Heç kim 10 min xərcləyib klip çəkdirmək istəmir

Azərbaycan şou-biznesində son bir ildə əməlli-başlı sükut yaranıb



Azərbaycan şou-biznesinin bir vaxtlar dolub-daşan, qaynayan dönəmi vardı. Nə qədər şou-biznes Azərbaycanda yoxdu desək də, əslində illər öncə yaranan, özünü göstərməyə çalışan şou-biznes az da olsa, var imiş. Bu şou-biznesin rəqabət qazanında qaynayanlar, bu qazanı qarışdıranlar, ona çömçə olanlar, içində əriyib yox olanlar da olub.

Əsas odur ki, şou aləmin qazanı qaynayırdı. Hərçənd qazan qaynadıqca, qalmaqallar da çox olurdu, qeybət edən də, söhbət edib danışan da. Çünki söhbət edib, danışmağa bir mövzu səbəb olurdu. Danışılanda da rəqabət özünü göstərirdi. Paxıllıq öz yerində, bu, sənət aləminin "duz”u sayılır. Paxıllıq olmasa, yəqin ki, şou aləminin marağı da olmazdı. Amma ən önəmlisi o idi ki, Azərbaycan səhnəsində, şou aləmində canlanma yaşayırdı. Hərə bir şəkildə işini, bacarığını, yeniliyini nümayiş etdirməyə çalışırdı. Düzdü, bacarıq, istedad hər kəsdə çox olmasa da, ən azı rəqabət üçün bir iddia hiss olunurdu.

Şou aləmində müğənnilər əməlli-başlı biri-biri ilə açıq rəqabət aparırdılar. Klip bazarında ən bahalı klip çəkdirən də olurdu, ən bahalı klipmeykerlə iş görən də. Hər halda bir reallıq var idi. Sənətə gələn, istedadı olan da, olmayan da, səsi çıxan da, səsi olmayan da səhnə üçün yenilik etməyə can atırdı. Qonşudan qalma geri prinsipinə söykənsələr belə, hamı çalışırdı ki, təqdim etdiyi layihə, klip, ekran əsəri ən maraqlı olsun. Səbəb nə olsa da, nəticə önəmli idi. Sənət aləmində, şou-biznesdə bekar oturan az olurdu, il ərzində yeniliklərin sayı çox idi. Keyfiyyətli işlə zəif yaradıcılıq işini müqayisə etmək imkanı yaranırdı. Şou aləminin ən maraqlı məqamlarından biri də müzakirə idi. Klip təqdimatlarında media fikirlərini dilə gətirirdi, jurnalistlərin sualları, tənqidləri səslənirdi. Müğənnilər klip təqdimatına hazırlaşarkən həyəcan hissi ilə yanaşı, məsuliyyət hiss edirdilər. Bu məsuliyyət təkcə müğənniyə təsir etmirdi. Klipin ərsəyə gəlməsində rolu olan rejissor da, operator da çalışırdı ki, ortaya çıxan ekran işi keyfiyyətli olsun. Elə ona görə də 10 il əvvəl klip təqdimatlarında klipmeykerlərin nə dərəcədə peşəkar olub-olmadığı ictimaiyyətə çatdırılırdı. Hətta operator işində uğurlu imzalar tanınırdı. Müğənnilər də çalışırdı ki, jurnalistlərin, mətbuatın peşəkar kimi qəbul etdiyi insanlarla iş birliyi qursun. Klip bazarında brend imzaların müəllifləri yaranmışdı. Müğənni şou aləminə qədəm qoyanda çalışırdı ki, təqdim etdiyi ilk klipinin müəllifləri tanınmış klipmeykerlər, operatorlar olsun. Çünki zəif rejissor işini dərhal tənqid atəşinə tuturdular.

Bəs bu gün Azərbaycan şou-biznesinin durumu necədir? Şou-biznesimiz nə ilə maraq yarada bilir?

Nə qədər təəssüf yaratsa da, Azərbaycan şou-biznesində son bir ildə əməlli-başlı sükut yaranıb. Sənət almində sanki hamı gözləmə mövqeyi tutub. Heç kim seçilmək istəmir. Heç kim yeni işlə meydana çıxıb "Bu mənim əməyimin məhsuludur, müzakirə edin” deməyə cəsarət tapmır. İl ərzində bir müğənni bir neçə klip çəkdirirdisə, indi il ərzində bir klip çəkdirən yoxdu. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər hardasa göz qabağındadır. Ümumilikdə iqtisadi, sosial problemlər şou-biznesə də təsirini göstərmiş olub. Subyektiv səbəblər isə çoxdur. Müğənnilər çox zaman klip çəkməmələrinin, yeni iş ortaya qoymadıqlarını bir səbəblə izah edirlər. Bu gün toyların sayı çox azalıb, üstəlik, toydan gələn gəlirdən böyük məbləğdə vergi ödəməli olurlar, ona görə də klipə pul xərcləməyə hər kəs maddiyyat tapmır. Yaxşı sosial çətinlikləri, vergi ödənişlərini, toyların azalmağını başa düşürük. Amma sənətə gələn insanın yeniliyi yoxdursa, onun səhnədə duruşu nə qədər çəkə bilər. Axı tamaşaçıda müğənniyə, sənətçiyə qarşı bir tələbat, bir maraq olmalıdır. Müğənni iki ildə toyda da, efirdə də bir mahnını dönə-dönə fonoqramla oxuyursa. Yeni heç nə təqdim etmirsə, ona necə maraq ola bilər? Sənət aləmi yeniliyi, dinamikanı sevir. Bizim şou-biznes isə sanki qışda yuxuya gedən ayını xatırladır. Hamı yatıb, heç kim yenilik etmir. Efirlərdə maraqlı ifa görmək mümkün deyil, Teleməkanımızda klip paradlara, klip saatlarına rast gələ bilmirik. Əslində maraqlı nə var ki, nə də göstərə bilək. On il əvvəl müğənni çəkdirdiyi klipdə ifası ilə yanaşı, aktyor bacarığını, potensialını nümayiş etdirdi. Kliplərdə süjet xətti olurdu, tamaşaçını maraqlandıran nüanslar özünü göstərirdi. İndi isə sanki o şou-biznesdən heç nə qalmayıb. Kobud səslənsə də, lələ köçüb, yurdu qalıb sanki Azərbaycan şou-biznesində.

Vaxtilə Azərbaycanın bir çox tanınmış müğənniləri var idi ki, mətbuat onların təqdimatlarını həvəslə gözləyirdi, maraqla o mərasimə qatılmağa can atırdı. Çünki təqdimatlarda müğənninin iddiası, istəyi, əməyi özünü sübut edirdi. Xalq artisti Faiq Ağayevin silsilə çəkdirdiyi kliplər var idi ki, hərəsi bir filmin ssenarisini xatırladırdı. Qızıl şlyagerin çox tanınmış klipmeykeri Ülviyyə Könülün film xarakterli klipləri medianın gündəmini zəbt edirdi. Aygün Kazımovanın çəkdirdiyi bir çox səs-küylü klipləri günlərlə müzakirə mövzusu olurdu. Zülfiyyə Xanbabayevanın Fuad Əlişovla ardıcıl işbirliyi olan kliplərində yeni izlər, yeni üslublar axtaranlar olurdu. Kliplərdə obraz, ifa tərzi, aktyor bacarığı, keyfiyyətli rejissor işi sözünü deyə bilirdi. Ən önəmlisi sənətçidə məsluliyyət hissi hökm sürürdü. Yeni işlə medianın marağını özünə çəkə bilmək iddiası görünürdü.

Təəssüf ki, bu gün Azərbaycan şou-biznesində sükut yaşanır. Sanki Aygün Kazımova illər öncə "Qoy işığı söndürüm” deyəndə sanki bu günü nəzərə alıb şou aləmini yuxuya göndərmiş olub. Azərbaycan şou-biznesi elə yatıb ki, heç kim oyanıb bu sükuta son qoymaq, bu sükutu pozmaq cəsarəti tapmır. Hərdən efirlərdə bir-iki mahnı oxumaq, il ərzində 5-10 toyda görünmək hələ şou aləminin varlığından xəbər vermir. Müasir dönəmdə şou aləmi qaynamalıydı. Sənət aləmində rəqabət çox aşkar şəkildə özünü göstərməliydi. Toyda mikrofon üstündə dalaşmaq da, biri-birinə söz atmaq dönəmi də əslində çoxdan keçib. İndi yeni musiqilər o rəqabəti əvəzləməli idi. Texnikanın bu qədər inkişaf etdiyi bir dönəmdə, imkanların bu qədər çox olduğu zamanda niyə sənət aləmində olanlar sükut ediblər? Bu gün müxtəlif konsert proqramları, maraqlı səhnə tərtibatı ilə tamaşaçıları təəccübləndirmək mümkün olduğu halda müğənnilər niyə bundan istifadə edə bilmir? Çox güman ki, bir çoxları bunun sənətə xəsislik etməklə əlaqələndirir. Heç kim toydan əldə etdiyi gəliri sənətə tökmək istəmir. Hamı çalışır ki, bu gün əlinə düşən fürsətdən istifadə edərək sabah üçün 5-10 manat kənara vəsait qoya bilsin, əlavə daşınmaz əmlak sahibi olsun. Bir də sənətçilər yavaş-yavaş bizneslə də məşğul olmağa başlayıblar. Bir sözlə, sənət də, səhnə də arxa planda qalıb. Heç kim əlində olanı klipə, konsertə, layihəyə xərcləməyi düşünmür.

Klipmeyker Fuad Əlişov "Şərq”ə açıqlamasında maraqlı fikirlər dilə gətirdi: "Nə qədər qəribə səslənsə də, Azərbaycan şou-biznesi 10 il əvvəl daha keyfiyyətli və canlı görünürdü. Bu gün olan imkanlar bəlkə dünən olsaydı, daha böyük maraqlı layihələri həyata keçirmək mümkün idi. Bu gün isə həqiqətən şou-biznesin varlığı hiss olunmur. Klipə gəlincə, bizdə klipə tələbat qalmayıb. Bir var maraq, bir var tələbat. Əslində maraq var. Amma müğənnilərin klip çəkməyə tələbatı görünmür. Heç kim 10 min pul xərcləyib klip çəkdirmək istəmir. Toydan bir-iki görüntüsünü telefonda çəkib yutuba yerləşdirirlər. Bununula da işlərini bitmiş sayırlar. Azərbaycan şou-biznesində bir neçə müğənnini çıxmaq şərti ilə heç kim professional səhnə üçün çalışmır. Demək olar ki, klip üçün müraciət edən də olmur. Çünki müğənnilər sənətə pul xərcləməyə xəsislik edirlər. Klip çəkmək üçün heç kim pul xərcləmək istəmir. Əvvələr az-çox şou-biznesin varlığı hiss olunurdu. Bu gün mən Azərbaycan şou-biznesini görə bilmirəm. Təzələr heç nə etmir, köhnələr də sanki yorulmuş kimidilər, sükut yaranıb həqiqətən”.

Klipmeyker, vaxtilə müğənnilərin arzuladığı rejissor Ülviyyə Könül də təəssüfünü dilə gətirdi: "Mən bu gün klip bazarından uzaq qalmışam. Düzünü desəm, daha ciddi ekran işləri ilə bağlı təkliflər almışam. Amma maraqlı müğənnilərdən təklif gəlsə, yenə düşünə bilərəm. Sadəcə bu gün Azərbaycan şou-biznesində görə biləcəyim heç nə yoxdu. Yaradıcılıq adına heç nə qalmayıb. Şou aləmində maraq yaradan müğənni də yeni sənətçilər içində görmürəm. Nə bilim, əvvəllər fərqli idi. Əvvəl rəqabət var idi. Müğənnilər çalışırdı ki, maraqlı kliplərlə seçilsinlər. İndi heç kim klip çəkdirmir. Çəkdirilən kliplər də göz qabağındadır. Bir günə, keyfiyyətsiz çəkilən klipi izləmək isə bu günün tamaşaçısına maraqlı deyil. Şou-biznes maraqsız olub. Biznesdən çox bazarı xatırladır. Bəlkə mən belə görürəm, bilmirəm. Azərbaycan şou-biznesinin səsi gəlmir. Biz faktiki olaraq yox olan şou-biznesdən danışırıq”.

Tahirə Məmmədqızı