Hədəfdə Nalbandyandır

Sarkisyan özünün toxunulmazlığını qorumaq üçün kimlərisə qurban verəcək



Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən uzaqlaşdırıla bilər. Bu barədə Ermənistanın "Qraparak” qəzeti yazıb. Məqalədə bildirilir ki, Prezident Serj Sarkisyan yeni kadr dəyişikliyi aparmaq niyyətindədir: "O, xarici işlər naziri vəzifəsini prezident administrasiyası rəhbəri Viqen Sarkisyana həvalə etmək fikrindədir. S.Sarkisyanın V.Sarkisyanı XİN rəhbəri təyin edəcəyi ilə bağlı əvvəllər də xəbərlər yayılırdı. E.Nalbandyanın Fransaya səfir göndəriləcəyi ehtimal olunur. Prezident Administrasiyasının yeni rəhbəri kimi isə Milli Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qevorkyanın adı çəkilir. O, 2006-2008-ci illərdə Robert Koçaryan dövründə prezident administrasiyası vəzifəsini icra edib.

Ermənistandakı kadr dəyişikliyini dəyərləndirən politoloq Tofiq Abbasov "Şərq"ə söyləyib ki, separatçı ölkədə yaşananlar siyasi böhranın acı nəticələridir. Ümumiyyətlə, Serj Sarkisyan hakimiyyəti sözün əsl mənasında qondarma hakimiyyətdir: "Sarkisyan Koçaryanla birgə hərbi çevrilişlə hakimiyyətə gəldikdən sonra onların komandalarında güclü adam yox idi. Əlbəttə, ilk 8 ili Koçaryan apardı. Ondan sonra S.Sarkisyan gəldi. O vaxt S.Sarkisyanın xarici işlər naziri postuna başqa bir namizədi vardı. Ancaq xaricdən E.Nalbandyan Ermənistana XİN başçısı kimi sırındı. Sarkisyan da onunla razılaşmalı oldu".

Ekspertin qənaətincə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə, çox böyük sıxıntılar yaşayır: "Təcavüzkar ölkə anlayır ki, geriyə yol yoxdur. Kompromislər qaçılmazdı. Azrbaycanın ərazilərini qeyd- şərtsiz qaytarmalıdırlar. Burda başqa bir məsələ də var. S.Sarkisyan özünün toxunulmazlığını qorumaq üçün kimlərisə qurban verəcək. İlk növbədə E.Nalbandyanın yarıtmaz fəaliyyətini ortaya atacaq. Sarkisyan cəmiyyətin sadəlövh təbəqəsinin fikrini başqa səmtə yayındırmaq üçün belə bir məsələyə yol verə bilər. Bu məlumat erməni mətbuatına sızıbsa, deməli, məsələ hazırlanır".

Ayyət Əhməd