Heç bir sosial layihə təxirə salınmayıb
Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur
Əksər xarici ölkələrdə iqtisadi böhranın geniş yayılmasına baxmayaraq, Azərbaycanda sosial layihələrin icrası sürətlə davam etdirilir. Nəzərdə tutulan bütün iqtisadi proqramlar reallaşdırılır. İqtisadi çətinliklərə rəğmən heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, əmək haqları, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılıb. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir.
Son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurla davam etdirilib. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub. Şübhəsiz ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib.
Mühüm uğurlar əldə olunub. Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunaraq icra edilib. Məhz sözügedən layihələr və proqramların icrası nəticəsində Azərbaycanda işsizliyin səviyyəsi minimuma endirilib. Sosial layihələrin icrası nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb. 1,5 milyondan artıq yeni iş yeri açılıb, nəticədə son 14 il ərzində yoxsulluğun səviyyəsi 5 faizə enib. Ölkədə həyata keçirilən sosial layihələr bununla bitmir.
Eyni zamanda Azərbaycan vətəndaşının sosial rifahının yüksəlməsinə xidmət edən infrastruktur yaradılır, obyektlər inşa edilir. Məlumat üçün qeyd edək ki, son illərdə ölkədə üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib. Şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilib. Paralel olaraq ölkə əhalisinin bütün kommunal problemləri həllini tapıb.
Ölkənin sosial infrastrukturunun yaradılması da dövlətin diqqət mərkəzində olub. Uzun illər qaz üzünə həsrət qalan kənd və rayonlarda qazlaşdırma aparılıb. Vaxtı ilə xaricdən qaz alan ölkəmiz indi bir sıra inkişaf etmiş dövlətlərin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Azərbaycanda qazlaşdırma 92 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də qaz xətləri çəkilir.
Həmçinin, son illər ərzində on min kilometrdən artıq yol çəkilib. Vaxtı ilə Azərbaycanın magistral yolu yox idi. Artıq ucqar kənd rayonlarına belə yeni yolların çəkilişi reallaşdırılır. Konkret olaraq 11 min kilometrdən çox avtomobil yolu tikilib. Təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Həmçinin, içməli su layihələri bir çox şəhərlərdə icra edilib, indi vətəndaşlara 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Regionlardan Bakıya yeni su xətti çəkilib. Paytaxtın fasiləsiz su təminatı 80 faizə çatıb. Regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Bundan başqa, 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Əhalinin sosial rifahına xidmət edən əmək haqqı və pensiyaların artırılması da diqqət mərkəzində saxlanıb. Ötən müddət ərzində maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni evlərə köçürülüb.
Bununla yanaşı, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Bu isə o deməkdir ki, artıq ölkədə sosial infrastruktur yaradılıb. Hazırda da bu kimi çoxsaylı sosial layihələr davam etməkdədir. Çünki qarşımızda Azərbaycanı sosial dövlətə çevirmək məqsədi var. Artıq bu qənaətə gəlmək olar ki, ölkədə aparılan iqtisadi islahatlar nəticəsində sosial müdafiə siyasətini davam etdirmək mümkün olacaq. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub.
Məhz dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə həyata keçirilən çoxsaylı sosial layihələr və dövlət proqramlarının icrası təmin edilib. Sözügedən layihələrdə qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, yerinə yetirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Azərbaycan vətəndaşı daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi olur. Bütün sadalananlar deməyə əsas verir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır. Onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Milli Məclisin deputatı Musa Quliyev deyib ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır:
"Ölkənin iqtisadi gücünün davamlı olaraq artması və daxili sabitliyin yüksək səviyyədə təmin olunması sosial sferanın inkişafı baxımından xüsusi ilə aktuallıq daşıyır. Məhz sabit cəmiyyətlərdə ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi naminə səmərəli şəkildə istifadə olunur. Bu baxımdan Azərbaycanın modeli dünya üçün nümunə sayıla bilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkəmizi fərqləndirən cəhətlərə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır.
Ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir. Eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Əlbəttə ki, davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyev bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir”.
İsmayıl