həmin cəzaçəkmə müəssisələrinin konstruksiyası ilə bağlıdır. Cəzaçəkmə müəssisələrinin bir çoxları inqilabdan əvvəl tikilib. Bəziləri isə başqa profilli binalar idi, sonradan cəzaçəkmə müəssisələrinə çevrilib. Amma etiraf etməliyik ki, son illərdə çəzaçəkmə müəssisələrində məhkumların yaşayış şəraiti xeyli dərəcədə yaxşılaşıb. Hətta həbsxanaların bir neçəsində mərkəzi istilik sistemi quraşdırılıb. Son illər məhkumların keyfiyyətli qida və qab-qacaqla təminatında çox əhəmiyyətli dəyişikliklər baş verib. Təmizliyə ciddi fikir verilir. Bu da mühüm irəliləyişlərdən biridir. Mərkəzləşmiş qaydada olmasa da, sərinləşdirici vasitələrdən istifadə edilir. Yeni cəzaçəkmə müəssisələri tikilir və bu konstruksiyaya əsaslanan sıxlıq da tamamilə aradan qalxacaq. Hesab edirəm ki, Gəncədə və Lənkəranda tikilən cəzaçəkmə müəssisələri istifadəyə verildikdən sonra sıxlıq nisbətən azalacaq”.
Ə.Nuriyevin sözlərinə görə, sovet dövründə adambaşına düşən sahə çox aşağı olub. Sonradan Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılaraq hər məhkum üçün 4kv metr yer müəyyənləşdirilib. Hansı ki, Avropada bu rəqəm 7 kv metrə qədərdir. Hüquq müdafiəçisi bizdə yeni tikilən cəzaçəkmə müəssisələrinin də məhz Avropa standartlarına uyğunlaşdırıldığını qeyd edib.
Cəza siyasətinə yenidən baxılması gərəkdiyini vurğulayan ekspert deyib ki, ağır olmayan cinayət əməllərinə görə təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar verilməlidir: "Mən də bu iradlarla razıyam ki, Azərbaycanda məhkəmələr daha çox azadlıqdan məhrumetmə cəzaları təyin edirlər. Bu isə cəzaçəkmə müəssisələrinin əlavə yüklənməsinə gətirib çıxarır. Cəzaya qənaət prinsipi olmalıdır. Hər cinayətə görə həbs cəzası vermək olmaz. Dövlət hər bir məhkuma il ərzində 4 min manatadan çox vəsait xərcləyir. Bəzi ölkələrdən olan elə məhkumlar var ki, Azərbaycanda təcridxanada qalmaq istəyir, öz ölkəsinə qayıtmaq fikri yoxdur. Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Gürcüstanda və Ermənistanda bu rəqəm daha azdır, amma Rusiyada və ABŞ-da daha çoxdur. Maksimum dərəcədə alternativ cəzalar tətbiq edilməlidir”. Bu sıxlığın qarşısını almaq üçün Penitensiar Xidmətin gördüyü əhəmiyyətli işlərə diqqət çəkən hüquq müdafiəçisi deyib ki, vaxtından əvvəl şərti azadetmə institutunun daha səmərəli tətbiqi ilə bağlı Komissiya yaradılıb və bu komissiyanın üzvləri mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkib, ayrı-ayrı məhkumların şərti azadlığa buraxılması ilə bağlı müsbət rəy hazırlayır: "Həmin Komissiyanın tərkibində qeyri-hökumət təşkilatlarının nümayəndələri də var. Bu müzakirələr zamanı hər bir məhkum dinlənilir və onların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı işlər məhkəməyə göndərilir. 3 ilə yaxındır ki, bu sistem fəaliyyət göstərir və 4 minə yaxın məhkumun vaxtından əvvəl azadlığa buraxılmasına və cəzasının yüngülləşdirilməsinə nail olunub. Buna paralel olaraq məhkəmələr tərəfindən alternativ cəzaların tətbiqinə nail olmalıyıq. Bu zaman həm Penitensiar Xidmətin yükü azalar, həm də dövlətin vəsaitlərinə qənaət edilər. Bir amili də nəzərə almalıyıq ki, həbsxanadan azad olunan insanların mülki həyata uyğunlaşması xeyli vaxt aparır. Məhkəmələr ağır olmayan cəzalarla bağlı həbs-qətiimkan tədbiri seçmək adətini tərgitsələr, çoxsaylı insanlar bu problemlə üzləşmək məcburiyyətində qalmazlar”.
Şəymən